Rusiya ordusunun təlim keçdiyi Sırxavənd – Ağdərə yox, Ağdamın kəndidir – Replika....


“Yaxşı ki, bizim bəzi jurnalistlərimiz xəbəri tərcümə edərkən elə ruslar, ermənilər kimi, “Mardakert rayonu” yazmayıblar...” 
Bu gün gündüz saatlarında bəzi tanınmış saytlarımızda Rusiyanın rəsmən sülhməramlı sayılan hərbi kontingentinin Ağdam rayonunun Sırxavənd kəndində keçirdiyi növbəti hərbi təlim barədəki xəbərlərini oxuyub bir daha məyus olduq.  

 
Xəbərə diqqət edək:
 
“Azərbaycanın Qarabağ iqtisadi rayonunun bir hissəsində müvəqqəti olaraq yerləşən Rusiya sülhməramlıları Ağdərə rayonunun Sırxavənd müşahidə məntəqəsində təlim keçiriblər”.
Özü də, nə yazıqlar ki, bu, torpaqlarımızın işğal altında qaldığı son 30 ilə yaxın dövrdə, xüsusən də əksər ərazimizin azad olduğu son 44 günlük müzəffər savaşımızdan bəriki 8 ayda mediamızda dəfələrlə rast gəlinən bir haldır...

Məlumdur ki, dəfələrlə yazılarımızda bu haqda məsələ qaldırsaq da, Rusiya tərəfi Azərbaycanın ermənilər yaşayan Yuxarı Qarabağ ərazisindəki toponimlərin, yer adlarının bir çoxunu Azərbaycan Respublikasının rəsmi siyasi-inzibati xəritəsinə uyğun deyil, öz istədikləri kimi, yaxud ermənilərin ürəyinə yatan şəkildə adlandırırlar. Azərbaycanın müvafiq qurumları da hələlik səbir nümayiş etdirərək buna rəsmən etiraz bildirmirlər. Məsələn, Xankəndi yox, “Stepanakert”, Xocavənd yox, “Martuni”, Ağdərə yox, “Mardakert” və s.
 
Rusiya MN-in rəsmi saytındakı bugünkü məlumatda da heç olmasa, Ağdərə yox, yenə də “Mardakert” yazılıb. Yaxşı ki, bizim bəzi jurnalistlərimiz xəbəri tərcümə edərkən elə ruslar, ermənilər kimi, “Mardakert rayonu” yazmayıblar. Halbuki, Dağlıq Qarabağ Muxtar Vilayətinin ləğv olunmasıyla əlaqədar 1992-ci ildən bəri müstəqil(!) Azərbaycan Respublikası ərazisində Ağdərə adlı rayon yoxdur. Azərbaycan Respublikası Milli Məclisinin 13 oktyabr 1992-ci il tarixli Qərarına əsasən Ağdərə rayonu ləğv olunaraq bir hissəsi inzibati cəhətdən Tərtərə, bir hissəsi Ağdama, digər hissəsi isə Kəlbəcər rayonuna daxil edilib. Düzdür, o zaman keçmiş Ağdərə rayonunun azərbaycanlı əhalisi müəyyən dərəcədə haqlı olaraq buna etiraz etmişdi. Amma hələki son 29 ildə Azərbaycan dövləti həmin qərarı ləğv etməyib. Təəssüf ki, 44 günlük müzəffər savaşımızdan sonrakı 10 Noyabr 2020-ci il üçtərəfli razılaşmasından sonra isə dinc yolla azad edilən Kəlbəcər və Ağdam rayonlarının ərazisi Azərbaycan Respublikasının hazırkı siyasi-inzibati xəritəsi üzrə yox, sovet dövrünün xəritələri üzrə boşaldılıb. Odur ki, Ağdam rayonunun Xatınbəyli, Qazançı, Manikli, Baş Güneytəpə, Orta Güneytəpə, Sırxavənd, Yeni Qaralar, Kiçan kəndləri və onlara məxsus torpaq sahələri; Kəlbəcər rayonunun Çərəktar, Qozlu, Kotavan, Yuxarı Oratağ, Qızılqaya, Yayıcı, Dəvədaşı, Heyvalı(Drombon), Çıldıran, Mehmana, Dovşanlı, Həyat, Bazarkənd, Şahmansurlu, Vəngli, Çormanlı, İmarət Qərvənd, Zərdəxaç, Çapar, Həsənriz, Narınclar, Damğalı, Kolatağ kəndləri və onlara məxsus torpaq sahələri; eləcə də Tərtər rayonunun Ağdərə şəhəri, Umudlu, Zəylik, Ulu Qarabəy, Kiçik Qarabəy, Ağabəyyalı, Çardaqlı, Lüləsaz, Miqrelalay, Aşağı Oratağ, Qasapet, Canyataq, Dəmirli, Gülyataq, Seysulan və onlara məxsus torpaq sahələri hələ də Rusiya hərbi kontingentinin himayəsində olan separatçı-terrorçu erməni rejimi tör-töküntülərinin nəzarətində qalır. Yalnız Tərtər rayonunun Talış, Çaylı və Suqovuşan kəndləri döyüşlə azad edildiyi üçün Azərbaycanın nəzarətindədir. Seysulan kəndi isə Azərbaycan qoşunlarının bilavasitə atəş xəttində yerləşdiyinə görə burada əhali yaşamır...
 
Yeri gəlmişkən, onu da xatırladaq ki, Azərbaycan Respublikasında Əsgəran adlı rayon da yoxdur. 26 noyabr 1991-ci ildə həmin rayon ləğv olunub və ərazisi yeni yaradılmış Xocalı rayonunun tərkibinə verilib. 

Yaxşı olar ki, sadaladığımız məlumatlar Yuxarı Qarabağ və Şərqi Zəngəzurda, yəni Kəlbəcər rayonu ərazisində baş verənlərdən yazan, danışan hər bir kəsin əlinin altında olsun...
 
Rusiya hərbi kontingentinin rəsmi saytında nəzarət etdikləri ərazilərin xəritəsinə diqqət etsəniz, orada Ağdam və Kəlbəcər rayonunun adları keçməsə də, Tərtər rayonunun adı keçir.
 
Odur ki, gəlin özümüz öz əlimizlə dövlətimizin suverenliyinə qəsd etməyək, yaşayış məntəqələrimizi Rusiya hərbi kontingentinin və Ermənistanın təqdim etdiyi xəritələrə uyğun deyil, Azərbaycan Respublikasının rəsmi siyasi-inzibati xəritələrinə uyğun adlandıraq. Məsələn, məşhur Vəng, Qozlu, Heyvalı, Çərəktar kəndləri Ağdərənin yox, Kəlbəcərin kəndidir. Eləcə də Ağdərə şəhəri, Umudlu, Zəylik kəndləri Tərtər rayonuna, Qazançı, Manikli, Baş Güneytəpə, Orta Güneytəpə, Sırxavənd kəndləri isə Ağdam rayonuna aiddir...  

Yoxsa, sovet dövründə olduğu kimi, Moskvadan çəkinməliyik?.. 
 
Sultan Laçın

Tarix: 28-07-2021, 08:28
Xəbəri paylaş





Xəbər lenti