Rusiya sülhməramlılarından Azərbaycana güc nümayişi: - “Heç də xoşməramlı addım deyil”


Azərbaycan ictimaiyyətində Laçın dəhlizinin ermənilərin üzünə bağlanması məsələsi müzakirə olunduğu bir zamanda Rusiya sülhməramlılarının bölgədə hərbi təlimlər keçirməsi ilə bağlı məlumat yayılıb.

Məlumatı Rusiya Federasiyasının Müdafiə Nazirliyi yayıb.
Qeyd olunub ki, təlim simulyasiya edilmiş düşmənin pilotsuz təyyarələrindən istifadə edərək mümkün pozuntuların qarşısını almaq, müşahidə məntəqələrində təhlükəsizliyi təmin etmək məqsədi daşıyıb.

“Məşğələlər 6 təlim məntəqəsində keçirilib. Təlim zamanı hərbi qulluqçular yeni taktiki fəndlər və yerləşmə ərazisindən çıxış zamanı yeni fəaliyyətlər icra ediblər. Bundan əlavə, şərti pozucunun blokadaya alınması və təyin olunmuş hüdudlara ərazinin relyefindən istifadə etməklə gizlicə manevr edərək çıxış məşq edilib”, - deyə nazirliyin məlumatında belə vurğulanıb.

Belə bir məqamda Rusiya sülhməramlılarının Laçın dəhlizində hərbi təlim keçirməsi nəyə işarədir? Bu, Azərbaycana qarşı güc nümayişidir?

Politoloq Oqtay Qasımov Cebhe.info-ya açıqlamasında deyib ki, Rusiya sülhməramlıları bölgəyə yerləşdikdən sonra müxtəlif adlar altında təlimlər keçirib:

“Blok-postlara hücum, hərbi texnikalardan, silah-sursatlardan istifadə, o cümlədən pilotsuz uçuş aparatlarından istifadə etməklə təlimlər keçirdilər ki, bunun da məqsədi xoşməramlı deyil. Çünki bu davranışların böyük hissəsi sülməramlıların missiyasına uyğun deyil. Xüsusilə də Laçın dəhlizi ilə bağlı 25 avqustda Azərbaycan həbçisinə hücumdan sonra Azərbaycan tərəfi haqlı olaraq Ermənistanın M-2 dövlətlərarası yol sayılan və 21 kilometri bizim ərazimizdən keçən Qafan-Gorus yolunu bağladı. Bu da Rusiya və Ermənistan tərəfində qayğıları artırdı. Bundan sonra belə qərara gəldilər ki, Laçın dəhlizində blok-postların və post-patrulların sayını artırsınlar.

Hansı ki, Laçın dəhlizində hərəkətə Azərbaycan tərəfindən heç bir maneə yaradılmayıb. Azərbaycan bu dəhlizin təhlükəsizliyini 10 noyabr Bəyanatına uyğun olaraq təmin edir. Rusiya sülhməramlıları isə həmin ərazidə yalnız post-patrul xidməti həyata keçirməlidir. Hər halda sülhməramlıların Laçın dəhlizində təlim keçirməsini xoş məram saymıram. Rusiya sülhməramlılarının bu davranışları artıq özbaşınalıq həddinə çatmaqdadır. Bu da təbii ki, Azərbaycan cəmiyyəti və dövləti tərəfindən xoş qarşılanmır. Bununla bağlı müxtəlif diplomatik kanallar və bəzi hallarda açıq şəkildə Rusiya tərəfində etirazlar bildirilir”.

Politoloq hesab edir ki, Azərbaycanın nəzarəti altında olmayan, Rusiya sülhməramlılarının məsuliyyətində olan zonada antiterror əməliyyatlarının keçirilməsinin zamanı çatıb:

“Bu əməliyyatlar Şuşa ətrafında, Laçın dəhlizi ətrafından, Ağdərədəki müxtəlif yüksəkliklərdə hansı ki, Azərbaycana narahatlıqlar yaradılır, o ərazilərdə keçirilməlidir. Ümumi olaraq qanunsuz erməni hərbi birləşmələri zərərsizləşdirilməlidir. Əgər ruslar bunu etməyəcəksə, Azərbaycanın bunu etməyə haqqı və hüquqi var. Çünki həmin yüksəkliklərdən mütəlif təxribatlar törədilə bilər”.
Tarix: 30-08-2021, 13:49
Xəbəri paylaş





Xəbər lenti