“Terrorçular Livanı necə dağıtmışdılarsa ermənilər də Qarabağı elə dağıdıb...”



İsrail parlamentinin (Knesset) keçmiş deputatı, Benyamin Netanyahunun hökumətində rabitə, peyk rabitəsi və kiber-informasiya naziri olmuş Ayub Kara (Ayoob Kara) Azərbaycanın işğaldan azad edilmiş ərazilərində olub və təəssüratlarını “The Jewish Press” nəşri ilə bölüşüb. Virtualaz.org xəbər verir ki, Zəngilana gedən və İranla sərhəd boyu uzanan yolun dağılmış vəziyyətdə olması ucbatından Ayub Karanı və digər qonaqları aparan avtobus xarab olub. Nəticədə onlar “geri çəkilən ermənilər tərəfindən minlərlə minaların basdırıldığı” bu torpaqlarda bir neçə saat gözləməli olublar.

Bildirilir ki, Azərbaycan  bu rayonda 30 ilə yaxın çəkən işğaldan sonra dəhşətli vəziyyətdə olan yolları bərpa etmək üçün bütün gücü ilə çalışır. “Nəhayət bizi Azərbaycan hərbçiləri və hökumət nümayəndələri xilas etdilər”,-Kara bildirir.
66 yaşlı Kara milliyətcə druzdur, Hayfa yaxınlığında anadan olub və İsrail ordusunun istefada olan mayorudur. 20 ilə yaxın siyasətdə olub, hazırda pensiyadadır.
“Qarabağ mənə Livanda 1982-ci ildə gedən müharibəni xatırladır, həmin müharibədə mən terrorçularla mübarizə aparan zabit idim. Terrorçular Livanı dağıtmışdılar, və indi, Qarabağda da mən hər şeyin dağıdıldığını gördüm. Mənim üçün çox kədərlidir. O qədər dağıdılmış evlər gördüm ki. Bu, çox pis situasiyadır”,-israilli siyasətçi bildirib.

Karanın sözlərinə görə, İsraildən Beyruta aparan yol da indi Qarabağın yollarına bənzəyir. Formal olaraq bu yol sıravi sürücü üçün əlçatan deyil, amma onun həmin yoldan istifadə etməkdən başqa çarəsi yoxdur. “Mən bu vilayətlərdə döyüş əməliyyatları zonasında olduğumu hiss edirəm. Qarabağda salamat heç nə qalmayıb. Hər şeydən əvvəl yolları yenidən tikmək lazımdır. Yolları tikib başa çatdırmasanız bu yerlərə dinc əhalini köçürə bilməzsiniz”,-o bildirib.

Ayob Kara deyib ki, İsrail şirkətləri minaların təmizlənməsində Azərbaycana kömək etməlidir. Çünki İsrailin Qolan təpələrində minaları təmizləməkdə böyük təcrübəsi var. Bu təcrübə Azərbaycan üçün faydalı ola bilər. “İsraildə bunun üçün texnologiyalara malik olan şirkətlər var”,-Kara deyib. Keçmiş siyasətçi Ermənistanın minalanmış ərazilərin xəritələrini verməli olduğunu deyib. Və bildirib ki, bunun üçün Ermənistana təzyiqlər edilməlidir. “Lakin biz oturub bu xəritələri gözləməli deyilik. Biz bütün yollar və kəndlər boyu minaları axtarıb tapa, bu təhlükəli problemi həll edə bilərik”,-o deyib.
 Virtualaz.org
Tarix: 11-07-2021, 15:45
Xəbəri paylaş





Xəbər lenti