"Sülhməramlıların Azərbaycanda qalmaq müddəti yalnız bizdən asılıdır" — Vahid Əhmədovla MÜSAHİBƏ




Milli Məclisin deputatı Vahid Əhmədovun Demokrat.az-a müsahibəsi:

- 10 noyabr bəyanatından 10 aya qədər müddət keçsə də, Ermənistan üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmir. Ermənistanın Baş naziri Nikol Paşinyanın öhdəliklərdən yayınması nə vaxtadək davam edə bilər?

- Bu, o qədər də asan proses deyil. Nə qədər ki, prosesdə Rusiyanın mövqeyi, ərazidə isə sülhməramlıları var, bu məsələ də o qədər uzun müddət davam edə bilər. Digər tərəfdən, Paşinyan bəzi məsələlərdə müsbət addımlar atmağa çalışır, amma düşünürəm ki, ona bu imkanı vermirlər. Ümumiyyətlə, fikrimcə, proseslərlə bağlı Azərbaycan Prezidenti və Ermənistan Baş naziri arasında birbaşa dialoq olsaydı, bir çox məsələlər öz həllini tapardı. Azərbaycanın müəyyən təkliflər etməsinə baxmayaraq, sərhədlərlə bağlı məsələ də hələ həll edilməyib. Məsələdə böyük dövlətlərin müəyyən maraqları var. Onlar münaqişə zonasının qalmasını, münaqişənin davam etməsini istəyirlər. Bu, onların Azərbaycana və Ermənistana təzyiq, proseslərə müdaxilə etmələrinə şərait yaradacaq. Amma Azərbaycan Prezidentinin mövqeyi tam aydındır və sərtdir. Azərbaycanın ərazi bütövlüyünün bərpası və təhlükəsizliyi bizim ən vacib məsələmizdir. Proses uzun müddət davam edə bilməz. Başqa sözlə, sülhdən yayınma, öhdəliklərin yerinə yetirilməməsi çox çəkə bilməz. Paşinyan Azərbaycanın ərazi bütövlüyünü tanımağa və ərazi iddialarından əl çəkməyə məcbur olacaq. İşğaldan azad olunmuş ərazilərdə böyük işlər görülür, hava limanları tikilir, istifadəyə verilir. Bu, dövlət başçısının apardığı uğurlu siyasətin nəticəsidir.
 
- Proseslərdə region dövlətlərinin, o cümlədən beynəlxalq qurumların təsiri nə dərəcədədir?

- İndiki vəziyyətdə beynəlxalq təşkilatların hansısa təsirinə inanmıram. Bu prosesi iki dövlət idarə və həll etməlidir. Ermənistanın sülh danışıqlarına başlaması üçün bütün şəraiti Azərbaycan yaradıb, Prezident tərəfindən şərtlər irəli sürülüb. Ermənistan Qarabağla bağlı bütün absurd açıqlamalarından, fikirlərindən əl çəkməlidir. Ermənistan bu məsələləri Azərbaycanla həll edə bilməsə, taleyi çox çətin olacaq. Həmçinin, Qarabağda yaşayan ermənilərin də vəziyyəti çətin ola bilər. Hətta həmin ermənilər “ruslar olmasaydı, indi məhv olmuşduq” kimi ifadələr işlədirlər. Özləri də vəziyyətlərinin necə olduğunu yaxşı bilirlər. Həm Qarabağdakı ermənilər, həm də Ermənistan bir dövlət kimi məhvə doğru gedir. Həm iqtisadi, həm də siyasi cəhətdən Ermənistan öz sonunu yaxınlaşdırır. 

Rus sülhməramlılarının olduğu ərazilərdə ermənilərin müəyyən silahlı dəstələri qalır və oradan təxribatlar törədirlər. Burada təbii olaraq sülhməramlıların fəaliyyəti məsələsi də ortaya çıxır, bilmirik ki, silahlı birləşmələr öz iradələri ilə atəş açır, ya sülhməramlılar onlara şərait yaradır. İstənilən halda, bu proses uzun müddət davam edə bilməz. Azərbaycan dövlət başçısı bir neçə dəfə bununla bağlı xəbərdarlıq edib. Prezidentin mövqeyi güclüdür. O, həm “CNN Türk”ə müsahibəsində, həm də digər açıqlamalarında Rusiyanın Ermənistanı silahlandırması ilə bağlı ciddi mesajlar verdi. Son olaraq, Hikmək Hacıyev sülhməramlıların fəaliyyəti ilə bağlı sənəd olmadığını bildirdi. Sülhməramlıların Azərbaycanda qalmaq müddəti yalnız bizdən asılıdır və onlar istənilən an oradan çıxarıla bilər. Dövlət başçısının müstəqil siyasəti bəzi dövlətlərin xoşuna gəlmir. Digər dövlətləri təsiri altında saxlamaq istəyən güclərin bu niyyəti artıq mümkün ola bilməz. Digər tərəfdən, dünya düzəni dəyişib, Rusiya əvvəlki Rusiya deyil, regionda Türkiyə kimi dövlət irəli çıxıb. Türkiyə kimi Azərbaycanı müdafiə edən dövlət Qafqazda söz sahibi olan gücə çevrilib. Ona görə də, bəhs etdiyimiz dövlətlər öz istəklərini yenidən nəzərdən keçirməli, müqəddəratını həll etməlidir. 

- Sülhməramlıların fəaliyyətinə toxundunuz. Digər tərəfdən, Rusiya XİN sözçüsü Mariya Zaxarova son günlər gündəmə gələn Türkiyə-Ermənistan münasibətlərinin bərpasında vasitəçilik edə biləcəklərini bildirib. İndiki halda, münasibətlərin bərpası və Rusiyanın vasitəçiliyi nə dərəcədə real görünür?

- Türkiyə-Ermənistan münasibətləri Azərbaycan-Ermənistan münasibətlərindən çox asılıdır. Bir vaxtlar sərhədlərin açılması məsələsi gündəmə gəldi, lakin Azərbaycanın mövqeyini bildirməsindən sonra bu, reallaşmadı. Türkiyə tərəfi də münasibətləri bərpası ilə bağlı müsbət fikirdə olduğunu bildirir, amma bu, birbaşa reallaşacaq proses deyil. Münasibətlərin bərpası üçün Ermənistan bəzi şərtləri yerinə yetirməlidir. İlk növbədə, Zəngəzur dəhlizi məsələsi birdəfəlik həll edilməli, dəhliz açılmalıdır. Bu, üçtərəfli bəyanatda öz əksini tapan məsələlərdəndir. İkincisi, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımalı və rəsmi şəkildə bildirməlidir. Üçüncüsü, sərhədlərlə bağlı məsələ həll edilməli, delimitasiya prosesi yekunlaşmalıdır. Azərbaycan-Ermənistan münasibətləri normallaşsa, Türkiyə ilə əlaqələr də yaranacaq.
 
- Bəs Rusiyanın münasibətlərdə vasitəçiliyi mümkündür?

- Hazırda Rusiya maraqlı dövlətə çevrilib. Rusiya tərəfi istəyir ki, MDB dövlətlərində təsiri olsun, torpaqlarında yerləşsin. Amma Rusiyanın bu istəyi Azərbaycanda, belə desək, puç oldu. Düzdür, Rusiyanın ərazimizdə sülhməramlı kimi hərbi qüvvələri var, amma nə onların missiyası bəllidir, nə də məramı. Bilinmir ki, sülhməramlılar orada nə işlə məşğuldur. Onlar sülhü, təhlükəsizliyi təmin etməlidirlər, amma məhz onların yerləşdiyi ərazilərdən mövqelərimiz atəşə tutulur. Görünür, bu məsələdə ruslar da maraqlıdır. Ona görə də, Rusiyanın bu proseslərdə müsbət addım atdığına, vasitəçilik edə biləcəyinə inamım yoxdur. Rusiya bir tərəfdən vasitəçilik, proseslərin inkişafı ilə bağlı mövqe bildirir, digər tərəfdən Ermənistanı silahlandırır, ordusunun müasirləşməsi üçün dəstək veriləcəyini açıqlayır. Görünür, oyun oynamaq, ikili yanaşmaq istəyirlər, amma bu, Azərbaycan üçün keçərli deyil. Azərbaycanın və Prezidentinin mövqeyi qətidir. Proseslərə müdaxilə etmək istəyən hər bir qüvvə bunu anlamalıdır.

Tarix: 6-09-2021, 22:39
Xəbəri paylaş





Xəbər lenti