"Sülhməramlılar faktiki olaraq Ermənistana və Qarabağdakı ermənilərə kömək edir" — Vahid Əhmədov


“Nikol Paşinyan yenidən Ermənistanın Baş naziri seçildikdən sonra bir sıra ziddiyyətli açıqlamalar verir, addım atır. O, bununla Azərbaycana və proseslərin müsbət inkişafına təsir etmək istəyir. Bu məqsəddə Paşinyan tək deyil, onun arxasında müəyyən dövlətlər dayanır”.
 
Bu fikirləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Vahid Əhmədov deyib.
 
Millət vəkili, Ermənistan Baş nazirinin himayədarlarının təsiri ilə açıqlamalar verdiyini və onun bu mövqeyinin Azərbaycan tərəfindən qəbul edilməyəcəyini qeyd edib:

 
“Azərbaycan Prezidentinin yürütdüyü müstəqil siyasət, Türkiyə ilə daha da yaxınlaşma Ermənistanın himayədar qüvvələrinin məqsədinə uyğun gəlmir. Onlar Azərbaycanın münaqişədən və xarici təsirlərdən uzaq dövlət olmasını istəmir. Paşinyan da bu yolda sadəcə bir alətdir. Bölgədə münaqişənin qalmasını istəyən, hər cür vasitə ilə proseslərə müdaxilə məqsədi daşıyan qüvvələr Paşinyandan alət kimi istifadə edirlər. Rusiya, ABŞ, Fransa kimi dövlətlər münaqişənin daimi olmasını istəyir, bunun vasitəsilə bölgədə öz maraqlarını qorumaq niyyətindədirlər. Paşinyan da məhz havadarlarının maraqlarından istifadə edir. Sərhəddə və sülhməramlıların yerləşdiyi ərazilərdən mövqelərimizin atəşə tutulması da bunun nəticəsidir. Yeri gəlmişkən, üçtərəfli bəyanatın imzalanmasından sonra müəyyən ərazilərdə Rusiyanın sülhməramlı qüvvələri yerləşdirilib, lakin bu müddət ərzində biz sülhməramlı fəaliyyətin şahidi olmamışıq. Sülhməramlı qüvvələr faktiki olaraq Ermənistana və Qarabağdakı ermənilərə kömək edir, gərginlik yaratmaq cəhdlərinə şərait yaradırlar. Üçtərəfli bəyanata əsasən, bunun tam əksi baş verməli, Qarabağda qalan qanunsuz silahlı birləşmələr tam şəkildə təmizlənməli idi. Bununla, Rusiya gərginliyin qalmasında maraqlı olduğunu göstərir”.
 
Müsahibimiz, N.Paşinyanın Minsk qrupunu prosesə cəlb etmək cəhdlərini mənasız addım sayır. Bunun müzakirə predmeti olmadığını vurğulayır:

 
“Paşinyan açıqlama verir ki, sülh danışıqlarına hazırdır. Hazırdırsa, qərar versin, bəyanat qəbul etsin, Azərbaycanın ərazi bütövlüyünü tanısın, Dağlıq Qarabağ və status ifadələrindən birdəfəlik imtina etsin. Yalnız bu halda onunla sülh danışıqları həyata keçirilə bilər. Sən bir tərəfdən mövqelərimizə atəş aç, gərginlik yaratmağa cəhd et, himayədarlarının diqtəsi ilə addım at, digər tərəfdən də guya sülh barədə açıqlamalar ver. Bu, Azərbaycanın qəbul edəcəyi proses deyil. Bu cür hərəkətlərə, təxribatlara Azərbaycanın cavab vermək imkanı kifayət qədərdir və proses davam etsə, bu cavabı ən sərt şəkildə verəcək. Ermənistan artıq anlamalıdır ki, vaxt onların əleyhinə işləyir. Hətta onların himayədarlarının da bölgəyə təsir imkanı artıq yoxdur. O ki qaldı Ermənistanın danışıqların ATƏT-in Minsk qrupunu çərçivəsində aparılması ilə bağlı mövqeyinə, bu, baş verməyəcək. Azərbaycanın mövqeyi bəllidir, Minsk qrupu geridə qalan 30 il müddətində münaqişənin həlli ilə bağlı heç bir addım ata bilmədi. İndiki zamanda da onların fəaliyyətinə ehtiyac yoxdur. Sülh danışıqlarında hansısa vasitəçiyə ehtiyac duyulmur. Belə ehtiyac yaransa, onda mütləq Türkiyə də prosesdə iştirak etməlidir. Türkiyə Azərbaycanı müdafiə edən, siyasi maraqlarını bilən, hərbi cəhətdən yaxın dövlətdir. Danışıqlarda vasitəçilik ancaq bu halda baş tuta bilər. Ermənistanın Baş nazirinin açıqlamaları isə boş xülyalardır. Bu açıqlamalarla müəyyən qədər təsir etmək, danışıqları öz mövqelərinə doğru çəkmək istəyirlər, amma bu, mümkün deyil. Sülh danışıqları ancaq Ermənistanın Azərbaycanın şərtlərini qəbul etməsindən sonra başlaya bilər. Ermənistan nəzərə almalıdır ki, onun dövlətçiliyi təhlükə altına düşür. Ölkənin siyasi, iqtisadi vəziyyəti ürəkaçan deyil. Ermənistan dövlət kimi varlığını davam etdirmək istəyirsə, Azərbaycan və Türkiyə ilə əlaqə qurmalı, ərazi bötüvlüyünü tanımalı və yalnız bu iki dövlətlə danışıqlar masasına otura biləcəyini qəbul etməlidir. Əks halda, 5-10 il sonra Ermənistan adlı dövlət yox olub gedəcək”.
Tarix: 26-08-2021, 08:40
Xəbəri paylaş





Xəbər lenti