Mqer Qriqoryan: “Yolların açılması məsələsini müzakirə edirik, amma dəhliz olmayacaq”
Azərbaycanla Naxçıvan və Türkiyəni birləşdirəcək “Zəngəzur Dəhlizi” ilə bağlı danışıqlar yenidən aktivləşməyə başlayıb. Siam.az xəbər verir ki, Rusiya baş nazirinin müavini Aleksey Overçukun Bakıya səfəri də bunu təsdiqləyən amillərdən biridir. Belə ki, bu ilin 11 yanvarında Moskvada əldə olunmuş razılaşmaya əsasən Azərbaycan, Rusiya və Ermənistan arasında kommunikasiyaların açılması istiqamətində İşçi Qrupunun yaradılması qərara alınıb. Həmin razılaşmadan sonra hər üç ölkənin baş nazirlərinin müavinlərinin iştirakı ilə qrup yaradıldı və Ermənistanda keçirilən son parlament seçkiləri ilə əlaqədar danışıqlar yarımçıq qaldı. Onu da bildirək ki, Ermənistanın danışıqları təxirə salmasının tək səbəbi seçkilər deyildi. Həmçinin Azərbaycanın davamlı olaraq “Zəngəzur Dəhlizi” ifadəsini işlətməsiydi. Bunu hələ bir neçə ay əvvəl Ermənistan baş nazirinin müavini Mqer Qriqoryan da dilə gətirmişdi. O iddia etmişdi ki, Ermənistanla sərhəddə qoşun yığan və davamlı olaraq “dəhliz” sözündən istifadən Azərbaycanla danışıqlar aparmaq yersizdir. Lakin seçkilər başa çatdıqdan və yenidən baş nazir seçilmiş Nikol Paşinyanın Rusiyaya rəsmi səfər etməsindən sonra danışıqlar start götürmək üzrədir. Belə ki, Overçukun Bakıya gəlməsi, bir sıra müzakirələr aparması prosesin ilk mərhələsi hesab olunur. Güman ki, Overçuk Bakıdan sonra İrəvana da səfər edəcək. Ermənistan tərəfi də kommunikasiyaların açılması ilə bağlı danışıqlara qatılmağa hazır olduğunu bəyan edib. Baş nazirin müavini Mqer Qriqoryan deyib ki, prosesin davam etməsində maraqlıdırlar və bu istiqamətdə danışıqlara start verəcəklər. Lakin o, razılaşma əldə edildikdən sonra Sünik vilayətindən hər hansı bir dəhlizin keçməyəcəyini vurğulayıb. “Yolların açılması məsələsi gündəmdədir. Bununla bağlı müzakirələr aparırıq. Lakin bu o demək deyil ki, razılaşma əldə olunduqdan sonra Azərbaycanın ifadə etdiyi kimi, Sünik vilayətindən “Zəngəzur Dəhlizi” keçəcək. Hər hansı dəhlizdən söhbət gedə bilməz. Müzakirə mövzusu yolların açılmasından ibarətdir”.JAMAZ.İNFO