2020-ci il sentyabrın 27-də İkinci Qarabağ müharibəsi başlayıb. Bu müharibə 44 gün davam edib və Azərbaycanın 1992-93-cü illərdə Ermənistan tərəfindən işğal edilmiş ərazilərinin tam azad edilməsi ilə başa çatıb.Müharibə 2020-ci il noyabrın 10-da, Azərbaycan prezidenti İlham Əliyevin, Ermənistan baş naziri Nikol Paşinyanın və RF prezidenti Vladimir Putinin imzaladığı üçtərəfli Azərbaycan-Ermənistan-Rusiya sülh Bəyanatı ilə dayandırılıb.
Bu bəyanat Qarabağa – ermənilərin qaldığı əraziyə Rusiya sülhməramlılarının yerləşdirilməsini, nəqliyyat kommunikasiyalarının açılmasını nəzərdə tuturdu. Bu müharibənin yekunlarına görə Azərbaycanın keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin (DQMV) sərhədləri ətrafında yerləşən 7 rayonu işğaldan azad edilib. DQMV-nin keçmiş sərhədləri 1/3 azalıb.
Mənəvi-psixoloji nöqteyi-nəzərdən bu, Ermənistanın və erməni millətinin müstəsnalığı ideyasına ciddi zərbə idi. Əslində, uduzulmuş müharibənin Ermənistanı açıq-aşkar çıxılmaz vəziyyətə salan miatsum (birləşmə) ideyasının uzun illərdir davam edən parçalanmasını yekunlaşdırdığını qeyd etmək daha doğru olardı.
Bu ideya 1987-ci ildə açıq şəkildə ifadə edilib və həmin vaxtdan etibarən dövlət səviyyəsində və ictimai səviyyədə informasiya müharibəsi, hüquqi müharibə aparılıb, 1991-ci ildə bu müharibə diversiyaya, 1992-ci ildə isə Azərbaycana qarşı açıq müharibəyə çevrilib. Bu dövrdə qarşıya iki məqsəd qoyulub: 1) Ermənistanın azərbaycanlılardan tamamilə təmizlənməsi – təmizləmə siyasəti 19-cu əsrdən etibarən Qafqazın Rusiya İmperiyasına birləşməsindən sonra həyata keçirilməyə başlayıb, 2) Azərbaycanlılardan təmizlənən DQMV-nin Ermənistana birləşdirilməsi. 1992-ci ilin mayına qədər hər iki məqsədə nail olunub.
Birləşmə siyasətinin əsas ideyası Ermənistanın yaşayış sahəsinin genişləndirilməsindən ibarət idi. Yerevanda hesab edirdilər ki, məhsuldar Qarabağ torpaqları olmadan Ermənistanın öz-özünü təmin edərək mövcudluğunu davam etdirməsi çətin olacaq. Münaqişənin birinci mərhələsini – monodövlət yaradılması və artıq DQMV-nin hüdudlarından kənarda Azərbaycan ərazilərinin işğal edilməsi mərhələsini qiymətləndirsək, 1994-cü ilə doğru bu vəzifə də yerinə yetirilib. Sahəsi 29743 kv. km. olan Ermənistan sahəsi 4400 kv. km. olan DQMV-nin hüdudlarından kənarda 7634 kv. km-lik ərazini də işğal etməyə müvəffəq olub. Beləliklə, ermənilərin vahid yaşayış sahəsi 41777 kv. km-ə qədər genişlənib. Beləliklə, qarşıya qoyulmuş məqsədə artıqlaması ilə nail olunub. Sonradan bu uğur Azərbaycanla danışıqlarda Ermənistanın mövqeyinin yumşaldılması üçün bir şans belə buraxmırdı. Amma problem bunda deyil. Yaşayış sahəsinin genişləndirilməsi və bütün dünyadan ermənilərin Ermənistan Respublikasına köçürülməsi ideyası, qəribə də olsa, fiaskoya uğrayıb. 44 günlük müharibədə Ermənistanın məğlubiyyətinin səbəbi erməni cəmiyyətinin əvvəlcədən rahat yaşayışlarını vətəni ucaltmaq naminə fədakarlıqla əvəz etmək istəməməsi ilə bağlı idi. Miatsum ideyası daimi sosial-iqtisadi böhranların, mülkiyyət təbəqələşməsinin, güclü korrupsiyanın, erməni cəmiyyətində millətin birləşməsinin əsası olan
sevgi və mərhəmətin itirilməsinin zərbələri altında çox sürətlə dəyərdən düşürdü. İdeya meyllərinin itirilməsi
ermənilərin regiondan çıxmasının başlanğıcını qoyub. Münaqişə ilə əlaqədar Azərbaycanı tərk edən 400 min erməninin böyük hissəsi başqa ölkələrə köçüb. Ermənistan əhalisinin sayı 1988-ci ildəki 3,5 mln. nəfərdən 2019-cu ildə 1,5 mln. nəfərə qədər və ya 57% azalıb. Keçmiş DQMV-də 1988-ci ilin əvvəllərində 135 min erməni, İkinci Qarabağ müharibəsi ərəfəsində isə 50 min erməni yaşayırdı, yəni əhali 62% azalmışdı. Qarabağ erməniləri əksərən Rusiyaya üstünlük verirdi. Mühacirət nisbətləri buna yaxındır.
44 günlük müharibədə Ermənistanın məğlub olmasının əsas səbəbini ideyanın, motivasiyanın məğlubiyyətində axtarmaq lazımdır. Və ayıq erməni siyasətçiləri, ictimai xadimləri bunu etiraf edirlər. Məsələ təkcə Azərbaycanın öz torpaqlarının azad olunması uğrunda müharibəyə hazırlaşmasında və siyasi, hərbi və ideoloji cəhətdən böyük iş görməsində deyil. İkinci Qarabağ müharibəsi birinci müharibədən fərqli olaraq, Ermənistan əhalisinin və DQ ermənilərinin məhz ideya olmadığına görə azərbaycanlılarla döyüşməyə hazır olmadığını göstərib.
Sabit demoqrafik azalma və iqtisadi tənəzzül tendensiyası Azərbaycanla sonrakı qarşıdurmada – bu isə bir-birinin dövlət sərhədlərinin tanınması haqqında sülh sazişinin imzalanması, nəqliyyat kommunikasiyalarının açılması məsələsinin uzadılması, DQ-nin müstəqilliyi uğrunda mübarizənin davam etdirilməsindən ibarətdir, – Ermənistanı daha da zəiflədəcək. Ermənistanın Noravank Fondu mühacirətə səbəb olan dörd amili qeyd edir: iqtisadi amil, nəqliyyat amili, siyasi və psixoloji amil.
“Ermənistanda xarici mühacirət: tendensiyalar, istiqamətlər, say” sərlövhəli məqalədə Qrant Mikaelyan dörd böhran amilinin hər birinin mövcud olduğu şəraitdə əhalinin gedişinin qarşısıalınmaz olduğunu qeyd edir. Müharibədə məğlubiyyəti də buna əlavə etsək, bu tendensiyanın sürətlənəcəyini proqnozlaşdırmaq olar. Müharibəsonrası statistika mühacirətin xeyli artdığını göstərir, hərbi məğlubiyyətdən daha çox yaşayış sahəsinin genişləndirilməsi ideyasının dəyərdən düşməsi şəraitində bu, qanunauyğundur. Eadaily.com saytı 2021-ci il iyulun 27-də “Ermənistan vətəndaşlarının Rusiyaya mühacirəti xeyli artıb” sərlövhəli məqalə dərc edib. Bunu digər mənbələr, o cümlədən Ermənistanın siyasi xadimləri də təsdiq edir. Kütləvi xarakter alan mühacirət anlayışının arxasında erməni cəmiyyəti üçün ciddi təhdidlər dayanır, onlar arasında ilk səbəblərdən biri Azərbaycan və Türkiyə ilə qarşıdurmadan imtinadır. Müharibə birbaşa mənada başa çatsa da, pərdəarxası qarşıdurma davam edir, burada Ermənistanın bir dövlət kimi daha da zəifləməsi və Azərbaycanın əksinə, möhkəmlənməsi və qələbənin nəticələrini inkişaf etdirməsi tendensiyası müşahidə olunur.
Sülhə gedən tikanlı yolATƏT-in münaqişənin nizamlanması üzrə Minsk Qrupunun həmsədri olan ölkələr müxtəlif təsir vasitələri ilə Azərbaycan və Ermənistan liderləri arasında birbaşa danışıqların başlaması prosesini sürətləndirməyə çalışır. Münaqişə tərəflərinin mövqelərindəki ziddiyyətlər səbəbindən proses hələ də başlamır. Ermənistan birinci yerə DQ-nin statusunu, daha doğrusu müstəqillik verilməsini qoyur, Azərbaycan isə sülh sazişinin imzalanmasında israr edir, qalib ölkə üçün status məsələsinin artıq mövcud olmadığını bəyan edir. İstənilən halda, tərəflər bu mövqelərə sadiqdirlər. Həmsədrlərə gəlincə, Azərbaycanı statusun müzakirəsinə ən fəal şəkildə Birləşmiş Ştatlar dəvət edir. Bu ölkənin Ermənistandakı səfiri Linn Treysi müntəzəm olaraq statusla bağlı danışıqların başlaması zərurətini təkrar edir. “Biz Dağlıq Qarabağın statusu məsələsini həll edilmiş hesab etmirik və hesab edirik ki, iki ölkə arasındakı problemlərin həlli üçün hərtərəfli nizamlanmaya ehtiyac var”, deyə Linn Treysi bu il sentyabrın 15-də bildirib. ABŞ-da konqresmenlər Azərbaycanın insan hüquqlarının pozulmasına görə cəzalandırılması təşəbbüsü irəli sürürlər. Sentyabrın 23-də konqresmenlər Azərbaycana hərbi yardımı məhdudlaşdıran qanun layihəsi qəbul ediblər. Bütün bunlar status haqqında danışıqların başlaması tələbləri fonunda baş verir, sülh sazişindən əvvəl belə danışıqlar baş tuta bilər.
Əliyev, əvvəllər də olduğu kimi, öz mövqeyində səbatlıdır. Sentyabrın 23-də Rusiyanın “Natsionalnaya oborona” jurnalına müsahibəsində Əliyev bildirib ki, Ermənistanın Qarabağın statusu haqqında tələbləri perspektivsizdir. “Təəssüf ki, hələ də “Dağlıq Qarabağ”ın statusu barədə məsələlər qaldırılır, bu isə tamamilə perspektivsiz və mənim fikrimcə, Ermənistanın hazırkı faciəvi vəziyyətində onun üçün zərərli və təhlükəlidir. Çünki onlar İkinci Qarabağ müharibəsinin dərslərini unutmamalıdırlar”, deyə Əliyev bildirib.
Rusiya ABŞ qədər qətiyyətli deyil və delimitasiya və demarkasiya prosesinin başlaması zərurətinə daha çox meyllidir, yəni ön plana sərhədlərin tanınmasını qoyur. Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova sentyabrın 16-da çıxış etdiyi brifinqdə bildirib ki, Rusiya Azərbaycandan və Ermənistandan sərhədin delimitasiyası və demarkasiyası məsələləri ilə bağlı təklifinə cavab gözləyir.
Zənnimcə, təkcə Yerevan və Bakı səviyyəsində deyil, həm də vasitəçilər səviyyəsində bu iki mövqeyin – status və delimitasiyanın toqquşması ilə əlaqədar Minsk Qrupu və 10 noyabr 2020-ci il tarixli Bəyanat əsasında yaradılmış Azərbaycan-Ermənistan-Rusiya İşçi Qrupu çərçivəsində heç kim hər hansı nəticəyə nail ola bilməyəcək.
Ankara-Yerevan xətti ilə də Rusiyanın da cəlb edildiyi kifayət qədər mühüm paralel məsləhətləşmələr aparır. Türkiyə prezidenti Erdoğan bildirib ki, sentyabrın 29-da Soçiyə səfəri zamanı bu məsləhətləşmələrin gedişatını Putinlə müzakirə edəcək. Türkiyə Qarabağ münaqişəsinin nizamlanmasında Rusiya ilə əməkdaşlıq xəttinə sadiqdir və Rusiya-Türkiyə tandemində tarazlığı poza biləcək hər hansı ayrıca addımlar atmaq istəmədiyini göstərir. Paşinyanın Gürcüstan vasitəsilə çatdırdığı məxfi sülh danışıqları təklifinə Erdoğanın açıq reaksiyası da bundan irəli gəlir.
Nəticə və perspektiv44 günlük müharibə SSRİ-nin dağılmasından sonra müstəqillik şəraitində Cənubi Qafqazın sabitliyində və inkişafındakı problemin əsas səbəbinə çevrilən ermənilərin birləşmə ideyasının dəyərdən düşdüyünü və məğlub olduğunu göstərib. Yaşayış sahəsinin genişləndirilməsi ideyasının dəyərdən düşməsinin, çox təəssüf ki, regionun zəifləməsindən ən az 30 il sonra başlayacaq çoxtərəfli regional əməkdaşlığa yol açması müsbət haldır. Ermənistan-Azərbaycan böhranının həlli üzrə tədbirlər, göründüyü qədər, iki müstəvidə – delimitasiya və status müstəvisində həyata keçiriləcək: 1) Azərbaycan və Ermənistan arasında və paralel olaraq Ermənistan və Türkiyə arasında böyük sülh sazişi üzrə delimitasiya danışıqları Rusiyanın himayəsi altında inkişaf edəcək. 2) Status danışıqları ATƏT-in Minsk Qrupu çərçivəsində inkişafını davam etdirəcək, gördüyümüz qədər, burada əsas istiqaməti Ştatlar və Fransa verəcək. Son nəticədə biz böhranın həllinin delimitasiya-demarkasiya və status məsələlərini ehtiva edən paket variantının şahidi ola bilərik. Faktiki olaraq region Ermənistanın çox böyük itkiləri və Azərbaycanın böyük nailiyyətləri ilə1987-ci ildəki status-kvoya qayıdacaq.
Contact.az
Tarix: 27-09-2021, 22:05