“Ayətullah Xameneinin “Qarabağ torpağı İslam torpağıdır” deyərək fətva verməsi qələbənin carçısı idi və bizi qələbəyə apardı”.Bunu İranın hansısa əyalətinin baş mollası yox, müstəqil Azərbaycanın şeyxülislamı deyir.
Ancaq illərin təcrübəsi göstərir ki,
Allahşükür Paşazadənin bu cür açıqlama verməsində təccüblü bir şey yoxdur. Belə iranyönümlü yanaşma onun bütün fəaliyyəti dövründə özünü biruzə verib. Odur ki, şeyxülislamın dediklərindən daha çox, onun söylədiklərinə cəmiyyətdəki, sosial şəbəkələrdəki reaksiyalar təəccüblüdür. Sanki şeyxin bu fikirlərinə etiraz edənlər onu birinci gündür tanıyırlar...
Hələ bir neçə gün öncə Şuşada Xameneinin nümayəndəsilə bağlı yaşanan məlum olayı bir çoxları malalamağa çalışdılar ki, bəs, qonaqdır, şeyxin onu qabağa verib özünün arxada durması, sadəcə, qonağa hörmət əlamətidir və s. Ancaq Paşazadə bu son açıqlaması ilə göstərdi ki, malalamağa-filana ehtiyac yoxdur - adam açıq-aşkar İranın dini rəhbərliyini öz rəhbəri, az qala səcdəgahı hesab edir və ona təzim edir, vəssalam! Olmazdımı ki, məsələn, elə həmin məlum Şuşa səfərinə İranın təmsilçisi kimi Türkiyənin də yüksək rütbəli din xadimlərindən biri dəvət ediləydi? Ümumiyyətlə, hər yerdə, hər imkan düşəndə iranın din xadimlərini, onların fətvalarını və s. önə çəkmək dini məzhəbçiliyin dərinləşməsinə xidmət etmirmi? Və ölkədə radikal dini cərəyanların getdikcə daha çox yayılmasına, kəskin qütbləşmənin meydana gəlməsinə səbəb olan mühitin formalaşmasında şeyxülislamın və onun idarəsinin fəaliyyəti azmı rol oynayır?...
“Əgər bu gün bizim qonşularımız, arxamız bərk olmasaydı, qələbəmiz, bəlkə də, olmazdı. Odur ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan cənablarına və Ayətullah Xomenei həzrətlərinə müsəlmanlar adından təşəkkürümü bildirirəm.”Deməli, belə çıxır ki, A.Paşazadə son 44 günlük müharibədə Türkiyənin Azərbaycana dəstəyi və şəxsən R.T.Ərdoğanın fəaliyyətilə Xomeneinin fətvasını tərəzinin eyni gözünə qoyur, onları eyniləşdirir. Bu, ən azından ayıbdır! Həmçinin bu, açıq-aşkar Türkiyənin, Ərdoğanın misilsiz xidmətlərini kiçildib, İranın Azərbaycana münasibətdə ”gah nala-gah mıxa” siyasətini göylərə qalıdırmaqdır.
Hansı ki, Tehranın Naxçıvana dəhliz açılmasına açıq etirazından tutmuş erməni separatçılarına müxtəlif təyinatlı yüklər ötürməsinə və digər açıq ermənipərəst addımlarına qədər bir çox məqamlar İranla Türkiyəni eyniləşdirməyi ağılasığmaz və mümkünsüz edir.Elə həmin A.Paşazadədən soruşan lazımdır ki, niyə Ərdoğan ilk gündən Qarabağı Azərbaycan torpağı, onun ayrılmaz hissəsi adlandırdığı və bunun reallaşması üçün əlindən gələni etdiyi halda, Xamenei “Qarabağ Azərbaycan torpağıdır” yox,
“Qarabağ islam torpağıdır” deyir? Bununla nəyə eyham vurur?...
Qətiyyən inandırıcı deyil ki, A.Paşazadə bu cür siyasi yüklü açıqlamaları ölkənin siyasi rəhbərliyilə razılaşdıraraq verir. Çünki şeyxin bu yanaşması nə ölkənin xarici siyasəti, nə də cəmiyyətin Türkiyə və İrana münasibətdə mövqeyilə qətiyyən üst-üstə düşmür. Ancaq görünür, bütün bunlar şeyxi çox da narahat etmir...Yox, əgər şeyxin missiyası İranla yaxın qonşuluq, dostluq əlaqələrinin saxlanması və inkişafına xidmət etməkdirsə və ona bu cür tapşırıq verilibsə, doğrusu, bunun məhz Paşazadə tərəfindən uğurla həyata keçirildiyini düşünmək və söyləmək də çətindir.Çünki rəsmən din, əqidə adamı hesab olunsa da, var-dövləti, xaricdəki biznesi, lyuks malikanələri, dəb-dəbəsilə məmur-oliqarxlardan seçilməyən, həmçinin bəzi açıqlamaları ilə məzhəkə, ironiya obyektinə çevrilən bir şəxsin, hansı titulu daşımasından asılı olmayaraq, cəmiyyətdə, əhali arasında, həmçinin dindar kəsimdə hansısa nüfuza malik olması qeyri-mümkündür.
Deməli, bu şəxs xalqın, cəmiyyətin adından çıxış edəcək mandata malik deyil. Bunu İranda da yaxşı bilirlər. Odur ki, şeyxülislama belə bir missiya tapşırılıbsa, onun bəri başdan uğursuzluğa düçar olduğunu söyləmək olar... Ümumiyyətlə, A.Paşazadənin zaman-zaman söylədikləri cəmiyyətdə birmənalı qarşılanmamaqla yanaşı, onun bir çox həlledici məqamlarda ya susması, ya da ikibaşlı açıqlamalar verməsi düşündürücüdür. Elə Qarabağa dair Xameneinin fətvası barədə dedikləri də bu qəbildəndir.
İstər-istəməz sual yaranır ki, bu adam nəyə, kimə, hansı xəttə, nəhayət, hansı dövlətə xidmət edir? Özü də bu sual hələ 1980-ci illərin sonundan, yəni xalq hərəkatının başladığı ilk vaxtlardan açıq olaraq qalır....Cəlal Məmmədov“AzPolitika.info”
Tarix: 22-07-2021, 21:26