Blinkenin zəngi, səfirlərin imtinası və Qarabağ problemi yenidən qızışırmı?

Blinkenin zəngi, səfirlərin imtinası və Qarabağ problemi yenidən qızışırmı?
Həmsədr ölkələrin Şuşa səfərindəın imtinasından sonra ABŞ dövlət katibi Entoni Blinkenin Paşinyana zəngi və danışıq zamanı Qarabağ mövzusunun daha çox müzakirə olunması Dağlıq Qarabağ ətrafında yeni situasiyanın yaranacağının ilkin elementlərindən biri hesab etmək olar.
 
Bu zəng, seçkilərdən sonra nə Paşinyana təbrikdir, nə də nəzakət zəngidir, bu, Ermənistan rəhbərliyinə növbəti Qarabağ siyasətinin prinsiplərini göstərməkdir, o prinsiplər ki, 28 il sülhə aparmadığı kimi, indi də gərginliyin, qarşıdurmanın inkişafına səbəb olacaq.  Bu telefon danışığının mahiyyətində Nikol Vovayeiçin Rusiyanı qıcıqlandırmadan qərbyönümlü siyasətini davam etdirməsi, ən zəif yeri olan Qarabağ məsələsinin üstünə çəkinmədən getməyi, daxildəki Rusiyayönümlü müxalifətin ( zatən başqa yönümlü qüvvə də yoxdur) onu Qarabağa laqeyidlikdə ittiham edə bilməməsi dayanır. Artıq Qərb Şuşa səfərindən imtina etməklə Ermənistan rəhbərliyinə belə bir şansı vermişdi, Blinkenin zəngi də məlum “demarş”ın davamı olaraq dəyərləndirilə bilər. Nə üçün?
 
Səfərdən imtina və telefon danışığı, bir az əvvəl isə Moskva səfərindən məmnun qayıtmaq Paşinyanı Qarabağ və sərhəd məsələsində xeyli cəsarətləndirib, çünki bir-birlərinə qlobal düşmənçiliyi olan ABŞ və Rusiya Qarabağ məsələsində fikirləri üst-üstə düşür, üstəlik bu mövqe həm də Ermənistanın mövqeyidir.
 
Biz isə üstərəfli razılaşmanı hələ də tam olaraq reallaşdıra bilmirik. Bunu görən ABŞ və Fransa, eyni zamanda ikibaşlı oynayan Rusiya Minsk Qrupunun dövrəyə girməsini istəyir və Blinkenlə Paşinyanın danışığında da bu əsas xətt olaraq keçib. Bizim “konflikt bitib” bəyanatımıza əks olaraq münaqişənin nizamlanmadığını, Minsk Qrupu çərçivəsində yenidən sonu görünməyən danışıqlara başlanması danışıqda xüsusi vurğulanıb.
 
Amerika tərəfini mövcud status-kvo qane etmir, təbii bizi də, amma Paşinyanla söhbətdə Blinken mövcud vəziyyətin qeyri-stabil olduğunu qeyd etməklə təxribatlara şərait yaratmayıb ki? Şuşada bir-birinin ardınca atəşkəsin pozulması Blinkenin status-kvonun sabit olmamasını təsdiqləmək üçün ermənilərə fürsət verib.
 
Baş verən proseslər- səfərdən imtina, Blinkenin məhrəmanə zəngi, bizim keçmiş Dağlıq Qarabağla əlaqədar apardığımız susqun siyasət ( səbrli çalar hər gün azalır) konfliktin qızışması üçün start verildiyindən xəbər verir. Bizim, “ münaqişə bitdi” bəyanatımız birinci düşmən, ikinci beynəlxalq güclər tərəfdən qəbul olunmur və ən əsası da odur ki, düşmənin 18 min nəfərlik ordusu Qarabağdadır və biz də o əraziyə nə vaxt nəzarət edəcəyimiz barədə rəsmi bir fikir, mövqe bildirməmişik. Düşmən Xankəndindədir- real mənzərə budur. 
 
Düşmən üçtərəfli sazişə son qoyub donmuş prosesi Minsk Qrupuna dövr etmək istəyir və səbəbi də məlumdur. Üçtərəfli bəyanatdakı müddəalar- erməni silahlı birləşmələrinin çıxarılması, azərbaycanlı qaçqınların geri qaytarılması, yolların açılması ermənilərin maraqlarına uyğun deyil. Paşinyan qəflətən Üçtərəfli bəyanatın qüvvədən düşməsi və danışıqların həmsədrlər tərəfindən aparılması barədə bəyanat versə təəccüblənməyin, çünki bilir ki, Rusiya ikibaşlı oynayıb Minsk Qrupu səviyyəsində danışıqların başlanmasını istəyəcək, əlavə olaraq da atəşkəsin qarantı kimi sülhməramlıların bölgədə qalmasını israr edəcək. Heç israra yer də qalmayacaq, çünki Rusiyanın bu məsələdə Erməistanın yanında olması yalançı sülhməramlılıqdı.  
 
Biz səbrli siyasətimizə sərtlik və kəskinlik əlavə etməliyik.  Azərbaycan ilk növbədə bəyan etməlidir ki, 10 noyabr bəyanatının bütün müddəaları həyata keçməyincə Minsk Qrupunun danışıqlara girməsi mümkün deyil. Və bu bəyanatdan sonra Rusiya Federasiyası qarşısında üçtərəfli sazişin müddəalarına əməl etməyi tələb etmək lazımdır. Bu da ilk növbədə erməni silahlı birləşmələrinin çıxarılması, qaçqınlarımızın Xankəndi və ətrafına qayıtması və yolların açılması deməkdir. 
 
Ermənilərə təzyiqi davam etdirmək lazımdır.  İlk növbədə törətdikləri hərbi cinayətlərə-Bərdə və Gəncəyə atılan raketlərə görə onları beynəlxalq məhkəməyə vermək lazımdır. İkincisi, Laçın dəhlizi istiqamətində dövlət sərhədinə nəzarəti bərpa etmək məsələsi qaldırılmalıdır. Qoy, ermənilər təzyiqə məruz qalsınlar ki, əlavə iddialara cəhd etməsinlər. Əlavə diplomatik imkanlar da mövcuddur.
 
İlham İsmayıl

Tarix: 14-07-2021, 23:28
Xəbəri paylaş





Xəbər lenti