Ermənistana "dur" deyən tapılmayacaq




Qarabağdan duman çəkilmir



Ermənistana "dur" deyən tapılmayacaq

"Düşməni sülhə məcbur etmək üçün Zəngəzurda hərbi əməliyyatlara başlamalıyıq"



“Ermənistanın üçtərəfli razılaşmalara məhəl qoymayaraq sərhəddə atəşkəsi mütəmadi pozması davam edir. Kəlbəcərdə Ermənistan ağır artilleriya vasitələrindən istifadə edərək demək olar ki, müharibəni bərpa edir. Bununla Ermənistan Fransa və ABŞ-ı prosesə cəlb edərək, Azərbaycana təzyiq siyasəti həyata keçirməyə nail olmağa çalışır”.
Bu sözləri "Şərq"ə açıqlamasında Milli Cəbhə Partiyasının sədr müavini, politoloq Məhəmməd Əsədullazadə deyib.

O bildirib ki, ötən gün ABŞ səfirinin Kəlbəcərə gəlişi, Fransa səfirinin açıqlamaları rəsmi Yerevanı proseslərdən yayınmağa sövq edir: “Məsələnin digər tərəfinə gəldikdə isə Rusiya da Azərbaycana təzyiq etməkdə maraqlıdır. Ermənistanın yeni Müdafiə naziri Rusiyaya səfər edib və bu səfər fonunda atəşkəs mütəmadi pozulur. İlk növbədə Rusiya da bu böhranda maraqlı görünür. Çünki Azərbaycanın Türkiyə ilə Şuşa Bəyannaməsi və ötən gün üçtərəfli Türkiyə, Azərbaycan və Pakistanla Bakı Bəyannaməsinin imzalanması Moskvanın maraqlarına cavab vermir. Baş verən yeni üçtərəfli siyasi-hərbi platforma regionda Türkiyənin aktiv siyasətinə gətirib çıxarır. Məhz davam edən bu proseslər fonunda Ermənistan üçtərəfli imza atdığı sənədlərdən yayınacaq və proses lokal müharibənin davam etməsi ilə nəticələnəcək”.

M.Əsədullazadə qeyd edib ki, Avropa İttifaqı, Fransa və ABŞ əsas strateji xətti Rusiyanın Ermənistanda mövcud durumunu zəiflətməkdir. Azərbaycan və Ermənistan arasında dumanlı və çox kəskin böhran davam edir. Azərbaycanın əldə etdiyi yüksəklikləri Ermənistan nəzarətə almaq üçün hərəkətə keçib:

“Birinci, Paşinyan bununla Ermənistan daxilində məğlub durumu aradan qaldırmağı planlayır. İkincisi, Azərbaycanla mövcud sərhəddin dəyişilməsinə çalışır. Üçüncüsü, Qərbi prosesə cəlb edib, Minsk qrupunun fəaliyyətini bərpa etmək niyyətindədir. Dördüncüsü, 10 noyabr və 11 yanvar razılaşmalarından yayınmaq istəyir. Hesab edirəm ki, Ermənistanı durdurmaq üçün Zəngəzur ərazisində düşməni sülhə məcbur etmə hərbi əməliyyatlarına başlanmalıdır. Bu əməliyyatlar başlayacaqsa, ABŞ və Avropa İttifaqının sanksiyaları ilə üzləşməyəcəyik”.

Politoloq onu da bildirib ki, Milli Cəbhə Partiyası olaraq Qərbin bəzi dövlətlərinin Ermənistan siyasətini qınayırıq:

“Bu, regionda sülh və təhlükəsizliyin təmin edilməsinə qarşıdır. Demokratiya və insan haqlarını, ərazi bütövlüyünün və sərhədlərin toxunulmazlığını əsas prioritet hesab edən Qərb bu yanaşma ilə Ermənistanı növbəti avantüraya sövq edir. MCP olaraq Azərbaycan silahlı qüvvələrinin Kəlbəcər istiqamətində hərbi əməliyyatlarının davam etdirilməsini, bütün təzyiqlərə rəğmən ölkənin ərazi bütövlüyünün qorunmasında ordumuzun yanındayıq. Ermənistanı sülhə məcbur etmək üçün hərbi əməliyyatların Zəngəzurda da aparılmasında maraqlıyıq”.
Tarix: 29-07-2021, 08:55
Xəbəri paylaş





Xəbər lenti