“Gürcüstan vasitəsilə Azərbaycan və Ermənistan arasında birbaşa dialoq yarana bilər” — Politoloq



“Gürcüstanın mövqeyi proseslərdə həlledici faktor ola bilməz, amma müəyyən təsir edə bilər. Belə ki, Azərbaycan rəhbərliyi və Ermənistan rəhbərliyi arasında birbaşa əlaqə, körpü yoxdur. Əvvəllər bu əlaqə Rusiya və ya ATƏT-in Minsk qrupunun həmsədrləri üzərindən həyata keçirilirdi. Lakin indiki halda Gürcüstan vasitəsilə Azərbaycan və Ermənistan arasında birbaşa dialoq yarana bilər”. 

Bunu Demokrat.az-a açıqlamasında politoloq Turab Rzayev bildirib. 

O, Gürcüstanın vasitəçiliyi ilə Azərbaycan və Ermənistan arasında danışıqların reallaşa biləcəyini vurğulayıb:

“Qarşılıqlı problem doğuran və iki tərəfin ortaq məxrəcə gələ biləcəyi, qarşılıqlı güzəştin edilə biləcəyi məsələlər birbaşa Ermənistanla müzakirə edilməlidir. Bunu Paşinyan daha əvvəl Türkiyə ilə münasibətləri normallaşdırmaq üçün Gürcüstandan istəyib. Ermənistan Türkiyə ilə münasibətlərini danışıqlar masası ətrafında müzakirə etmək istəyirdi. Bu hal Azərbaycanla Ermənistan arasındakı məsələlərdə də keçərlidir. Ən azından, Gürcüstanın vasitəçiliyi ilə danışıqlar masası formalaşa bilər. Gürcüstanın vasitəçiliyini təklif etməsi həm Azərbaycan, həm də Türkiyəyə Ermənistanla birbaşa dialoq üçün şərait yaratmış olur”. 
 
Politoloqun sözlərinə görə, sülh istiqamətində proseslərin başlanmasında Türkiyə-Rusiya münasibətləri də həlledici rol oynayacaq:
 
“Proseslərdə digər əsas məsələ Türkiyə və Rusiyanın mövqeyidir. Həm Ərdoğan, həm də Putin Cənubi Qafqazla bağlı dəstəkləyəcəkləri birgə mövqedə olsalar, Ermənistana təzyiq edə bilərlər. Əks halda, yəni iki tərəfin mövqeyi üst-üstə düşmürsə, yaxud Putin Ərdoğanın mövqeyi ilə razı deyilsə, o zaman yaxın zamanda Paşinyanın addımlarında dəyişiklik görmək çətin olacaq”.
 
“Hazırkı vəziyyətdə proseslərin inkişafı region dövlətlərindən, o cümlədən ölkələrin Türkiyənin təklif etdiyi “3+3” platformasına münasibətindən asılıdır. Altılıq platformasının aktuallaşması yenidən gündəmə gəlsə, bu da Azərbaycanla Ermənistan arasında dialoqun formalaşmasına kömək edə bilər. Bu platforma çərçivəsində Azərbaycan-Ermənistan-Gürcüstan dialoqu yarana bilər və İran, Türkiyə və Rusiya bu dialoqa dəstək versə, regionda sülhün, əməkdaşlığın inkişafı üçün şərait yarana bilər. Lakin İran bu platforma ilə bağlı kənar mövqedədir, həmçinin Ermənistanın da hələ ki, bu platformaya müsbət yanaşmadığını deyə bilərik. Proseslərin inkişafında Rusiyanın Ermənistana münasibəti və mümkün təzyiqi də böyük rol oynayacaq. Rusiya Ermənistanın münaqişənin sülh yolu ilə həllinə daha da yaxınlaşması üçün təsir göstərmək istəsə, bunun üçün kifayət qədər resursu var. Belə olan halda, Azərbaycan və Türkiyə də əməkdaşlıq üçün müsbət addım ata bilər”.
Tarix: 30-09-2021, 21:09
Xəbəri paylaş





Xəbər lenti