Siyasi şərhçi Asif Nərimanlı Feysbuk hesabında qeyd edib ki, Ağdamdan sonra Şuşaya açılan atəş mövqe toqquşmasının davamı hesab oluna bilər:
“Bunun Rusiya baş nazirinin müavini Aleksey Overçukun Bakı səfərinin ardınca baş verməsi də kommunikasiyanın bərpası ilə bağlı məsələlərdə də maraqların toqquşmasından xəbər verir. Qarabağa paralel olaraq, Naxçıvanla sərhəddə atəşkəsin pozulması nədir? 44 günlük müharibənin həlledici məqamında Naxçıvanla sərhəddə təyyarə böhranı necə və niyə yaradılmışdısa, indi muxtar respublika istiqamətindəki hücum da eyni məqsədlə törədilir.
Qarabağda müharibədən sonra növbəti həlledici mərhələnin başladığını və bu təxribatın hədəfinin prosesi yönləndirmək olduğunu deyə bilərik. Dövlət başçısı İlham Əliyevin Xankəndi, Xocalı və Xocavəndlə bağlı fərmanı kulis mübarizəsini açıq müstəviyə keçirir”.
Məsələyə münasibət bildirən siyasi analitik Turab Rzayevin “Sherg.az”a açıqlamasına görə, Azərbaycanın Qarabağın sülhməramlıların nəzarətində olan hissələri barədə mövqeyi bəllidir:
“Harada ki, Rusiya sülhməramlıları müvəqqəti olaraq həmin əraziyə nəzarəti həyata keçirirlər, bu ərazilərə Xocavənd, Xocalı və Xankəndi daxildir. Həmin ərazilər Azərbaycanın tərkib hissəsidir. Bununla bağlı qərarlarımız dəqiqdir. Burada status və ya başqa inzibati ərazi vahidinin formalaşmasına və ya iradəmizdən kənar situasiyanın yaranmasına icazə verməyəcəyik.
Sülhməramlıların bölgədə qalmaq müddəti bəllidir. Artıq 4 il yarımdan az vaxtları qalıb. Bu vaxt ərzində həmin ərazidəki ermənilər tamamilə tərkisilah edilməli, qalan ermənilər isə Azərbaycan vətəndaşı kimi dövlətimizin uyğun gördüyü inzibati-siyasi formasiyada həyatlarını davam etdirməlidirlər.
Bununla bağlı mövqeyimizi bir neçə xarici ölkələrdə də bildirmişik. Ən son ölkə başçısının Moskva səfərində baxmayaraq ki, Putin çıxışında bir neçə dəfə “kompromis” sözünü işlətdi və bölgədə sülh və əməkdaşlığın davamı üçün kompromsin gərəkli olduğunu dedi.
İlham Əliyev isə açıq şəkildə 3 dəfə münaqişənin bitməsi barədə eyham vurdu və bildirdi ki, bizim üçün münaqişə bitib! Münaqişə bitdiyi dövrdə heç bir status məsələsi razılaşdırılmayıb və ola da bilməz. Bundan başqa, bölgədəki erməni silahlı qüvəvlərinin tamamilə tərkisilah edilməsini gözləyirik.
Sonra isə Paşinyan açıqlama verdi ki, sülh sazişinin imzalanmasına hazırdır. Ancaq istər Paşinyan, istərsə də onun havadarları bilməlidirlər ki, Azərbaycan müəyyən kompromislərə gedə bilər . Lakin burada heç vaxt status məsələsi gündəmə belə gətirilə bilməz”.
Tarix: 22-07-2021, 21:20