Erməni iddiası dəyişmir, amma “Dağlıq Qarabağ adlı ölü” də DİRİLMƏYƏCƏK...


Erməni iddiası dəyişmir, amma “Dağlıq Qarabağ adlı ölü” də DİRİLMƏYƏCƏK... 
Bu gün Anım günüdür. Bu gün 44 günlük müharibədə həlak olanlar dərin ehtiramla yad edilir. Bu gün hüzn günüdür. Belə bir gündə adətən insanın daxilinə, ruhuna bir sakitlik, dinclik, aqressivlikdən uzaq hisslər hakim kəsilir. Bəli, İNSANIN ruhuna. Amma, erməni ruhu bu hisslərdən uzaq olduğunu, hətta bu gün də sübut etdi. Bu günü məğlub düşmən də qeyd edir, amma sakitliklə yox, aqressivcəsinə. Niyə belədi? Azərbaycan dövlət başçısı İlham Əliyevin Anım günü münasibətilə xalqa müraciətində belə bir fikir var:” Ermənistanda hakimiyyət dəyişikliyi olur və olubdur, ancaq düşmənin xisləti dəyişmir”. 
 
Və bu xislət heç vaxt dəyişməyəcək. Bu xislət yalnız antutürk, anti Türkiyə, antiAzərbaycan üstündə qurulmayıb, bu antibəşəri xislətdir. Bu gün xalqa müraciət edən Ermənistan prezidenti Armen Sarkisyan yenə “İkinci Artsax müharibəsi” ifadəsi işlədir və mübarizəni davam etdirməyə səsləyir. Bütün dünyada din xadimləri sülhə, barışa çağırış edər. Bu gün erməni kilsəsinin başçısı II Qaregin müraciətində deyir:” "Müharibədən bir il sonra, milli yüksəliş yolu hər kəsdən şəxsi məsuliyyət hissi və vətənə bağlılıq tələb edir, Dağlıq Qarabağ xalqının öz taleyini həll etmək hüququnu qorumaq üçün birgə səylərə ehtiyac var”. Sanki din xadimi yox, xarici işlər naziri və ya müdafiə naziri bəyanat verir, erməniləri birgə mübarizəyə ( əslində müharibəyə), revanşizmə səsləyir,  “millətlərin öz müqəddaratını təyinetmə” prinsipinə əməl etmək üçün birgə mübarizəyə çağırır. 
 
Hələ Azərbaycan XİN -in Anım günü münasibətilə verdiyi bəyanatın Ermənistana müraciət hissəsini öz mətbuatlarında dərc edib, bunu bizim zəifliyimiz kimi təqdim edirlər. XİN -in müraciətində deyilir: “Azərbaycan beynəlxalq hüququn prinsipləri, xüsusilə də suverenlik, ərazi bütövlüyü, və beynəlxalq sərhədlərin toxunulmazlığına ciddi riayət olunması əsasında Ermənistan ilə münasibətlərin normallaşdırılmasına hazırdır. Biz Ermənistanı bölgədə sülh, təhlükəsizlik və rifahın təmin olunması naminə bu fundamental prinsiplərə hörmət etməyə, beynəlxalq öhdəliklərinə əməl etməyə çağırırıq”.
 
Bu bizim sülhə çağırışımız, bu da onların dəyişməz xisləti. 1905, 1918, 1920, 1988-1994, 2020-ci il Azərbaycan -Ermənistan müharibələri. 100 ildən çoxdur ki, bizə və Türkiyəyə əsassız ərazi iddiaları irəli sürən, iddialarını Konstitusiyalarına salan, özlərinə saxta tarix yaradıb, saxta “əzabkeş” obrazı verən erməninin xisləti, düşmənçiliyi dəyişməyəcək. Odur ki, arxayınlaşıb Xankəndi problemini uzaq zamana saxlamamalıyıq. Düşmən ən ağır günündə belə nə xislətini, nə iddiasını yerə qoymayıb. Qalib dövlət, qalib millət olaraq işimizi sona çatdırmaq üçün bütün gücümüzü birləşdirməliyik və qalan torpaqlarımızı da azad etməliyik. 
Azərbaycan Prezidentinin bu günkü müraciətində “ kim Dağlıq Qarabağ adlı ölünü diriltmək istəyirsə...” ifadəsi, bizdə tezliklə Xankəndində bayrağımızın ucalacağına böyük inam  yaradır və bu gün ehtiramla yad etdiyimiz şəhidlərimizin ruhunun da o zaman tam rahat olacağına əminik.
 
İlham İsmayıl

Tarix: 27-09-2021, 14:16
Xəbəri paylaş





Xəbər lenti