Deputat ölkəni daha bir 44 günlük savaşa səslədi
Millət vəkili Vahid Əhmədov Moderator.az-a açıqlamasında ölkə gündəmini zəbt etmiş bir məsələ ətrafında narahatlığını dilə gətirməklə yanaşı hamını ümummilli səfərbərliyə səsləyib: "Son günlər intensivləşən narkotika xəbərləri və problemin miqyasının nəzərəçarpacaq dərəcədə genişlənməsi barədə Daxili İşlər Nazirliyinin ardarda ictimaiyyətə səslənməsi məsələnin ciddiliyi və hətta deyərdim ki vahiməliliyini ortaya qoyur. Təbii ki, narkoticarət dünənin bəlası deyil və bəşəriyyət son 100 ildə bu bəladan az çəkməyib. Narkotik vasitələr milyonlarla ocağı söndürüb və onun qurbanlarının sayı ölçüyəgəlməzdir. Amma Azərbaycan tarixən bu bəlaya qarşı dirəniş göstərməsiylə və istər narkomanlarının sayı, istərsə də narkoticarətin miqyası və trafikinə görə hər zaman nümunə olub və biz bununla qürur duymuşuq. Amma görsənən odur ki, vəziyyət sürətlə pisləşməyə doğru dəyişməkdədir və ona görə də elliklə bu bəlaya qarşı mübarizə aparılmasının zəruruliyi ortadadır. Gəlin razılaşaq ki, narkotiklə hüquq mühafizə orqanları təkbaşına mübarizə apara bilməz və bu bəlanın dəf edilməsi üçün yeddidən yetmişə bütün ölkə səfərbər olunmasa düşünürəm ki, vəziyyət hər ötən gün daha da pisləşəcək. Çünki artıq görünən mənzərə budur ki, vəziyyət nəzarətdən çıxmaq üzrədir və bu bəlanın ticarəti elə şəbəkələnib ki, onu dağıtmaq üçün föqəladə mübarizə metodları tətbiq edilməlidir.
Eyni zamanda mən burada Azərbaycan dövlətinin 44 günlük savaşdakı parlaq qələbəsini həzm edə bilməyən xarici qüvvələrin qonşu ölkələrin üzərindən Azərbaycana qarşı narkotika müharibəsi elan etməsi tendensiyasını da müşahidə edirəm. Heç kimə sirr deyil ki, Azərbaycana əsasən İran və Əfqanıstan üzərindən külli miqdarda narkotik vasitə daxil olur və son vaxtlar Əfqanıstanda vəziyyətin tamamilə nəzarətdən çıxması, Talibanın hakimiyyəti ələ keçirməsi, İrana qarşı çeşidli sanksiyalar fonunda narkoticarətin sıçrayışı qarşıda bizə heç də xoş olmayan sürprizlər vəd edir. Ona görə də hesab edirəm ki, ümumiyyətlə ətrafımızdakı narkodəhlizlərin tamamilə bloklanması və Azərbaycana narkotik vasitə axının tamamilə dayandırılması üçün qeyri rəsmi də olsa fövqəladə vəziyyət elan olunmalı və hamılıqla bu bəlaya qarşı savaşa qoşulmalıyıq. Biz millət və dövlət olaraq hər cür bəlanın öhdəsindən gəlməyi bacardığımızı 44 günlük Vətən Müharibəsi ilə isbatladıq. İndi növbəti 44 günlük savaş ermənidən min qat təhlükəli narkobəlaya qarşı birlk olma zamanı. Mən bütün millətimizi mübarizəyə sələyirəm!"
Tarix: 11-07-2021, 15:51