Ermənistandakı parlament seçkilərinin şəriksiz qalibi Nikol Paşinyan seçkilərdən sonra xaricə ilk səfərini Rusiyaya etdi. İyulun 7-də Rusiya prezidenti Vladimir Putin Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyanı qəbul edib. Görüşdə Rusiya prezidenti Paşinyanı Ermənistanda keçirilən seçkinin nəticələrinə görə təbrik edib. Nikol Paşinyan isə dəvətə, təbrikə, ölkələri arasında ikili münasibətlərə, “Sputnik V” peyvəndinə görə minnətdarlıq bildirib. Görüş zamanı Vladimir Putin Ermənistanın inkişafı üçün bölgədə kommunikasiyalar üzərindən blokadanın götürülməsinin vacibliyini qeyd edib. Onun sözlərinə görə, regionda iqtisadi-ticarət əlaqələri və nəqliyyat marşrutlarının bərpa olunması Ermənistanın inkişafı üçün yeni imkanlar yaradacaq.
Erməni mənbələrinin yazdığına görə, görüşdə Azərbaycanın Ermənistanla sərhədlərindəki məlum situasiya, “hərbi əsirlər” (əslində isə silahlı erməni terrorçularının Azərbaycanda mühakimə olunması), iqtisadi məsələlər müzakirə edilib. Bir sıra ekspertlər isə əmindirlər ki, Vladimir Putin özünün imzası olan 10 noyabr 2020-ci ildə imzalanmış 3 tərəfli anlaşmanın yerinə yetirilməsi zərurəti və mexanizmləri barədə Nikol Paşinyana qəti və birmənalı tövsiyələr verib.
Məlum olduğu kimi, Ermənistanda keçirilən parlament seçkiləri səbəbindən 10 noyabr anlaşmasının tələblərinin yerinə yetirilməsi üçün rəsmi İrəvana davamlı tələblər etmək mümkünsüz idi. Çünki faktiki olaraq, hakimiyyət böhranı var idi və hər hansı bir təzyiq, daha çox güzəşt almaq Paşinyanın çökmüş hökumətini daha da böhrana soxar, onun rəqibi Robert Köçəryanı isə gücləndirərdi. Bu baxımdan, artıq yeni situasiya yaranıb. Paşinyanın partiyası qalib olub, Putin Kremldə onu yüngülvari qucaqlamaqla bu nəticələri tanıdığını, Paşinyanı “qucağına (himayəsinə) aldığını” bildirmiş oldu.
Beləliklə, indi Ermənistanda kimdən nələri tələb etmək olar, bu, hər kəsə aydındır. Rusiyanın qarantorluğu, Putinin şəxsi imzası ilə hazırlanmış 10 noyabr 2020-ci il tarixli anlaşmaya Ermənistan riayət etməlidir. Burada əsas nöqtə isə ‘"Dağlıq Qarabağ’’ adlandırılan ərazilərdəki Ermənistana məxsus hərbi hissələrin çıxardılması, Ağdərənin hərbsizləşdirilməsi, Zəngəzur dəhlizinin açılması və başqa məsələlərdir.
Kremldə Putin-Paşinyan görüşünün əsas yekunu, nəticəsi nələr oldu? Danışıqların Azərbaycan üçün, Qarabağ üçün önəmi nədən ibarətdir? 10 noyabr üçtərəfli sazişinin icrası bu görüşdən sonra sürətlənəcəkmi?
Deputat Aydın Hüseynov “Yeni Müsavat”a bildirdi ki, Nikol Paşinyanın Rusiya lideri ilə görüşündə şübhəsiz çoxsaylı məsələlər müzakirə edilib: “Bəllidir ki, hələ Paşinyan Putinin qəbuluna gedənədək yeni hökumət kabinetini formalaşdırmayıb. Yəqin ki, görüşdə hökumətdə, əsas postlarda kimlərin təmsil olunması məsələsi müzakirə edilib. Hər halda, Paşinyan Putinin istəklərini nəzərə alacaq və yaxın günlərdə bu istəyə mümkün qədər uyğun gələn hökumət quracaq. Paşinyan təyinatlarda Moskvanın istədiyi adamlara üstünlük verməyə məcburdur.
Nikol Paşinyanın Rusiya prezidenti ilə görüşündə Qarabağla bağlı məsələnin, Azərbaycanla sərhəd məsələsinin, 10 noyabr üçtərəfli bəyanatında əksini tapan məsələlərin, xüsusən də Zəngəzur dəhlizinin açılması, kommunikasiyaların qurulması kimi Rusiyanın marağında olan məsələlərin ciddi müzakirə edildiyi şübhəsizdir. Vladimir Putin yəqin ki, bu məsələlərlə bağlı da istəklərinin nədən ibarət olduğunu Paşinyanın diqqətinə çatdırıb. Paşinyana “artıq seçki arxada qaldı, get hökuməti qur və bu məsələlərin real həlli istiqamətində konkret addımlar at” kimi tapşırıq da verilib. Diqqətçəkən məqamlardan biri odur ki, Paşinyan Moskvada olduğu vaxt Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskovun Ermənistan mətbuatında gedən “Vladimir Putinlə Nikol Paşinyan arasında Ermənistan-Azərbaycan sərhədində Rusiya sülhməramlılarını yerləşdirilməsi ilə bağlı sənəd imzalanacaq” yazılarının təkzib edən açıqlama verdi. Peskov açıq şəkildə bəyan etdi ki, bu cür məlumatlar həqiqətə uyğun deyil. Eyni zamanda Peskov vurğuladı ki, Putin və Paşinyan arasındakı danışıqlarda Qarabağ mövzusu və orada yerləşdirilən Rusiya hərbçiləri ilə ikitərəfli münasibətlərlə əlaqəli məsələlər şübhəsiz müzakirə ediləcək, ancaq hər hansı bir sənədin imzalanması planlaşdırılmır.
Həqiqətən Putinlə Paşinyanın görüşündə nə sərhəddə Rusiya sülhməramlılarının yerləşdirilməsi barədə, nə də başqa hər hansı bir sənəd imzalanmadı. Yayılan məlumata görə, Nikol Paşinyan Vladimir Putinlə görüşdə Ermənistan-Azərbaycan sərhədindəki vəziyyətin iki aydır ki, gərgin olaraq qaldığını deyib. Paşinyan məsələni bu şəkildə xüsusi vurğulamaqla Rusiya sülhməramlılarının sərhədə yerləşdirilməsinə nail olmağa çalışıb. Lakin müsbət cavab ala bilməyib. Beləliklə, Ermənistan hakimiyyətinin, müxalifətinin uzun müddətdir reallaşdırılmasını istədikləri arzularını Putin reallaşdırmadı. Bu məsələdə Paşinyan əliboş qayıtdı. Bu mənada hesab edirəm ki, Azərbaycanın marağı Kreml tərəfindən nəzərə alınmış oldu".
Deputatın sözlərinə görə, əgər Rusiya prezidenti erməni baş nazirə Zəngəzur dəhlizinin açılmasının yubadılmaması, Azərbaycan ərazilərində qalan separatçı erməni silahlılarının, Ermənistan hərbi qüvvələrinə məxsus birləşmələrinin çıxarılmasının vacibliyi və 10 noyabr üçtərəfli bəyanatının digər tələblərinin yerinə yetirilməsi zərurətini xatırladıbsa, sözügedən görüşün ümumi prosesə faydasının olmasından danışmaq mümkündür: “Hər bir halda yaxın günlərdən etibarən Ermənistanın davranışlarının, atdığı addımların nədən ibarət olması Putin-Paşinyan görüşündə müzakirə olunmuş və razılaşdırılmış məsələlərə aydınlıq gətirəcək”.
Milli Cəbhə Partiyasının sədr müavini, politoloq Məhəmməd Əsədullazadə isə bildirdi ki, Ermənistan baş nazirinin səlahiyyətlərini icra edən Nikol Paşinyanın seçkidə inamlı qələbəsindən sonra Rusiyaya səfəri bu ölkənin hələ də Rusiyaya müxtəlif istiqamətlərdə bağlı olduğunu göstərir: “Paşinyan ilk səfərini Rusiyaya etməklə bu asılılığın davam etdiyini nümayiş etdirdi. Düşünürəm ki, bu səfər çərçivəsində danışıqların əsas rakursu birinci olaraq hökumətin formalaşdırılmasından ibarətdir. Çünki Putin Ermənistan hökumətində Kremlə yaxın şəxslərin olmasında maraqlıdır. Paşinyanın buna gedəcəyi müvəqqəti olaraq mümkündür. Həmçinin ikitərəfli hərbi əməkdaşlıq və bu ölkədə sərhədlərdə müvəqqəti olaraq Rusiya hərbiçilərinin yerləşdirilməsi ilə bağlı hər hansı müqavilənin imzalanması baş tutmadı. Çünki Rusiya burada maraqlı deyil. Bundan əlavə, Paşinyan taktiki olaraq Moskva ilə yaxınlaşır. Hakimiyyətini gücləndirəndən sonra Rusiyanın öz ölkəsindəki maraqlarına zərbə vuracaq. Bu görüşdə sərhədlərin delimitasiyası və Qarabağdakı ermənilərin vəziyyəti də müzakirə olunsa da, İrəvan konkret Rusiyadan kömək istəyir. Çünki Ermənistan Azərbaycanla ayaqlaşa bilmir.
Təbii ki, 10 noyabr və 11 yanvar razılaşmalarının reallaşması müzakirə edilib və Rusiya prezidenti bu məsələdə konkret mövqeyini ortaya qoya və tapşırığını verə bilər. Bəyanatdakı müddəaların tam olaraq yerinə yetirilməsini Azərbaycan və Türkiyə tələb edir. Ermənistan seçki arxada qaldığı üçün artıq bu işi yubada bilməz. Azərbaycanla Rusiya arasında müəyyən razılaşmalar var. Düşünürəm ki, Nikol Paşinyana konkret təlimatlar verilib ki, razılaşmaları yerinə yetir".
Ekspertin sözlərinə görə, Ermənistan və Rusiya liderlərinin bu görüşü Azərbaycanın maraqlarına tam cavab verməsə də, reallıqlar bizim lehimizədir və buna məcburdurlar ki, razılaşmaları reallaşdırsınlar: “Həmçinin bu görüşdə sərhədlərin delimitasiyası işində İrəvanın addımlar atması razılaşdırılıb. Düşünürəm ki, növbəti görüş Azərbaycan, Ermənistan və Rusiya liderləri arasında-üçlü formatda ola bilər. Bundan sonra proseslər daha sürətli şəkildə öz həllini tapar. Rusiya Paşinyanla işləmək məcburiyyətindədir və mütləq şəkildə sülhün əldə edilməsi üçün ilk növbədə razılaşmalar yerinə yetirilməlidir. Paşinyan hökuməti formalaşdırandan sonra razılaşmaları həyata keçirməyə çalışacaq”.
Tarix: 9-07-2021, 09:12