Hadrutda saxlanan ermənilər “terrorçu” sayılmadılar
Qraç Avakyan və Geğam Serobyana 4 il, digər təqsirləndirilənlərə isə 6 ay həbs cəzası kəsilib.Hadrut meşələrində saxlanılan və hazırda Bakıda mühakimə olunan Ermənistan vətəndaşlarından bir qrupunun işi üzrə məhkəmə istintaqı yekunlaşıb. İyulun 2-də Bakı Ağır Cinayətlər Məhkəməsində bu barədə qərar elan edilib. Söhbət hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə mühakimə olunan 14 nəfərin işindən gedir.
İstintaq zamanı təqsirləndirilən şəxslərə Azərbaycan Cinayət Məcəlləsinin 214 (terrorçuluq), 228 (qanunsuz silah-sursat saxlama), 279 (qanunsuz silahlı birləşmələr yaratma və ya onların tərkibində iştirak edib basqınlar törətmə) və 318-ci (Azərbaycanın dövlət sərhədini qanunsuz keçmə) maddələri ilə ittihamlar verilib.
Prokuror çıxış edərək digər ittihamlara xitam verilməsini, Ermənistan vətəndaşlarının yalnız CM-in 318-ci maddəsi ilə təqsirli bilinib cəzalandırılmasını təklif edib. O, təqsirləndirilən şəxslərdən
Qraç Avakyan və
Geğam Serobyanın 5, qalan 12 nəfərin isə 2 il azadlıqdan məhrum edilməsini istəyib. Ardınca vəkillər çıxış edib, təqsirləndirilənlər son sözlərini deyiblər.
Tarix: 3-07-2021, 07:20