“Əgər erməni traktorçunun qətlindən öncə dəfələrlə atəş açılıbsa, Rusiya hərbçiləri nədən dərhal tarlada işləri dayandırmayıb və ermənilərdən təhlükəsiz yerlərə çəkilməyi tələb etməyib...” Xəbər verdiyimiz kimi, oktyabrın 9-da Ermənistan mətbuatında Qarabağda - Tərtər rayonunun Ağdərə şəhəri (“Mardakert”-erm.) ərazisində yerli sakinin guya Azərbaycan ordusu snayperi tərəfindən öldürüldüyü iddia edilib. Elə həmin gün – oktyabrın 9-da Azərbaycan Müdafiə Nazirliyi mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumatda ermənilərin yaydığı informasiyaların həqiqəti əks etdirmədiyi bildirilib.
Bundan sonra Ermənistan və Qarabağdakı separatçı-terrorçu rejim bütün dünyaya hay qaldırmağa çalışıb. Və təəssüf ki, Rusiya sülhməramlı(?) hərbi kontingentinin 10 oktyabr Bakı vaxtilə saat 20:00-da Rusiya Müdafiə Nazirliyinin rəsmi saytında yayılmış məlumatında sözügedən mövzuda Azərbaycan MN-in yox, erməni saytlarının yaydığı informasiyaları təsdiqləyib.
Moderator.az xəbər verir ki, dünən – 10 oktyabr axşam saatlarından isosial şəbəkələrin erməni seqmentində dərc edilmiş materiallarda Rusiya sülhməramlı(?) hərbi kontingenti komandanlığı qarşısında konkret tələblər qoyulur:
“Yaxın gələcəkdə Azərbaycan Silahlı Qüvvələrinin dinc erməni sakinlərinin yaşadığı Artsax yaşayış məntəqələrinin bütün sərhədlərindəki mövqelərindən ən azı 5 km məsafədə geri çəkilməsini təmin edin.
Ərazini 5 km məsafədə bir bufer bölgə halına gətirin, yəni yalnız sülhməramlıların və ya sülhməramlıların müşayiəti ilə silahsız insanların hərəkət edə biləcəyi təhlükəsizlik zolağı yaradın.
Azərbaycan Silahlı Qüvvələrinin ermənilərin dinc yaşayış məntəqələrinin sərhədlərində və ya bu sərhədlərin yaxınlığında 5 km -dən yaxın məsafədə dayanması qəbuledilməzdir. Belə bir məsafə dinc erməni sakinlərini ölüm riski ilə üz -üzə qoyur və Artsaxın erməni əhalisi üçün təhlükəsizlik zəmanəti vermir”.
Və maraqlıdır ki, bu tələblərin ardınca Moskva vaxtilə saat 00:35-də -aparıcı erməni saytlarından öncə Rusiyaya məxsus “Kavkazskiy uzel” nəşri sözügedən olaydan sonra ermənilərin Rusiya hərbi kontingentindən Azərbaycan ordu bölmələrinin hazırda Yuxarı Qarabağ və Laçın rayonu ərazilərində ermənilərin məskunlaşdığı məntəqələrə yaxınlığında yerləşdikləri mövqelərdən geri çəkilməsini tələb etdiyi material təqdim olunur.
Bu informasiyalar yayıldıqdan bir az keçmiş isə - saat 22:41-də Ermənistanın “Hrapak” nəşri guya Rusiya hərbi kontingenti komandanlığının tələbi ilə “erməni traktorçu Aram Tepnantsı güllələyən Azərbaycan snayperçinin həbs olunması haqda şayiə yayır.
O da diqqətəlayiqdir ki, Rusiyanın “Kavkazskiy uzel” nəşrində bu mövzuda verilmiş materialda hadisənin şahidi olan Ağdərə sakini kimi təqdim edilən Slavik Santroyan rusiyalı müxbirlə söhbətində bildirir ki, guya erməni traktorçu vurulmamışdan öncə Azərbaycan tərəfdən bir neçə atəş açılıb. Və S.Santroyan Rusiya hərbçilərindən tələb edib ki, atəş açılır, tarlada işləri dayandırmaq gərəkdir. Lakin rusiyalı hərbçilər cavab verib ki, “təhlükəli bir şey yoxdur, sadəcə, qorxutmağa çalışırlar”. Bundan sonra Rusiya hərbçilərindən biri traktorçunun yanına əyləşib və o, işləməkdə davam edib. Az sonra isə S.Santroyan aydın şəkildə 4 güllə səsi eşidib və traktorçu vurulub. Maraqlıdır, əgər erməni traktorçunun qətlindən öncə dəfələrlə atəş açılıbsa, Rusiya hərbçiləri nədən dərhal tarlada işləri dayandırmayıb və ermənilərdən təhlükəsiz yerlərə çəkilməyi tələb etməyib...
Bir sözlə, hadisədə şübhəli məqamlar çoxdur və “Qarabağda tarlada işləyən dinc erməninin” Azərbaycan ordusu yerləşən istiqamətdən açılan atəşlə öldürülməsinin Rusiya və Ermənistandakı müəyyən qüvvələr tərəfindən təşkil edilmiş təxribat olması versiyasını ortaya çıxarır...
Ümumiyyətlə, son aylar Rusiya hərbi birləşmələrinin Azərbaycanın məlum ərasisindəki məsuliyyət zonasının genişləndirilməsinə şərait yaratmaq məqsədi güdən oxşar təxribatlar tez-tez törədilməkdədir..
Tarix: 11-10-2021, 09:15