“Azərbaycan öz postlarını Laçın dəhlizində qurmalıdır” - ÇAĞIRIŞ
“Baş verənləri qiymətləndirmək üçün geniş informasiyaya sahib olmaq lazımdır. Bu məsələlər müharibədən sonra konfidensial olduğuna görə, bizim gerçəkdə nə baş verdiyinə dair geniş bilgimiz yoxdur. Diqqət etsəniz görərsiniz ki, bu ərazilərə deputatların səfərləri də təşkil edilmədi. Biz də kənardan baxaraq fikirlər söyləyirik. Amma bu fikirər dolğun və vəziyyəti tam ehtiva edən fikirlər olmaya da bilər. Çünki informasiyasız fikir söyləmək çətindir”.Bunu Reyting.az-a Milli Məclisin deputatı, Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa Ermənistanın həm dövlət sərhəddində, həm də Qarabağ ərazisində gizlənmiş qanunsuz silahlı dəstələr vasitəsi ilə Azərbaycan Ordusunun mövqelərini atəşə tutmasını şərh edərkən deyib.
Deputat bildirib ki, Ermənistan cəmiyyətindən oradakı ermənilərin fəaliyyəti ilə bağlı daha geniş informasiya ala bilirik: “Orada nəyin baş verdiyini xəbər saytları və özümüzün informasiya mənbələrimiz hesabına əldə etmək mümkündür. Bu baxımdan məsələnin nə dərəcədə və hansı məqsədlə edildiyi barədə fikir olmalıdır: bunu ermənilərmi edir, başqa bir tərəfin təhriki ilə edilir, yoxsa erməni hökumətinə qarşı olan qüvvələrin işidir və ya erməni hökumətinin hansı planları var ki, belə davranır? Bunu müəyyən etməyimiz vacibdir”.
F. Mustafanın fikrincə, Azərbaycan tərəfi heç nə olmayıbmış kimi ermənilərin açdığı atəşə dərhal, həm də daha ağır silahlarla cavab verməlidir: “Azərbaycanın hər hansı bir şəkildə güzəştli davranmayacağını ermənilərə göstərmək zəruridir. Əks halda ermənilər bunu əvvəlki dövrlərdə olduğu kimi intensiv fəaliyyət növünə çevirəcək və bizə qarşı bu formadan istifadə edərək narahatlıq yaratmağa başlayacaqlar. Odur ki, bu kimi məsələlərdə atacağımız addım adekvat olmalıdır”.
F. Mustafa hesab edir ki, atəşkəsi pozan ermənilərə adekvat münasibətlə yanaşı ortaya konkret tələblər də qoyulmalıdır: “Azərbaycan bəyan etməlidir ki, Laçın dəhlizinin hər hansı bir şəkildə fəaliyyət göstərməsi Zəngəzur dəglizindən asılıdır. Başqa sözlə, ermənilər burada addım atmırlarsa Azərbaycan öz postlarını Laçın dəhlizində qurmalıdır və bununla bağlı öncədən rus sülhməramlılarla danışıqlar aparmalıdır. Çünki sülhməramlılar bu işləri yerinə yetirməyə borcludurlar. İndiyə qədər bunu yerinə yetirməli idilər. Əgər yetirmirlərsə, deməli, ermənilərlə brlikdə hansısa şəkildə bu prosesin davam etməsində maraqlıdırlar. Bunu müəyyən etdikdən sonra öz siyasətimizi daha dəqiq istiqamətləndirə bilərik”.
Siam.az
Tarix: 19-07-2021, 10:42