Xankəndidə “müstəqillik günü”nə hazırlıq və ya “Küp strategiyası” işə düşməlidir


Xankəndidə “müstəqillik günü”nə hazırlıq və ya     “Küp strategiyası” işə düşməlidir
Sülhəddin Əkbər: “Neçə ki, sərhədlərimiz nəzarətimizdən kənardır, Laçın dəhlizində yoxuq, Qarabağa kim gəlir-gedir, nə aparıb-gətirirlər – qarşısını ala bilməyəcəyik”
 
Sabah - sentyabrın 2-də Azərbaycanın Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan Qarabağ bölgəsində, Xankəndi şəhərində separatçı ermənilər “müstəqillik günü” keçirəcəklərini bəyan ediblər. “Tədbir”ə Ermənistan Parlamentinin deputatları da dəvət olunub. Güman edilir ki, Ermənistan deputatları, rəsmiləri də “müstəqillik günü”nə qatılacaqlar. Ekspertlər bildirirlər ki, separatçıların növbəti təxribatının Azərbaycan tərəfindən qarşısı mütləq şəkildə alınmalıdır. Bunun üçün müxtəlif variantların olduğu bildirilir: Azərbaycan diplomatik vasitələrlə “tədbir”in keçirilməsinə imkan verməməlidir. Diplomatik fəaliyyət işə yaramırsa, o zaman hərbi güc vasitəsi ilə məsələ həllini tapmalıdır. Eyni zamanda, Ermənistandan rəsmilərin ərazilərimizə qeyri-qanuni səfərinin qarşısının alınması üçün Laçın dəhlizi müvəqqəti də olsa, bağlanmalıdır.
 
Mövzu ilə bağlı AYNA-nın suallarını cavablandıran Azad Demokratlar Partiyasının sədri, ləğv edilən milli təhlükəsizlik nazirinin birinci müavini olmuş Sülhəddin Əkbər də hesab edir ki, əvvəlcə siyasi-diplomatik addımlar atılmalıdır:

- Diplomatik addımları möhkəmləndirmək, təsirliliyini artırmaq üçün də müdafiə və təhlükəsizlik sahəsində bir sıra işlər görülməlidir. Ümumiyyətlə, Qarabağın hələ də düşmən nəzarətində olan əraziləri ilə bağlı atılmalı olan addımlar paket-proqram halında olmalıdır. Görüləcək tədbirlərin də həm açıq, həm də qapalı yanları nəzərə alınmalıdır.
 
Hesab edirəm ki, Azərbaycan ilk növbədə Rusiyaya etiraz notası verməlidir. Önləyici aktiv diplomatik gedişlər olmalıdır ki, separatçı-terrorçular “müstəqillik günü” kimi axmaq yığıncaq təşkil edə bilməsinlər. Çünki separatçıların hazırda yaşadığı Azərbaycan ərazisi Rusiyanın dırnaqarası sülhməramlılarının məsuliyyət zonasıdır. Bu gün separatçılar təxribatçı addım atırlar ki, bu da bölgədə sülhün əldə olunmasına ziddir. Azərbaycan əsaslandırılmış şəkildə Rusiyaya müraciət ünvanlamalı, nota təqdim etməlidir. Moskvadan israrla terrorçuların belə təxribatının qarşısının alınması tələb olunmalıdır. Bildirilməlidir ki, əks təqdirdə, Azərbaycan adekvat addımlar atacaq.
 
- Diplomatik addımlar nəticə verməsə, hərbi addımlar mümkündürmü?
 
- Əlbəttə, mümkündür. Azərbaycan Şuşa, Xankəndi ətrafında hərbi aktivlik nümayiş etdirə bilər. Eyni zamanda, birbaşa İrəvana və Xankəndidəki separatçılara açıq xəbərdarlıq edilə bilər. Kəşfiyyat və təhlükəsizlik qüvvələrimiz müvafiq addımlar ata bilərlər. Erməni tərəfi, əslində isə Rusiya təxribatlardan çəkinməyə çağırılmalıdır ki, bu çağırış da qətiyyətli olmalıdır. Bilirsiniz, bu gün separatçıların təxribatlarının arxasında Rusiya dayanır. Yoxsa ki, Araikin nəyinə lazımdır orada “müstəqillik günü” keçirmək, Azərbaycanın bütün hiddətini öz üzərinə çəkmək?! Araik kimlərə arxayın olub bu addımları atır? Əlbəttə, Kremlə. Bu baxımdan, Azərbaycan fəaliyyətini Rusiyaya yönəltməlidir. Bildirməlidir ki, Azərbaycan əvvəlki Azərbaycan deyil. Və Rusiyanın təhrikçi, təxribatçı addımları Azərbaycanı Kremlin təsir zonasına qaytarmayacaq, əksinə, daha da uzaqlaşdıracaq. Rəsmi Bakı bu mövqeyini açıq şəkildə göstərməlidir. Diplomatik kanallar vasitəsi ilə Moskvaya çatdırılmalıdır ki, bu siyasət davam edərsə, dırnaqarası sülhməramlıların Qarabağdan çıxarılması gündəmə gələcək. Eyni zamanda, qardaş Türkiyə və Pakistanla, digər tərəfdaş ölkələrlə daha təsirli addımlar atacaq. Rusiya da anlamalıdır ki, hər belə təxribatçı əməllər ona baha başa gələcək. Məsələn, Azərbaycan Türkiyənin hərbi bazalarının ölkəmizdə yerləşdirilməsi məsələsinin müzakirəsinə başlaya bilər.
 
- Azərbaycanın müdafiə naziri xidməti müşavirə keçirdi və tapşırıq verdi ki, Azərbaycana yönəlik və Azərbaycan ərazisində törədiləcək təxribatların qarşısı anındaca alınsın. Müəyyən analitik mərkəzlər hesab edir ki, sentyabr ayında Ermənistanın və Qarabağdakı separatçı-terrorçuların təxribatlarının sayı artacaq. Müdafiə nazirinin belə tapşırıq verməsi, baş verənlər ona gətirib çıxara bilərmi ki, Qarabağda antiterror əməliyyatı keçirilsin?
 
- Mən əvvəldə qeyd etdim ki, tədbirlər paketinin bir hissəsi qapalı olmalıdır. Qapalı dedikdə, mən kəşfiyyat və təhlükəsizlik sahəsindəki addımları nəzərdə tuturam. Məsələn, Azərbaycan kəşfiyyat orqanları elə bir əməliyyat keçirə bilər ki, bu, qarşı tərəfdə çəkindiricilik effekti yaradar. Mən dövlət adamı deyiləm, əlimdə elə informasiya yoxdur ki, deyim hansı addımlar atmaq mümkündür. Buna ölkənin müvafiq qurumları – Ali Baş Komandan, Müdafiə Nazirliyi, DTX, XKX qərar verməlidirlər. Təhlükəsizlik Şurası toplanmalı, müvafiq qərarlar qəbul olunmalıdır.
 
- Ermənistan rəsmilərinin Xankəndidə keçirilməsi nəzərdə tutulan “müstəqillik günü”nə qatılmaq ehtimalı var. Təkliflər var ki, bunun qarşısının alınması üçün Azərbaycan Laçın dəhlizini bağlamalıdır...
 
- Üçtərəfli Birgə Bəyanat imzalanan gündən mən deyirəm ki, təxribatların qarşısının alınmasının bir yolu var – “Küp strategiyası”nı həyata keçirmək. Xəritəyə baxsaq görərik ki, nəzarətimizdə olmayan ərazilərimiz küp formasındadır. Bənzətmə ilə küpün gövdəsi keçmiş Dağlıq Qarabağın hələlik nəzarətimizdə olmayan əraziləridir, boynu Laçın dəhlizidir, ağzı da Ermənistanla dövlət sərhədinə düşən 5 kilometrlik ərazidir. Biz birinci həmin beş kilometrlik ərazini qapatmalıyıq. Ora bizim dövlət sərhədimizdir. Sərhədi bağlamalı, suverenliyimizi təmin etməliyik. Sülhməramlılar müşahidəçi kimi orada qala bilərlər. Neçə ki, sərhədlərimiz nəzarətimizdən kənardır, Laçın dəhlizində yoxuq, Qarabağa kim gəlir-gedir, nə aparıb-gətirirlər – qarşısını ala bilməyəcəyik.
 
İkincisi, ərazilərimizin bütün perimetrləri üzrə Türkiyə ilə saziş imzalanmalıdır, orada Azərbaycan-Türkiyə birgə postları qurulmalıdır. Həmin perimetr üzrə hərbi döyüş xidməti həyata keçirməliyik, Rusiya da, Ermənistan da daim orada Azərbaycan və Türkiyə hərbçisini, bayrağını görməlidir. Ərazilərimizə qaçqınların qayıdışı üçün isə BMT ilə işləməliyik. BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığına müraciət etməliyik ki, insanlarımızı öz ata-baba yurdlarına qaytarmaqda yardımçı olsunlar. Məcburi köçkünlərimizi mümkün qədər tez o ərazilərə qaytarmalıyıq – xüsusilə də, Xocalıya. Eyni zamanda, o ərazilərdə Azərbaycanın yerli hakimiyyət orqanları fəaliyyətə başlamalıdır. Əks təqdirdə, bu təxribatlar davam edəcək. Biz oranı izolyasiya etməliyik ki, nəticə əldə edə bilər.
 
- Bunları həyata keçirmək istiqamətində addımların atılmaması sanki Rusiya amilindən çəkingənliklə bağlıdır...
 
- Rusiyadan çəkingənliyin olduğu doğrudur. Bunun aradan qaldırılması, Rusiyanın təhdidlərinin neytrallaşdırılması üçün əməli addımlar atılmalıdır.
 
Birincisi, Türkiyənin Azərbaycanda hərbi bazaları qurulmalıdır. Onsuz da Türkiyə Ordusunun hərbçiləri Azərbaycandadır. Bunu Ermənistanın da Rusiyanın da kəşfiyyatı bilir. Türkiyənin hərbçilərinin buradakı varlığını qanuniləşdirmək lazımdır. O halda Türkiyə tərəfi dövlət səviyyəsində üzərinə məsuliyyət götürəcək. Rusiya anlasın ki, təhdidlərinin, təxribatlarının qarşısında təkcə Azərbaycan yox, həm də Türkiyə var.
 
İkincisi, 2010 cu ildə Türkiyə ilə imzaladığımız Tərəfdaşlıq Sazişinə oxşar bir sənədi Pakistanla da imzalamalıyıq. Bu sənəd belə adlanır – Strateji Tərəfdaşlıq və Qarşılıqlı Yardım haqqında Saziş. Orta Asiyadakı qarışıq vəziyyəti də nəzərə alsaq, Rusiya anlamalıdır ki, artıq Pakistan da Azərbaycanın yanındadır. Və Rusiya Azərbaycana qarşı təxribatlarının cavabını Mərkəzi Asiyada alacaq.
 
Üçüncüsü, İsraillə münasibətləri daha da sıxlaşdırmalıyıq. Bu gün Azərbaycan onsuz da İsraillə strateji əməkdaşlıq edir. Bu əməkdaşlığı rəsmiləşdirmək, bu ölkədə səfirliyin açılması lazımdır. Bununla İsrail bizim həm də Ermənistanın arxalandığı Qərbdə qalxanımız olmalıdır. İsraillə daha da yaxınlaşmalıyıq ki, bu ölkə bizi həm informasiya sahəsində, həm beynəlxalq aləmdə ictimai rəyin formalaşmasında dəstəyini daha da artırsın.
 
Dördüncüsü, Böyük Britaniya ilə əlaqələri gücləndirməliyik. Birləşmiş Krallıqla biz əməkdaşlıq edirik. İkinci Qarabağ müharibəsi zamanı bu ölkənin Azərbaycana diplomatik dəstəyini gördük. Əməkdaşlığı daha da dərinləşdirmək vacibdir.
 
Eyni zamanda, ABŞ-la Strateji Tərəfdaşlıq Xartiyası imzalamalıyıq, hansı ki, Gürcüstanla ABŞ bu sənədi imzalayıb. NATO ilə əlaqələri genişləndirməliyik, Avropa Birliyi ilə hazırda masada olan Şərq Tərəfdaşlığı Sazişini imzalamalıyıq. Bu addımlardan sonra Azərbaycanın mövqeyi xeyli güclənəcək.
 
Bununla yanaşı, ölkə daxilində demokratik islahatlara başlanılmalıdır. Vətən müharibəsində yaranan milli birlik artıq siyasi, iqtisadi, hüquqi təmələ otursun, möhkəmlənsin. Azərbaycan həm daxildə güclənməli, həm də beynəlxalq aləmdə etibarlı, laiqli mövqe əldə etsin. Bunlardan sonra Rusiya hazırkı siyasətini davam etdirə bilməyəcək.
Tarix: 1-09-2021, 10:40
Xəbəri paylaş





Xəbər lenti