Xankəndinə nəzarət hansı mexanizmlə və nə vaxt başlayacaq?

Xankəndinə nəzarət hansı mexanizmlə və nə vaxt başlayacaq?
Yol hara aparır?
 
Bu günlərdə Azərbaycanın Laçın rayon mərkəzinə daxil olmadan Kəlbəcər istiqamətində yeni yol çəkməyə başladığı barədə xəbərlər yayılıb. Yol çəkmək yaxşıdır, amma işğal altında qalan bölgədən yan keçməklə yeni yolların çəkilməsi bir sıra suallar yaradır. Şuşaya Zəfər yolunun çəkilişi başlayanda belə dəyərləndirildi ki, hələ Azərbaycan ərazisində müvəqqəti yerləşmiş Rusiya sülhməramlıları yeni şəraitə uyğunlaşanadək Şuşaya ən yaxın olan Ağdam – Əsgəran - Şuşa yolundan istifadə hər iki tərəfin razılığı ilə məqsədəuyğun hesab edilməyib. Ardınca Kəlbəcərə Murovdan keçməklə baha başa gələn tunellər qurub yeni yol çəkilişinin başlanması barədə də məlumatlar yayıldı. Yəni, mövcud Tərtər -Ağdərə - Kəlbəcər yolundan istifadə də mümkün olmadı. İndi də Laçın rayon mərkəzinə girmədən Laçının Kəlbəcər istiqamətində olan kəndlərinə və Kəlbəcərə kimi yol çəkilişinə başlanılması, Azərbaycanın işğalda qalan ərazilər ətrafında yol çəkməsi, bizim hələ uzun müddət bu yerlərə nəzarətimizi bərpa edə bilməyəcəyimiz anlamına gəlir.
 
Yol çəkmək, alternativ yollar yaratmaq çox yaxşıdır, amma indiki situasiyada və müharibədən sonra Azərbaycanın hələ də işğalda qaln ərazilərlə bağlı konkret fəaliyyətinin görsənməməsi, düşmənin ərazi iddialarından əl çəkməməsi, havadarlarının hər vasitə ilə status məsələsini qabartması, Rusiya hərbiçilərinin missiyasına uyğun olmayan davranışı, tez-tez Rusiya politoloqlarının və separatçı rejim rəhbərlərinin “Rusiya Qarabağa beş illik deyil, əbədi gəlib” çağırşları narahatçılığa əsaslar verir. Həm də bu narahatçılıq yalnız yollarla bağlı deyil.
 Azərbaycanın qarşısında Qarabağ məsələsinin yaratdığı bir sıra həll olunmamış qlobal problemlər dayanır. Birincisi, Rusiya hərbiçilərinin Qarabağda olmasıdır ki, onların müvəqqəti olduğu rəsmi bildirilsə də, Azərbaycanın bu müddətdə Xankəndi və ətrafına nəzarətinin hansı mexanizmlə və nə vaxt başlayacağı məlum deyil və ümumiyyətlə bu istiqamətdə danışıqlar aparılmır. Nə vaxt başlanacağının da əlamətləri nə görünür, nə də hiss olunur.  Sıravi Azərbaycan vətəndaşlarından tutmuş vəzifəli şəxslərə kimi hər kəs bu sualı özünə və ətrafına verir, amma nə qeyri-rəsmi, nə də rəsmi cavab yoxdur. Baxmayaraq ki, rəsmi cavab  bir növ verilib: münaqişə bitib. Bu, müəyyən edilmiş qeyri-müəyyənlik cəmiyyətə əlavə heç nə demir və əksəriyyət insanlarda işğalda qalan ərazilərə Rusiyanın beş illik deyil, uzun müddətə gəldiyi qənaətini yaradır və bizim o yerlərə qayıdacağımızın tezliklə reallaşacağına inamı azaldır. Bu da düşmənin bütün vasitələrlə Qarabağa status verilməsi, hətta müstəqillik əldə etməsi siyasətini aparmasına münbit şərait yaradır. Qeyd etdiyimiz kimi, bu məsələ artıq Azərbaycan -Ermənistan qarşıdurmasından rəsmi olaraq Azərbaycan -Rusiya müstəvisinə keçib və elə problemin qlobal xarakter alması da bununla bağlıdır.
 
İkinci həll olunmamış problem,  Azərbaycan -Ermənistan dövlət sərhədinin delimitasiyası-yəni, dövlət sərhəd xəttinin müqavilə ilə müəyyən edilməsi və demarkasiyası-  yəni, delimitasiya müqaviləsinə əsasən dövlət sərhəd xəttinin yerində müəyyən edilməsi və qeydə alınmasıdır. Son aylar qarşılaşdığımız sərhəd təxribatlarının daha mürəkkəb situasiyası hələ qabaqdadır. Qazax rayonunun Ermənistanın nəzarətində olan yeddi eksklav kəndlərinin və Naxçıvanın Kərki kəndinin, eyni zamanda Ermənistan SSR-ə aid olan, amma bu gün bizim nəzarətimizdə qalan Gədəbəyin Başkənd kəndinin məsələsinin həlli də qarşıda duran və artıq gərginlik yardan problem olaraq qalır. Bir neçə gün əvvəl Rusiya hərbiçilərinin Qazax rayonu istiqamətində Əksipara kəndinə yerləşməsi nədən xəbər verir? Müxtəlif versiyalar ola bilər: eksklav kəndlərin məsələsi ətrafında danışıqlar başlaya bilər; Azərbaycan və Ermənistan arasında bu bölgədə yarana biləcək döyüş əməliyyatlarının qarşısını almaq üçün Rusiya hərbiçiləri yerləşdirilir. Sonuncu variant beynəlxalq hüquq normalarına tamam zidd olan işdir. Beynəlxalq hüquq bu kəndlərin Azərbaycana məxsus olduğunu təsdiq edir və Azərbaycan Qarabağda olduğu kimi bu yerlərə Rusiya hərbiçilərinin yerləşdirilməsinə razılıq verməyib, belə bir razılaşma-müqavilə yoxdur. Ermənistan dövləti Rusiya hərbiçilərini yalnız öz sərhədləri tərəfdən yerləşdirə bilər, işğal etdiyi Azərbaycan ərazisinə başqa bir dövlətin silahlı qüvvələrinin yerləşməsi elə həmin dövlətin, yəni burada Rusiyanın bu əraziləri işğal etməsinə bərabər sayılır. Təkrar edirik: Azərbaycan konkret olaraq qeyd olunan ərazisinə Rusiya hərbiçilərinin yerləşməsi üçün rəsmi razılıq verməyib. 
 
Göründüyü kimi yeni yolların çəkilməsi müvəqqəti rahatlıq yarada bilər, amma məsələnin köklü həlli deyil. Qarşı tərəf də işğal altında olan ərazilərdən yan keçməklə Azərbaycanın gördüyü işlərə öz prizmasından yanaşır. Düşmən ümidlənir ki, Rusiya burada ikən Azərbaycan bu yerlərə uzun müddət girə bilməyəcək və nəticədə işlərini bu ərazilərdə aparmaqdan çəkinəcək. 
Müharibənin bitdiyi 9 aydan sonra vəziyyət budur və 2024 -cü ilin noyabrın 9-na kimi, yəni müharibənin bitməsinin 4 ili tamam olanadək vəziyyətin dəyişməyəcəyi barədə xəbərlər dolaşır. Niyə məhz o vaxt xüsusi vurğulanır? O dövr Azərbaycan və Ermənistanda növbəti seçkilər ərəfəsi kimi dəyərləndirilir və qeyd olunan zaman kəsimindən hər iki tərəfin bəhrələnmək niyyəti olduğu vurğulanır. Daha doğrusu, yenə barışmaz ziddiyətdə olan tərəflərə qlobal güclərin, xüsusilə Rusiyanın təsir və təzyiq variantlarının olması gündəmə gələ bilər. Bizim üçün həmin ərəfəyə ən yaxşı divident torpaqlarımızın qalan hissəsinin azad edilməsidir. Onun üçün üç il gözləməyə ehtiyac yoxdur.  Bu illərdə dünya siyasətində nələr olacağını və onun bizim maraqlara uyğun gələcəyini proqnozlaşdırmaq çətindir.
 
İlham İsmayıl

Tarix: 8-08-2021, 17:22
Xəbəri paylaş





Xəbər lenti