“Hayastan” fondu ilin sonunadək Xankəndi və Xocalıda 457 erməni ailəsinə mənzil tikəcək...- NƏ BAŞ VERİR?
İlkin mərhələdə 58 milyon 398 min ABŞ dollarlıq vəsaitlə, ümumiyyətlə, Qarabağda 817 bina mənzili və 290 həyət evi tikilməsi planlaşdırılır... Azərbaycan Respublikasının Qarabağ iqtisadi zonasının müvəqqəti olaraq Rusiyanın rəsmən sülhməramlı sayılan hərbi kontingentinin nəzarəti altında qalan hissəsində “genişmiqyaslı ev-mənzil tikintisi proqramına başlayıb”.
Moderator.az xəbər verir ki, erməni nəşrləri bu haqda fondun rəsmi saytına istinadla məlumat yayıb.
“İlkin mərhələdə 58 milyon 398 min ABŞ dolları ekvivalentində ayrılmış vəsaitlə 817 bina mənzili və 290 həyət evi tikilməsi planlaşdırılır. Bu məbləğ “Biz və sərhədlərimiz” xeyriyyə tədbiri çərçivəsində, xüsusilə fondun ABŞ, Avstraliya, Fransa və Torontodakı filiallarının səyləri sayəsində toplanıb” - xəbərdə belə deyilir.
Məlumata görə, yaşayış binalarının bir hissəsi ilin sonunadək istifadəyə veriləcək və Xankəndi və Xocalı şəhəri ərazilərində Şuşa və Hadrutdan köçkün olan 457 erməni ailəsinə mənzillər təqdim ediləcəkdir.
Sultan Laçın
Tarix: 22-07-2021, 15:07