“Azərbaycan antiterror əməliyyatlarına başlamağa məcburdur” – DEPUTAT


“Azərbaycan antiterror əməliyyatlarına başlamağa məcburdur” –   DEPUTAT
Elman Məmmədov: “Rus əsgərləri Qarabağda sülhməramlılıq yox, erməniməramlılıq nümayiş etdirirlər”
 
Ermənistan silahlı qüvvələri tərəfindən son bir ayda atəşkəs mütəmadi olaraq pozulmaqdadır. Son 10 gündə isə düşmənin atəşi daha intensiv xarakter alıb. Ermənistan silahlıları sərhədin Naxçıvan, Kəlbəcər, Gədəbəy, Tovuz istiqamətlərində bir gündə 3-4 dəfə atəş açmaqdadırlar. Eyni zamanda, erməni terrororçu qrupları tərədindən işğaldan azad edilən, Rusiya sülhməramlılarının yerləşdiyi Qarabağda, Şuşa ətrafında da atəşkəs pozuntusu baş verir.
 
Azərbaycan Müdafiə Nazirliyi adekvat tədbirlər görüldüyünü açıqlayır. Rəsmi Bakıdan isə xəbərdarlıq edilir: Ermənistan regionda sülhün bərqərar olmasını istəyirsə, o zaman təxribatlara son qoymalı, 10 noyabr 2020-ci ildə imzalanmış üçtərəfli Birgə Bəyanatın müddəalarına əməl etməlidir.
 
Lakin görünür, Ermənistan sülhdə maraqlı deyil və Azərbaycan ərazilərinə iddiasını davam etdirir. Yaxud da, məğlub Ermənistanın iddiasını davam etdirməsini təşviq edən güclər var.
 
Baş verənlərlə bağlı fikirlərini AYNA-ya müsahibəsində açıqlayan Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, parlamentdə Xocalını təmsil edən deputat Elman Məmmədov deyib ki, Ermənistan İkinci Qarabağ müharibəsindəki biabırçı məğlubiyyətləri ilə barışmaq istəmir:
“O video təxribatdır, inanmayın” –           DEPUTAT
- Ermənilərin tarixi bir xəstəliyi var ki, bu xəstəlik onların canına hopub. Xəstəlik də odur ki, onlar yaşadıqları yerlərlə yanaşı, qonşu dövlətlərin ərazisinə iddia edirlər. Təsəvvür edin, 150 ildən artıqdır ki, Türkiyə ərazilərinə, özlərinin dostu-qardaşı olan İran ərazilərinin bir hissəsinə, Gürcüstan ərazisinə, Azərbaycan ərazisinə iddialıdırlar. Görünür, sərsəm iddialarından da əl çəkmək niyyətində deyillər. Bu xəstəliyin ermənilərdə yaranmasının səbəbkarları hazırda da onların yanında olan, onlara şirin vədlər verən, ruhlandıran, ümid verən böyük güclərdir. Tarixin bütün dövrlərində bu güclər ermənilərə vədlər veriblər. Bunlar Fransadır, Rusiyadır, ABŞ-dır, bir neçə xırda dövlətlərdir. Erməniləri aldadıblar ki, onlara “Böyük Ermənistan” dövləti yaradacaqlar. Bu xəstələr də yalançı vədlərə inanıblar. Böyük güclər də bədbəxtlərdən dəyənək kimi istifadə ediblər. İndi də Ermənistan adlı dəyənəkdən istifadə edirlər, qızışdırırlar. Məsələ bu qədər sadədir.
 
- Demək istəyirsiniz ki, Ermənistanın məğlubiyyətini qəbul etməsini, sülhə gəlməsini əngəlləyən həmin güclər, həmin dövlətlərdir?
 
- Tarixə baxın, hər zaman bunlardan dəyənək kimi istifadə ediblər. Ermənilər dərindən fikirləşsələr, anlayarlar ki, sülhə gəlməkdən başqa yolları yoxdur. İbrət götürmürlər, nəticə çıxarmırlar. Qanmalıdırlar ki, havadarlarının köməyi ilə işğal etdikləri, 30 il işğalda saxladıqları Azərbaycan əraziləri artıq azad edilib. Bu gün onların yaşadıqları ərazilər beynəlxalq hüquqda Ermənistan kimi tanınsa da, Azərbaycanın tarixi əraziləridir. Şükür etsinlər ki, hələlik biz o ərazilərə iddiamızı ortaya qoymuruq. Bizim ərazilərimizdən 9 min kvadrat kilometr ərazi verildi, bunlar dövlət yaratdılar. Sonra birdən-birə bu ərazi artıb 29 min kvadrat kilometr oldu. Ermənilər bununla kifayətlənmək istəmədilər, yenidən işğala başladılar.
 
Bu xəstə millət elə bilirdi ki, 30 ildir işğalda saxladıqları Qarabağ da bunlarındır. Təbii ki, həmişə dərslərini alırlar. Sadəcə abırsız-həyasız toplumdur. Onlara dövlət də demək olmaz. Çünki özləri dövlətlərinin adını hələ müəyyənləşdirməyiblər, bilmirlər ki, Ermənistandır, Armeniyadır, yoxsa Hayastandır… Hələ bu günə kimi müəyyənləşdirməyiblər ki, ermənidirlər, yoxsa haydırlar. Kimdən, haradan törədiklərini bilməyən millətin dövləti olmaz. Ermənistan dövlət deyil, bir təşkilatdır, beynəlxalq güclərin dəyənəyi olan bir kütlədir.
 
Cənab Prezident İlham Əliyev Kəlbəcər və Laçına səfərində Ermənistana mesajlar verdi. Onlar bu mesajlardan nəticə çıxarmalıdırlar. Ölkə başçımız bildirdi ki, biz harada durmalıyıqsa, orda durmuşuq. Hara lazımdırsa, biz oradayıq, orada olacağıq. Və heç kəs də bizim qarşımızı ala bilməz. Bundan ermənilər nəticə çıxarmalıdırlar. Necə ki, biz Şərqi Zəngəzuru qaytardıq, ermənilər axmaqlıqlarına davam etsələr, Qərbi Zəngəzur məsələsini qaldıracağıq, iddiamızı ortaya qoyacağıq. Eləcə də, Basarkeçərə, digər tarixi torpaqlarımıza iddiamızı qaldıracağıq. Hesab edirəm ki, Ermənistanın başıboş rəhbərliyi düşünməlidir, bir az ağılları varsa, havadarlarına arxayınlaşmamalıdırlar. Nədir, yeni müharibə istəyirlər?
 
- Müharibə istəklərini açıq bəyan etməsələr də, təxribatların sayını artırırlar...
 
- Azərbaycan Ordusu Vətən müharibəsində bunların başını əzdi. 44 gün ərazində Ermənistana hər yerdən dəstək gəldi, nə edə bildilər? Şimaldan da, Cənubdan da köməkləri müharibədən əvvəl də, müharibə zamanı da gəldi - silah-sursatdan tutmuş, canlı qüvvəyədək, muzdlularadək, terrorçu dəstələrədək. Lakin biabırçı məğlubiyyətlə üzləşdilər. İndi papaqlarını qoymalıdırlar qarşılarına, qəbul etməlidirlər ki, Azərbaycanın güclü ordusu var və heç bir halda bu ordunu məğlub edə bilməzlər. Ermənistan müharibəyə başlasa, birdəfəlik məhv olacaq, yer üzündən silinəcək.
 
- Görünür, dediyiniz güclər Ermənistana yenidən vədlər verirlər...
 
- Təəssüf ki, səmimi şəkildə tərəfdaşlıq, əməkdaşlıq etmək istədiyimiz dövlətlər, məsələn, Rusiya ikibaşlı siyasət yeridir. İkinci Qarabağ müharibəsindən sonra Qarabağda sülhməramlılıq missiyasını üzərinə götürən Rusiya əsgərləri bu gün sülhməramlılıq yox, erməniməramlılıq nümayiş etdirir. Onlar sülhməramlılıqdan çox başqa işlərlə məşğul olurlar. Cənab Prezident dəfələrlə qeyd edib ki, Laçın dəhlizindən kimlər gedir-gəlir, nə edirlər, nə aparıb-gətirirlər - bizim hər şeydən məlumatımız var. Biz bilirik ki, həmin dəhlizdən Qarabağa yenə də terrorçular daşınır, silah-sursat aparılır. Əlbəttə ki, buna şəraiti Rusiya sülhməramlıları yaradırlar. Çünki Laçın dəhlizinə nəzarəti sülhməramlılar həyata keçirirlər. Birgə Bəyanatı imzalayanlardan biri də Rusiya Prezidentidir. Bəs yaxşı, sülhməramlılar öz liderlərinin imzaladığı sənədin bəndlərinin pozulmasına niyə göz yumurlar?! Sülhməramlılar bu vaxtədək Azərbaycan ərazilərindəki bütün qeyri-qanuni fəaliyyət göstərən silahlı terrorçuları, qrupları çıxarmalı idilər. Əksinə, biz görürük ki, terrorçuları silahlandırırlar, gücləndirirlər.
 
Bundan başqa, sülhməramlılar bir dəstə ermənini it sürüsü kimi arxasına salıb gah Kəlbəcər, gah Xocavənd ərazisindəki məbədə aparırlar. Xeyirdirmi? Mən ömrümün 42  ilini o ərazilərdə yaşamışam, bir dəfə görməmişəm ki, ermənilər hansısa məbədə getsinlər, ibadət etsinlər. İndi ermənilər birdən dindar oldu, ibadətə başladılar? Bu şəraiti sülhməramlılar yaradır, aranı qızışdırmağa çalışırlar. O ibadətə gedən keşişlərin də əksəriyyəti əlisilahlı terrorçudur.
 
- Prezident son açıqlamasında bildirdi ki, “biz sülhün yaranmasından yanayıq və bu təklifimiz ortadadır. Amma bu təklif əbədi olaraq davam etməyəcək. Əgər Ermənistan yola gəlməsə, o zaman biz siyasətimizə yenidən baxacağıq”. Sizcə, bu, İrəvanla yanaşı, vasitəçilik missiyasını üzərinə götürən Rusiyaya da bir mesaj deyilmi?
 
- Təbii ki, siyasətimizə yenidən baxmalıyıq. Baxın, müharibənin dayanmasından doqquz aydan çox vaxt keçib. Lakin bu günə qədər Azərbaycan ərazisində separatçı cinayətkar qurum sülhməramlıların himayəsi altında, onların xeyir-duası ilə öz fəaliyyətini davam etdirir. Hələ də qondarma quruma məxsus terrorçu dəstələr Qarabağdadırlar. Bu qüvvələrin təminatı haradandır, silah-sursatı haradan alırlar, ərzağı, yanacağı haradan gəlir? Təbii ki, Laçın dəhlizindən. Dəhliz isə sülhməramlıların nəzarəti altındadır. Əgər Rusiya hərbçiləri missiyasını ədalətli yerinə yetirsəydi, indi ərazimizdə bir dənə də terrorçu qalmamışdı. Demək ki, bunların orada olmasında sülhməramlılar maraqlıdır, şərait yaradırlar.
 
Eyni zamanda, Azərbaycanın cinayətkar kimi axtarışa verdiyi, Xocalı soyqırımını törədən Sarqsyan, Balasanyan, Köçəryan istədikləri vaxt əl-qollarını sallayaraq mənim ərazimə gəlib-gedirlər. Həm də qaçaq yolla yox, Laçın dəhlizindən, sülhməramlıların müşayiəti ilə. Yaxşı, sülhməramlılar onları niyə saxlamır, Azərbaycana təhvil vermir ki, bu adamlar soyqırımı törədiblər, qatildirlər, beynəlxalq axtarışdadırlar?! Demək ki, böyük güclər, sülhməramlıların mənsub olduğu dövlət münaqişənin alovlanmasında maraqlıdır, bölgədə dayanıqlı sülhün olmasını istəmir. Kreml münaqişənin alovlanmasını istəyir, bunun üçün körükləmə işini görür və bölgədə mövcudiyyətini bu yolla saxlamaq niyyətindədir. Bölgədə sülh olsa, kənardan sülhməramlıya, vasitəçiyə ehtiyac qalmayacaq. Aydındır ki, Rusiya bölgədə varlığını əbədiləşdirmək üçün münaqişəni sönməyə qoymur.
 
- Belə olan halda Azərbaycan hansı addımları atmalıdır və ya atacaq?
 
- Əlbəttə, bəyan edildiyi kimi, adekvat addımlar atılmalıdır. Laçın dəhlizi Azərbaycan ərazisidir və Ermənistanla olan hissə Azərbaycan-Ermənistan dövlət sərhədidir. Orada Azərbaycan sərhədçisi dayanmalıdır, Azərbaycan Sərhəd Xidmətinin buraxılış məntəqəsi olmalıdır. Birmənalı olaraq deyim ki, oraya biz nəzarət etməliyik. Mən sual verirəm: Rusiyanın hər hansı ölkə ilə sərhədinin 500 metrliyində başqa bir dövlətin əsgəri dayanır? Təbii ki, yox. Bəs mənim sərhədimdə niyə Rusiyanın əsgəri dayanmalıdır? Azərbaycanın özünün kifayət qədər gücü var ki, sərhədini qorusun. Ona görə də, biz təcili bu məsələni gündəmə gətirməli, dəhlizi nəzarətə götürməliyik. İkincisi, ərazimizdən terrorçuları, qeyri-qanuni silahlı birləşmələri təmizləmək üçün Azərbaycan məcburdur ki, antiterror əməliyyatlarına başlasın. Biz bunu sülhməramlılardan gözləyirdik, onlar da Birgə Bəyanatda göstərilənləri həyata keçirmədilər, terrorçuları ərazimizdən çıxarmadılar. Əksinə, sülhməralılar tərsinə işləyirlər. Azərbaycan beynəlxalq hüquqa əsaslanaraq, öz qanunlarına əsaslanaraq, BMT Nizamnaməsinə əsaslanaraq ərazisində təhlükəsizlik tədbirlərini həyata keçirməyə başlamalıdır. Hesab edirəm ki, bunun üçün Azərbaycan hərəkətə keçəcək.
Tarix: 19-08-2021, 10:50
Xəbəri paylaş





Xəbər lenti