Birgə Monitorinq Mərkəzindəki türk hərbçilər niyə susur? - “Mütləq reaksiya verilməli idi...”


"Atəşkəsin pozulması uzun müddət davam etmir, 10-15 dəqiqə çəkir. Həmin anı tutmaq, fiksə etmək məsələsində Monitorinq Mərkəzinin problemləri ola bilər”.

Bu sözləri Sfera.az-a açıqlamasında son günlər ermənilərin dəfələrlə Şuşa və Ağdam istiqamətində atəşkəsi pozmasına rəğmən, elə Ağdamın özündə fəaliyyət göstərən Rusiya - Türkiyə Birgə Monitorinq Mərkəzinin məsələyə hər hansı reaksiya bildirməməsinin səbəblərindən danışarkən, politoloq Qabil Hüseynli deyib.

Həmsöhbətimiz hesab edir ki, baş verən insidentlərlə bağlı mərkəzin əlində audiomateriallar olmadığından qurum olayla bağlı hər hansı bir reaksiya nümayiş etdirmir:

"Ermənilərin son həyasızlığı Fransa və Rusiyanın himayəsilə həyata keçirilib. Birgə Monitorinq Mərkəzində Türkiyədən olan hərbçilər sadəcə sırf vizual müşahidələrlə məşğuldur. Bildiyimə görə, Qarabağda baş verən ayrı-ayrı insidentlərə isə Monitorinq Mərkəzindəki ruslar baxır, onlar cavabdehdirlər. Toqquşmalarla bağlı mərkəzdə yəqin ki, audiomateriallar olmayıb.

Bu materialları qurum pilotsuz uçan aparatlar vasitəsilə əldə edir. Hesab edirəm ki, son insidentləri məhz qeydə ala bilmədiklərindən, əllərində audiomateriallar olmaması səbəbindən mərkəz atəşkəsin pozulmasına belə susqunluq nümayiş etdirir. Rusiya ilə danışıqlar olub ki, Laçın koridoruna rus sülhməramlıları ilə birlikdə Türkiyədən olan patrul dəstələri də nəzarət etməli idilər. Amma Moskva buna imkan vermədi. Baş verən hadisələrlə bağlı məlumat toplamışdılarsa, mərkəz mütləq reaksiya verməli idi. Bu mənada nədən reaksiya vermədiklərini yozmaqda çətinlik çəkirəm”.
Tarix: 16-07-2021, 14:57
Xəbəri paylaş





Xəbər lenti