Rusiya sərhəddə baş verənlərə niyə sakit qalır və ya Fransa Zəngəzurda nə axtarır...
Zəngəzurun Mehri şəhəri
Bir neçə gündür Kəlbəcər rayonu ərazisində Azərbaycan dövlət sərhədinin Ermənistan tərəfindən atəşlə pozulması, sülh danışıqlarına əməl edilməməsi böyük antiterror əməliyyatlarının keçiriləcəyindən xəbər verir. Bu dəfə təxribatlarda Rusiyanın deyil, Fransanın maraqlı olduğu görünür.
Kəlbəcərdəki böyük qızıl yataqlarındakı payını itirmək istəməyən Fransanın tək dərdi təbii sərvətlər deyil, o Ermənistana ayrılan böyük məbləğdə maddi yardımın qarşılığı olaraq (Bu günlərdə Aİ-nin ayırdığı 2 milyard avro Ermənistana hədiyyə kimi verilməmişdi) Zəngəzur dəhlizində söz sahibi olmaq istəyir. Məlum məsələdir ki, 10 noyabr 3 tərəfli sazişində Zəngəzur dəhlizində təhlükəsizliyi Rusiya Federasiyası Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidmətinə həvalə ediləcəyi yazılmışdı. Rusiya Zəngəzur dəhlizində Qərbin güclü bir oyunçusunu görməyə maraqlıdırmı? Çətin...
Siyasi şərhçi
Əziz Əlibəyli hesab edir ki, hazırda sərhəddə baş verənlər əslində Ermənistanın cəzalandırılmasıdır.
Əziz Əlibəyli
“Rusiya maraqlıdır ki, kommunikasiyalar açılsın, Ermənistan verdiyi vədlərə əməl etsin. Fransanın hadisələrə ciddi müdaxiləsi, Fransa səfirinin Ermənistan ordusuna komandanlıq etməsinin, ABŞ səfirinin sərhədə gəlib baxış keçirməsinin şahidi olduq. Paşinyanı verdiyi sözlərdən daşındırmaq, Qərbə dartmaq, Minsk qrupunu diriltmək cəhdləri Rusiyanın xoşuna gəlmir.
Müharibə olacaqmı? İndi əhali arasında bu sualı hər kəs verir. Müharibənin olması üçün düşmən tərəfinin ordusu olmalıdır, ordusunun 30 faizini Qarabağda itirdi, yenidən toparlanıb savaşa girməsi üçün zaman lazımdır və bu zamanda biz də sakitoturmayacağıq. Belə bir müharibənin necə nəticələnəcəyini hamı bilir. Böyük miqyaslı müharibə anlayışı olmayacaq. Antiterror əməliyyatlarının aparıla biləcəyini dəfələrlə bəyan etmişik. Hazırki proses Rusiyanı da incidir və hesab edirəm ki, bu proses Ermənistanın cəzalandırılması ilə başa çatacaq. Necə ki, seçkilərdə qalib gəldikdən sonra Paşinyan həm müxalifətə, həm Rusiyaya diş atırdı, Putin də bu baş verənləri yaxşı izləyir və onun burnundan gətirməsi üçün tədbir görəcək. Bizim fəaliyyət istiqamətimiz sərhəd xətlərinin dəqiqləşdirilməsidir. Bunun dinc yolla olmasını istəyirdik. Lakin Ermənistan tərəfi dinc durmursa, bu bizə də sərf edir. Hərbi əməliyyatlarla özümüzə aid olan ərazilərdə məskunlaşmaq yaxşı bir variantdır. Rusiya Ermənistanın cəzalanmasını istəyir və buna görə KTMT məsələyə qarışmır”,- deyə ekspert bildirib.
Tarix: 29-07-2021, 23:37