Qarabağdakı bir ovuc erməni terrorçusunun xilası üçün köhnə uydurmalar yeni biçimdə; Bakıdan sərt reaksiyalar
Ermənilər artıq tarixin zibilliyinə atılmış status məsələsini cidd-cəhdlə gündəmə qaytarmağa çalışırlar. Bunun üçün onlardan ötrü ən “ideal yol”, əlbəttə ki, ATƏT-in Minsk Qrupuna “ikinci nəfəs” verməkdir. Əfsus ki, bu məsələdə ermənilərdən maşa kimi istifadə edən xarici güclərin maraqları İrəvanın maraqları ilə üst-üstə düşür.
Status məsələsini gündəmə daşımaq isə həm “Dağlıq Qarabağ konflikti”nin guya hələ bitmədiyi rəyini yaratmaq, həm də 10 noyabr kapitulyasiya aktının önəmini heçə endirmək və onun əsas müddəalarını məğlub ölkə olaraq yerinə yetirməkdən boyun qaçırmaq cəhdidir - sonuncu hal Rusiyanı tam qane eləməsə də. Çünki Rusiya sülhməramlıları məhz 10 noyabr sənədi əsasında Qarabağda yerləşib.
Bununla belə, rəsmi Moskvanın özü də Bakıya qarşı ikibaşlı oyunlarını davam etdirir - o cümlədən ara-sıra öz danışmanlarının dili ilə status məsələsinə eyhamlar vurmaqla. Məsələn, rusiyalı politoloq Stansilav Tarasov iddia edib ki, “Qarabağ San-Marino kimi status ala bilər”.
Arayış üçün qeyd edək ki, San-Marino Avropada dörd tərəfdən İtaliya ilə əhatə olunmuş cırtdan dövlətdir. Rəsmi dili italyan dilidir. Əhalisi 34 min nəfərə yaxın, ərazisi cəmi 61.2 kv km-dir. Yəni Azərbaycanın ən kiçik rayonundan da on dəfələrlə kiçik...
Tarasovdan sitat: “Belə bir versiya dolaşır ki, Əliyevlə Putin arasında Azərbaycanın Avrasiya İqtisadi Birliyinə qoşulması ilə bağlı razılaşma var. Bu versiyaya görə, həmin ərazidə SSRİ-yə bənzər bir ittifaq qurulacaq, ancaq bu, SSRİ olmayacaq və həmin qurum çərçivəsində Qarabağa xüsusi status veriləcək. İstisna deyil ki, Qarabağ San-Marino kimi bir status alacaq. Yəqin ki, belə də olacaq. Azərbaycan ermənilərlə güc mövqeyindən danışır, ermənilər özlərini təhlükəsizlikdə hiss eləmirlər və onlar sülhməramlı kontingentin Qarabağda qalmasına sevinəcəklər”.
Yəni belə çıxır ki, Azərbaycan öz daxilində, cırtdan boyda da olsa, mərkəzi Xankəndi olan, yaxud sırf Xankəndindən ibarət 2-ci bir erməni dövlətinin yaranmasına, üstəlik, orada rus hərbi kontingentinin əbədi qalmasına razılıq verməlidir. Bəs azərbaycanlı analitiklər Tarasov çaplı fantazyorların bu qəbildən iddialarına, Azərbaycanın qanuni torpaqlarını kefi istədikləri kimi “dövlətlərə” parçalamaq cəhdlərinə necə baxırlar?
Politoloq Qafar Çaxmqqlı “Yeni Müsavat”a bildirdi ki, yaxın zamanlarda ATƏT-in Minsk Qrupunun yenidən dirilməsi üçün Azərbaycana basqıların artacağını istisna etmir: “Ermənistan da, bölgədə maraqlı olan ölkələr də bütün siyasətlərini bunun üzərində quracaqlar. Rusiya özü də müəyyən siyasətini bu çərçivədə aparmaq məcburiyyəti qarşısında qalacaq, əlbəttə, bölgədə varlığını qorumaq şərti ilə müəyyən kompromisə gedə bilər. Onun indiki anda ikibaşlı oyunlar oynadığını sezmək çətin deyil. Qarabağa hansısa status verilməsi məsələsinin də Rusiyadan, politoloq Tarasovdan gəlməsi onu göstərir ki, Moskva bölgədə qalıcılığını təmin etmək üçün başqa vasitələr də axtarır”.
Q.Çaxmaqlı rus ekspertin iddialarını cəfəng saydı: “Qarabağ ermənilərinə ”San-Marino örnəyi" bir statusun verilməsi mümkün deyil. Ən azından ona görə ki, bu, Azərbaycan xalqının rəyi ilə olmalıdır və ictimai rəydə ermənilər üçün ayrıcalıq tanımaq həm xalqımızın, həm də dövlətimizin milli maraqlarına ziddir. İkinci tərəfdən, Azərbaycan burada yaşayan erməni əhali ilə bağlı fikrini dəfələrlə bəyan edib. Onların təhlükəsizliyi və milli mədəni haqlarının qorunması ilə bağlı heç bir problem yoxdur. Ermənilərin də sərbəst hərəkət etmə, yaşama haqqı olacaq və bunlar sülh sazişi zamanı təsbit ediləcək. Ola bilsin ki, bu məsələ ilə bağlı ən yüksək səviyyələrdə müzakirələr aparılsın. Azərbaycan bundan qaçmır və təklif olunan variantlar da nəzərdən keçiriləcək".
Politoloq qeyd etdi ki, bizə hansısa formanı diktə etmək artıq dövlətimizin daxili işlərinə qarışmaqdır: “Tarasov kimilərinə də ən sərt şəkildə cavab verilməlidir! Dəfələrlə deyilib ki, ermənilərə bu qədər canları yanırsa, elə öz ölkələrində onlara xüsusi status versinlər. Ruslar Krasnodarda, fransızlar Marseldə, ABŞ Kaliforniyada ”San Marinolar" yaradıb, ermənilərə belə ayrıcalıq tanıya bilərlər. Mən o fikirdəyəm ki, bizim dövlətimizin bölünüb, parçalanmasına edilən cəhdlərin dərhal qarşısı alınmalıdır! XİN bugünlərdə daha çevik və qərarlı addımlarla bu təxribatları zərərsizləşdirmə tədbirləri görməlidir".
QAT sədri Akif Nağı isə hesab edir ki, Tarasov kimi “fantastlar”ın bu cür fikirlərinə əhəmiyyət verməyə dəyməz: “Amma onların öz fantaziya və təxribatlarını genişləndirməsinə də imkan verməməliyik. Siz də bilirsiniz ki, əsasən 1995-ci ildən başlayaraq, onlara ”həll modeli" təklif olunub. Onların içərisində “San Marino” modeli də olub. Bunların hamısı artıq arxada qalıb. Biz o vaxt da deyirdik ki, Qarabağ məsələsinə heç bir model uyğun gəlmir, çünki həmin modellərin hamısı bir neçə ölkə arasındakı mübahisəli ərazilərə aid olub, Dağlıq Qarabağ və ətrafı isə mübahisəli ərazi deyil, Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan ərazisidir. Bəzi dövlətlər, xüsusilə də Minsk Qrupunun həmsədr dövlətləri bütün bu dövr ərzində məhz “mübahisəli ərazi” formulunu tətbiq etməyə çalışırdılar. Azərbaycan dövləti və ordusu hər şeyi yerinə qoydu. İndi kim hər hansı statusdan danışırsa, məşhur filmdəki ifadəni bir dəyişdirsək, deyə bilərik ki, düşmənimizdir. Bunların məqsədi Ermənistanı ağır vəziyyətdən çıxarmaq, məsələni danışıqlar müstəvisinə qaytarmaqdır".
A.Nağı qeyd etdi ki, Azərbaycan Prezidenti bu məsələdə sərt mövqedədir: “Dövlətimizin başçısı danışıqların heç bir halda bərpa olunmayacağını, bərpa olunarsa, yalnız sülh müqaviləsi ətrafında ola biləcəyini deyir. Azərbaycan sona qədər bu mövqedə qalmalıdır”.
Qeyd edək ki, son vaxtlar Rusiyadakı bəzi çevrələr yenidən erməni revanşistlərə impuls verən açıqlama və bəyanatlarla ortaya çıxmaqdadırlar. Elə Qarabağdakı silahlı ermənilərin təxribatları, həmçinin Ermənistanın Naxçıvan və Qarabağ istiqamətində atəşkəs rejimini pozması kimi faktlar da Moskvadakı bəzi ermənipərəstlərin sərgilədiyi mövqeyin nəticəsidir. Bundan əlavə, Qərb dairələri də Ermənistanı Rusiyanın əlindən almaq üçün onun hər cür alçaq davranışlarını müdafiə edirlər ki, bu da son nəticədə İrəvandakı ritorikanı körükləyir. Bir müddət əvvəl Qarabağ klanı və ya daşnaklar sərt mövqeləri ilə öndə gəlirdilərsə, indi artıq onlar digərlərinin kölgəsində qalıblar.
Burada da heç şübhəsiz Rusiyadakı araqarışdıran çevrələrin rolu var. Elə bir müddət öncə Qarabağın baş terrorçusu Araik Arutyunyanın Moskvaya dəvət olunması, onunla qurulan təmaslar bölgədəki separatçı-terrorçu qruplaşmaları yenidən hərəkətə gətirdi. Sanki Rusiyadakı bəzi dairələr Qarabağın erməni əhalisinin sürətlə bu bölgəni tərk edəcəyindən və sülhməramlıların mövcudluğunun təhlükə altında qalacağından ehtiyatlandığı üçün gərginliyi körükləməyə çalışırlar, hətta politoloqların dili ilə. Azərbaycan Müdafiə Nazirliyinin 11 avqustda Moskvaya ünvanlı sərt xəbərdarlığı isə ondan xəbər verir ki, ərazi bütöbvlüyümüz ətraflnda qurulan ssenarilər heç bir halda qəbul edilməyəcək. Ona görə də Tarasov kimilər uydurmalarını saxlasınlar özlərinə. Artıq bəzi erməni şovinistlər Rusiyanın dağılmasını həsrətlə gözləməkdədirlər, bu ölkəyə qarşı ərazi iddiaları ilə çıxış etmək üçün. O zaman ermənilərə “San Marino” statusu təklif edə bilərlər...
Tarix: 12-08-2021, 10:03