Bölgədə vəziyyət gərginləşməyə doğru gedir






Moskvaya çağırılan Paşinyana Kremldən yeni tapşırıqlar veriləcək

Sərhəddəki gərginlik, atəş səsləri konkret Rusiyanın maraqlarına xidmət edir


İyulun 6-da Rusiya sülhməramlılarının yerləşdiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstələri tərəfindən Ağdam rayonunun Əliağalı kəndi istiqamətində yerləşən bölmələrimiz atəşə tutulub. Müdafiə Nazirliyindən verilən məlumata görə, atəş nəticəsində hərbi qulluqçumuz, baş gizir Sakit Dadaşov yaralanıb. Yaralıya ilkin tibbi yardım göstərilib və o, hərbi hospitala təxliyə olunub. Nazirlikdən bildirilib ki, baş vermiş insidentin araşdırılması üçün Rusiya sülhməramlı qüvvələrinin komandanlığına və Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinə məlumat verilib. Rusiyanın Müdafiə Nazirliyi isə bəyanat yayıb ki, “Dağlıq Qarabağda bütün təmas xətti boyu atəşkəs rejiminə riayət olunur”.

Bəyanatda deyilir ki, “27 müşahidə postunda rusiyalı sülhməramlılar tərəfindən vəziyyətin günboyu monitorinqi aparılır və atəşkəs rejiminə riayətə nəzarət həyata keçirilir”. Xeyli vaxtdır Qarabağa dəxli olmayan erməni ailələr Azərbaycan torpaqlarında məskunlaşdırılır və onlar çox rahatlıqla Laçın dəhlizindən Ermənistana gedib-gəlirlər. Ekspertlərin fikrincə, Qarabağda özlərini çox rahat hiss edərək həyasızlaşan ermənilərlə Ermənistan arasındakı Laçın dəhlizi kəsilməyincə, bu cür insidentlər davam edəcək. Ona görə də rusiyalı sülhməramlılar guya nəzarət etdikləri ərazilərdəki erməniləri dərhal tərksilah etməlidirlər. Nə qədər ki, erməni silahlı birləşmələri Qarabağdadır, vəziyyət böhranlı olaraq qalacaq. Azərbaycan tərəfi konkret olaraq, qanunsuz hərbi birləşmələrinin ləğvini tələb etməlidir. Hamı başa düşür ki, məqsəd Azərbaycana təzyiqdir. Amma bununla Rusiya ilk növbədə öz sülhməramlı fəaliyyətinə zərbə vurur. Bir sıra ekspertlər isə düşünür ki, Ermənistan və Azərbaycan arasında sülh müqaviləsi imzalandıqdan sonra bu cür problemlər aradan qalxacaq. O zaman Rusiyanın sülhməramlı adı altında Qarabağda yerləşdirilən hərbçilərinin burada qalmasına da ehtiyac olmayacaq. Moskva uzun müddət bölgədə qalmaq istədiyi üçün bir tərəfdən sülh müqaviləsinin imzalanmasına mane olmağa çalışır, digər tərəfdən isə belə təxribatlara rəvac verir. Sübut etməyə çalışır ki, guya, bölgədə hələ gərginlik var və qarşıdurma vəziyyətində olan dövlətlər arasında sülhməramlı missiyası “vacibdir”. 

Növbəti erməni təxribatını və Rusiyanın buna göz yummasını “Şərq”ə dəyərləndirən ehtiyatda olan polkovnik, hərbi ekspert Üzeyir Cəfərov deyib ki, bu cür təxribatların yaxın günlərdə daha çox baş verəcəyi gözlənilir. Ekspertin sözlərinə görə, bölgədə vəziyyət gərginləşməyə doğru gedir:

“Baş verənlər konkret Rusiyanın maraqlarına xidmət edir. Paşinyan Rusiyaya iki günlük səfərə gedib. Putin-Makron arasındakı Qarabağ müzakirəsinin davamı olaraq Moskvaya çağırılan Paşinyana Kremldən yeni tapşırıqlar veriləcək. Məlumdur ki, rəsmi Bakı bu yaxınlarda 10 noyabr üçtərəfli bəyanatında bəzi bəndlərin hələ də yerinə yetirilmədiyini vurğuladı. Burada Qazaxın 7 və Naxçıvanın Kərki kəndi ilə bağlı məsələlər də var. Bu cür məqamlar gündəmə gətirilən kimi dərhal təxribatla üzləşirik. İki qotur maşınla Qarabağa humanitar yardım aparılanda Rusiya Müdafiə Nazirliyi bunu bəh-bəhlə tirajlayır. Amma ötən gün ciddi hadisə yaşandı, baş gizirimiz yaralandı, Rusiya tərəfinin səsi çıxmadı. Özü də erməni quldur dəstələri Ağdamı, yəni Rusiya-Türkiyə Monitorinq Mərkəzinin yerləşdiyi rayonun ərazisini atəşə tuturlar”. 

Hərbi ekspertin fikrincə, Rusiya sülhməramlıları bu cür təxribatlara imkan yaratmaqla regiondan daha tez getməklərinə zəmin hazırlayırlar:


“Düşünməsinlər ki, rəsmi Bakı baş verənlərin üzərindən sakit keçəcək. Kifayət qədər siyasi-hərbi gücümüz və qətiyyətimiz var. Güzəşt mövqeyi tutduqca ermənilər həyasızlaşır, abırsızlaşır. Sülhdən danışırıq, hətta doğruluğuna şübhə etdiyimiz xəritələrin müqabilində 30 erməni diversantını Ermənistana göndəririk, erməni quldurları isə evimizdə Azərbaycan əsgərinə güllə atırlar.

Bunun cavabı sərt şəkildə verilməlidir. Yaxın həftələrdə daha çox təxribata əl atacaqları ehtimalı böyükdür. Ruslar sərhədin Kəlbəcər və Tovuz istiqamətində erməni təxribatlarına da göz yumdular.

Ordusu məhv olmuş, iqtisadiyyatı çökmüş məğlub Ermənistan bizə nə edə bilər ki?! Ermənilərin ipləri başqa güclərin əlindədir. Moskva səfərindən sonra Paşinyan öz emisarlarını Qarabağ separatçılarının yanına göndərəcək və rus “sülhməramlıları” ilə birlikdə yeni təxribat planlarını hazırlayacaqlar. Açıq danışaq, indiki məqamda anti-terror əməliyyatına başlamağımız real görünmür.

Üzərimizə müəyyən öhdəliklər götürmüşük. Haqlı ikən, haqsız duruma düşmək istəmirik. Ancaq heç bir halda erməni-rus təxribatına göz yummaq olmaz. Hərbi əməliyyatlar getmədiyi bir dövrdə hərbi qulluqçumuz niyə yaralanmalıdır ki? Hələ bəlli deyil, hərbçimiz tam sağalacaqmı, fiziki vəziyyətini bərpa edərək yenidən ordu sıralarına qayıda biləcəkmi. Atəşə məruz qalmış hərbçimiz ömürlük əlil də qala bilər. Erməni kimdir ki, öz evimizdə bizə atəş açır? Rusiyadan xahiş yox, tələb edilməlidir ki, erməni təxribatlarına birdəfəlik son qoysunlar”.

Ü.Cəfərov Müdafiə Nazirliyindən verilən açıqlamanın onu qane etmədiyini deyib:

“Bəyanatda deyilir ki, “Rusiya tərəfi məlumatlandırılıb və ümidvarıq ki, qarşı tərəf bununla bağlı tədbir görəcək və s”. Moskva nə tədbir görəcək? Bakıda mühakimə olunan erməni əsgəri deyir ki, onları silahlı şəkildə Azərbaycan ərazisinə məhz rus sülhməramlıları buraxıb. Rusiya sülhməramlıları özlərini çox yekəxana aparırlar, zənn edirlər ki, sanki olmasalar, aləm qarışacaq. Yanılırlar, çünki çox şey dəyişib, reallıqlar fərqlidir. Azərbaycan tək deyil, yanımızda güclü və qardaş Türkiyə, dost Pakistan var”. 
Tarix: 8-07-2021, 08:50
Xəbəri paylaş





Xəbər lenti