Rusiyanın qarant durduğu kapitulyasiya aktından İrəvanın yayınmaq cəhdləri davam edir; “bulanıq sudakı balıqlar” isə artıq tutulub; Azərbaycan-Türkiyə tandemi, Şuşa Bəyannaməsi bölgədə qurulan məkrli oyunlara qarşı ən etibarlı sipər kimi...
Rusiya prezidenti Vladimir Putinin moderatorluğu ilə hazırlanmış 10 noyabr üçtərəfli kapitulyasiya aktına rəsmi İrəvanın imza atmasından bu gün 9 ay ötür. Əfsus ki, hələ də sənədin bütün müddəalarını tam həcmdə həyata keçirmək mümkün olmayıb.Məsələn, Qarabağda, Rusiya sülhməramlılarının nəzarəti altında olan anklav bölgədə erməni qanunsuz hərbi birləşmələri indiyədək tərk-silah edilməyib; Zəngəzur dəhlizi açılmayıb; Azərbaycanın beynəlxalq axtarışa verdiyi Araik Arutyunyanın başcılıq elədiyi separatçı-quldur tör-töküntüləri isə rusların arxasında gizlənərək, günü bu gün də orada “dövlətçilik” oyunu oynayır, öz aləmlərində “artsax dövləti”nin varlığını sürdürürlər. Hətta ara-sıra Şuşanı və Hadrutu “qaytaracaqları” barədə bizə hədə biçir, əsəblərimizlə oynayırlar.
*****
Ermənistan rəhbərliyi, üstəlik, 9 aydır mifik “artsaxın” statusundan dəm vurur, “konflikt öz həllini tapmadan”, yəni “Dağlıq Qarabağ xalqı”na öz müqəddəratını təyinetmə haqqı tanınmadan Azərbaycanla heç bir sülh müqaviləsi imzlanmayacaq" deyib durur. Təkcə İrəvan rəsmilərimi? Əlbəttə ki, yox.
İş də ondadır ki, müharibədə işğalçı ordusu darmadağın edilən Ermənistanın, onun Xankəndindəki qulbeçələrinin özlərini bunca heyrətamiz dərəcədə sırtıq aparmaları, 10 noyabr aktını görməzlikdən gəlməyə başlamaları ən əvvəl xaric amillərlə bağlıdır: ermənilər təzədən öz arxalarında Rusiyanı, başqa qlobal gücləri hiss eləməyə başlayıblar.
O güclər ki, 30 il ərzində münaqişənin dinc yolla, ədalətli həllinə həqiqi mənada imkan vermədilər, ona mane oldular, yanan ocağa daima yağ tökdülər və yenə eyni ampluadadırlar, yenə eyni “havanı” çalır, hətta indi daha qatı ermənipərəst mövqe sərgiləyilər. Halbuki 10 noyabrdan sonra status-kvo bambaşqadır.
Qərbin, Avropa Birliyinin maliyyə vədləri İrəvana başqa yandan stimul verir, onu bir az daha desktuktiv mövqeyə kökləyir və Azərbaycana qarşı qızışdırır. Başqa sözlə, bölgədə böyük sülhə əsas maneə Ermənistandan çox, əslində ondan maşa kimi öz maraqları naminə istifadə edən qlobal güclərdir. Amma 10 noyabr kapitulyasiya sənədi tezliklə Azərbaycanla Ermənistan arasında böyük sülh sazişinin təməlində durmalı, bununla da bölgədə sabitlik və əməkdaşlıq üçün geniş qapılar açılmaqla, müharibə ehtimalı birdəfəlik gündəmdən çıxmalı idi.Ancaq diqqət edin, ermənilərin hələ də davam edən destruktiv, təxribatçı mövqeyi sayəsində bölgədən yenə barıt qoxusu gəlir, xaricdəki məkrli çevrələr yenə xəbis qonşuların əli ilə vəziyyəti qarışdırıb “bulanıq suda balıq tutmağa” çalışırlar. Hərçənd obrazlı ifadə eləsək, bütün “balıqlar” artıq tutulub qurtarıb. Dağlıq Qarabağ konflikti artıq tarixin zibilliyinə atılıb. Bir dəfə yazmışıq, bir daha yeri var xatırladaq ki, özünə hörmət edənlər tarixin zibilliyində eşələnib “status” axtarmırlar...
*****
Hazırkı durumun səbəbləri sırasında Rusiyanın ikibaşlı oyunu xüsusi qeyd edilməlidir. Moskva bir tərəfdən guya konfliktin həmişəlik həllinə çalışdığı görüntüsü yaradır, digər tərəfdən isə anklav bölgədə separatçı-kriminal ünsürlərin sərbəst hərəkətinə və dirçəlməsinə şərait yaradır, altdan-altdan azərbaycanlılarla ermənilər arasında ədavətin qalmasına çalışır, eyni zamanda Qərblə - ABŞ və Fransa ilə birləşib Minsk Qrupunu gündəmdə saxlamaqla Azərbaycan əleyhinə status oyunu oynayır, Bakıya əlavə təzyiq vasitəsi axtarır, Amerika və Fransa ilə sözləşərək, öz səfirini Şuşaya göndərməkdən imtina edir, Zəngəzur dəhlizinin açılması üçün İrəvana yetərli təzyiq göstərmir. Qısası, belə təsəvvür yaranır ki, əslində Rusiya da bölgədə uzunmüddətli və ədalətli sülhdə maraqlı deyil.
Hərçənd Azad Demokratlar Partiyasının sədri Sülhəddin Əkbərin fikrincə, Rusiya əslində Minsk Qrupunun birbaşa bərpasında maraqlı deyil, çünki o halda əvvəlki formata qayıdılacaq, ancaq Moskva rəsmi şəkildə buna qarşı da çıxa bilmir, ona görə ki, bu yolla Azərbaycanın Rusiyaya ehtiyacının artacağına ümid edir.
Bu barədə siyasətçi “Yeni Müsavat”a müsahibəsində deyib.Sülhəddin Əkbər“ABŞ və Avropa Birliyi çalışacaq ki, sülh müqaviləsi alınmasın. Rusiya da bunda maraqlı deyil. Faktiki olaraq, üçtərəfli razılaşmanın digər bəndlərini yerinə yetirmək istəmirlər və proses donub. Əgər sülh müqaviləsi bağlansa, o deməkdir ki, Ermənistan Azərbaycanın sərhədlərini tanıyacaq, dolayısı ilə Qarabağ məsələsindən imtina etməli olacaq, ikincisi, İrəvanın Ankara və Bakı ilə münasibətləri normallaşacaq, o halda Rusiyanın bölgədə, Qarabağda əhəmiyyəti azalacaq”, - deyə o vurğulayıb.
Öz növbəsində rusiyalı tanınmış analitik və tarixçi-alim Oleq Kuznetsov hesab edir ki, mövcud situasiyada Bakı üçün Ermənistanı güc yolu ilə sülhə məcbur etməkdən və ona daha bir kapitulyasiya aktı imzalatmaqdan savayı yol qalmır: hansı sənəddə ki, Qarabağa iddialardan imtina və Azərbaycana lazım olan dövlət sərhəd xətti öz əksini tapacaq.
“Yeni Müsavat”ın məlumatəna görə, bu haqda o, Vesti.az-a danışarkən deyib. Analitikin sözlərinə görə, Bakı ilə müqayisədə Moskvanın seçim imkanı daha genişdir. “Ya Rusiya Azərbaycanla Ermənistan arasında daha bir müharibəyə göz yummalıdır, ya da İrəvanı ”üçüncü respublikanı" dinc yolla “dördüncü”yə çevirməyə məcbur eləməlidir - hansı respublikanın konstitusion sənədlərində ki, Qarabağın Ermənistana məxsusluğu haqda heç nə yazılmayacaq. Bundan ötrü Paşinyana referendum keçirmək lazım gələcək. Ancaq onun erməni diasporundan nə dərəcədə asılı olduğunu nəzərə alsaq, çətin ki, buna cəsarəti çatsın", - deyə Kuznetsov ehtimal edib.
*****
Yaranmış durumda Azərbaycan-Türkiyə hərbi strateji müttəfiqliyi və qardaşlığı ikiqat-üçqat aktuallıq kəsb edir. Sözsüz ki, ölkəmizə qarşı erməni əli ilə oynanılan yeni oyunları Bakı-Ankara siyasi-hərbi tandemi tamamilə pozmaq iqtidarındadır və pozacaq da. Qoy kimsə də xam xəyallara qapılmasın.Azərbaycan-Türkiyə müttəfiqliyi və qardaşlığı, Şuşa Bəyannaməsi ölkəmizə qarşı qurulan bütün məkrli oyunlara qarşı ən etibarlı sipərdir və olaraq da qalacaq. Bu xüsusda Bakının “sülhə məcburetmə əməliyyatı - 2" hər an qaçılmaza çevrilə bilər...
Analitik xidmət
Tarix: 10-08-2021, 10:04