2020-ci ilin noyabrından Rusiya sülhməramlıları Laçın dəhlizindən Dağlıq Qarabağa və geriyə 58 mindən artıq avtomobil və 210 minə yaxın insanın, ərzaq və müxtəlif məhsulların təhlükəsiz keçidini təmin edib. Bu haqda Rusiyanın Müdafiə Nazirliyi avqustun 16-da məlumat yayıb. “Müşahidə postunun şəxsi heyəti atəşkəs rejiminə əməl olunmasına nəzarət edir, Laçın dəhlizindən nəqliyyat vasitələrinin keçidinin təhlükəsizliyini təmin edir və bu zaman hər bir avtomobil zərurət yaranarsa yoxlanır. Hər gün postdan 200-dək avtomobil keçir”, – Dağlıq Qarabağdakı Rusiya sülhməramlı kontingentinin təmsilçisi Vasili Davıdov deyib. “Xankəndiyə gedən avtomobillərin sayını dəqiqliyi ilə bilirik” Azərbaycan prezidenti İlham Əliyev avqustun 14-də “CNN Türk”ə müsahibəsində Qarabağda Rusiya sülməramlılarının fəaliyyətinə də toxunub. Prezident deyib ki, Rusiyanın sülhməramlı qüvvələrinin nəzarətində olan ərazilərə Ermənistandan silahlar və hərbçilər göndərilə bilməz, amma bu proses bu günə qədər davam edir: “Siz Şuşada olarkən Laçın dəhlizini görə bilərsiniz. Orada bir yer var, yuxarıdan bütün avtomobillər görünür. Oradan məsafə bəlkə də 10 metrdir. Bizim orada təbii ki, texniki vasitələrimiz, kameralarımız var. Biz Laçın dəhlizi ilə Rusiya sülhməramlı qüvvələrinin nəzarətində olan bölgələrdə baş verən hadisələri də izləyirik. Xankəndiyə gedən avtomobillərin sayını dəqiqliyi ilə bilirik”. Ötən il Azərbaycan 44 günlük müharibə və sonrakı razılaşma nəticəsində Dağlıq Qarabağın bir hissəsinə və ətraf yeddi rayona nəzarəti bərpa edib. Həmin il 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya arasında) əsasən, həmçinin Laçın dəhlizində və qoşunların təmas xəttində isə Rusiya sülhməramlıları yerləşdirilib. Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsi tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qalıb. Siam.az