İyulun 6-da saat 17:50 radələrində Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstələri tərəfindən Azərbaycan Ordusunun Ağdam rayonunun Əliağalı kəndi istiqamətində yerləşən bölmələri atəşə tutması, atəş nəticəsində yol təkmilləşdirmə işlərinə cəlb olunan hərbi qulluqçumuz baş gizir Dadaşov Sakit Əhliman oğlunun yaralanması, birmənalı olaraq Ermənistanın münaqişəni yenidən alovlandırılmasına cəhdi kimi dəyərləndiririlməlidir. Hadisənin üstündən 16 saat keçməsinə baxmayaraq, Rusiya sülhməramlı qüvvələrinin komandalığı, onların nəzarət etdiyi ərazidə baş verən hadisə ilə bağlı münasibət bildirməyib. Ümumiyyətlə ruslardan real hadisələrə münasibət almaq çətinləşib. Nə “İskəndər-M” raketinin tətbiqinə, nə də ermənilərin xəritələri keçən il Lavrova verməsinə dair Rusiya kəlmə kəsmək istəmir. Bu dəfə isə vəziyyət daha kritikdir.
Dünən Ermənistan Müdafiə Nazirliyinin günorta saatlarında Azərbaycanla dövlət sərhədində atəşkəsin pozulması, hadisə nəticəsində bir erməni və iki azərbaycanlı hərbçinin yaralanması barədə verdiyi açıqlama, əslində növbəti təxribata hazırlıq məqsədi daşıyırdı. Bu insidentlə bağlı Azərbaycan Müdafiə Nazirliyi Ordumuzun bölmələri tərəfindən atəş açılmadığını və şəxsi heyətimiz arasında heç bir yaralananın olmadığını bildirməklə, Ermənistanın rəsmi orqanlarının dünya ictimaiyyətinə saxta və yalan məlumatlar ötürdüyünü nümayiş etdirdi. Digər tərəfdən isə Ermənistanın bu fəaliyyətləri məqsədyönlüdür. İlk növbədə erməni tərəfi vəziyyəti gərginləşdirməkdə və rusların münaqişədə hansısa formada itkiyə məruz qalmasında maraqlı olduğunu diqqətdən qaçırmalı deyilik. Bu fəaliyyət hazırda erməni tərəfinin əsas prioritetidir və bunun üçün əllərindən gələni edirlər. Ermənistan tərəfindən növbəti yalan məlumatın yayılmasından bir neçə saat sonra artıq Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstələri tərəfindən Azərbaycan Ordusunun Ağdam rayonunun Əliağalı kəndi istiqamətində yerləşən bölmələrinin atəşə tutulması, atəş nəticəsində yol təkmilləşdirmə işlərinə cəlb olunan hərbi qulluqçumuz baş gizir Dadaşov Sakit Əhliman oğlunun yaralanması, heç bir halda təsadüfi ola bilməz. Çünki, həm Azərbaycanla sərhəddəki, həm də Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisindəki erməni silahlıları birmənalı olaraq Ermənistan hərbi-siyasi rəhbərliyi tərəfindən idarə olunur.
İstənilən halda hərbçimizin yaralanması ilə nəticələnən hadisə, Ermənistanın münaqişəni yenidən alovlandırılmasına cəhd kimi dəyərləndiririlməlidir. Müharibə zamanı 3-4 saatlıq müqavimətdən sonra dabanından qığılcım çixanlar, adətən ermənilərin 200 ildir bədbəxt gündə yaşamasına səbəb olan havadar ölkələrin liderləri ilə görüşdən və ya telefon zəngindən sonra bir az ürəklənirlər, təxribata cəhd edirlər. Sonda isə ermənilər dərin peşmançılıq keçirilər, alçaldılıb təhqir edilirlər, Azərbaycan himnini və rayonlarının adlarını əzbərləyirlər, məhkəmələrdə “boynu bükük lalə” obrazını yaradırlar. Baş verən bu son erməni təxribatının da əvvəllər olduğu kimi cavabsız qalmayacağına tam əminəm.
Burada başqa bir məsələ Rusiya sülhməramlılarının funksiyalarını Birgə Bəyanatın şərtlərinə uyğun yetirəmədikləri ilə bağlıdır. Əgər Rusiya sülhməramlıları Bəyanatın 4-cü bəndini, yəni Azərbaycan ərazilərinə daxil olmaqla erməni silahlılarının oradan paralel çıxarılmasını təmin etsəydi, bu gün Azərbaycan Ordusunun hərbi qulluqçusu baş gizir Dadaşov Sakit Əhliman oğlu yaralanmazdı. Odur ki, bu hadisədə Rusiya sülhməramlıları erməni silahlısının cinayətinə şərik olmamalı, bu silahlıların Azərbaycandan çıxarılmasını sürətləndirməlidir.
Sülhməramlı adlandırılan kontingent gah terror dəstələrinin Laçın dərlizindən Azərbaycana keçməsinə göz yumur, gah özünüzə aid olmayan tikinti işlərinə baş qoşursunuz, gah peyvənd biznesindən səsiniz gəlir, gah hər rus əsgərinə az qala bir kazarma tikirsiniz. 7 aya Ermənistandan ala bilmədiyiniz minalı əraziləri xəritələrini Sizin əvəzinizdən Gürcüstan ermənilərdən 1 ay ərzində aldı. Halbuki Gürcüstanın Ermənistanda hərbi bazası yoxdur. 8 aydır ki, sərhədlərin müəyyənləşdirilməsi də başa çatmaq bilmir. Heç olmasa bu dəfə öz funksiyanızı yerinə yetirib, atəş açan və ona bu əmri verən erməni silahlısını Azərbaycana təslim edin. Qarabağın Azərbaycan ərazisi olduğunu Rusiya Prezidenti V.Putin dəfələrlə bildirib, sülhməramlılar da bu fonda Azərbaycan sizin nəzarətinizdə olan ərazisindən açılan atəşlə əsgərinin yaralanması faktına adekvat reaksiya verməlidir. Bu reaksiya rus sülhməramlılarına bitərəf kimi simanızı xilas etməyə bəlkə də bir az kömək edəcək. Əks halda Azərbaycan həmin əraziləri bir həftə ərzində erməni silahlılarından təmizləmək hüququnu özündə saxlayır. Azərbaycan öz suveren ərazisində hərbi qulluqçusunun Rusiya sülhməramlılarının nəzarətində olan məntəqədən açılan atəş ilə yaralanması faktına zəruri reaksiyanı artıqlaması ilə verəcəyinə heç kimin, hətta Putinlə gürüşə hazırlaşan Paşinyanın da şübhəsi olmamalıdır. Odur ki, ya vəzifənizi icra edin, ya kənara çəkilin.
Ədalət Verdiyev, hərbi ekspert
Tarix: 7-07-2021, 10:21