Sülhməramlılar çərçivəni aşır: “Nə qədər ki, Laçın dəhlizinə biz nəzarət etmirik...” - Partiya sədri
Rusiya sülhməramlılarının Qarabağa gəlişi ictimaiyyətdə müəyyən narazılıq yaradıb.Xüsusilə də sülhməramlıların səlahiyyət çərçivələrini aşmaları bu etirazları daha da artırır. Hətta ölkə rəhbərliyi səviyyəsində Rusiyaya etirazlar bildirilib və nəticədə sülhməramlılar fəaliyyətində redaktələr etməyə məcbur qalıb. Bugünlərdə Rusiya sülhməramlıları ilə bağlı məsələ yenidən gündəmə gəlib. Belə ki, Prezident İlham Əliyev İtaliyanın “La Repubblica” qəzetinə müsahibəsində Rusiya sülhməramlıları ilə bağlı məsələyə toxunub və bildirib ki, Rusiya sülhməramlılarının ötən bir illik fəaliyyəti bəzi xırda insidentlər istisna olmaqla ümumən qənaətbəxşdir:
“Həllini gözləyən müəyyən məsələlər qalmaqdadır. Xüsusən də, hazırda Rusiya sülhməramlılarının məsuliyyət zonasında olan ərazilərimizə səfər etmək üçün Azərbaycandan icazə almalı olan əcnəbilər məsələsi var. Qarabağa səfər edən dırnaqarası turistlərin sayı kəskin şəkildə azalsa da, bəzi əcnəbilər hələ də bizim ərazimizə, Rusiya sülhməramlılarının olduğu yerlərə qanunsuz daxil olurlar. Bu məsələ Rusiyanın səlahiyyətli orqanlarının, Müdafiə Nazirliyinin diqqətinə çatdırılıb ki, buna son qoyulsun. Bu və bəzi digər məsələlər öz həllini tapmalıdır”.Göründüyü kimi, hələ də Rusiya sülhməramlıları ilə bağlı həllini gözləyən müəyyən məsələlər qalmaqdadır.
Böyük Azərbaycan Partiyasının (BAP) sədri Elşad Musayev
Cebhe.info-ya açıqlamasında deyib ki, Prezident müsahibəsində Rusiya sülhməramlıları ilə bağlı məsələyə açıq şəkildə mövqeyini ifadə edib:
“Deyirlər ki, niyə Prezident Rusiya sülhməramlıları ilə bağlı yaxşı fikirlər səsləndirib? Prezident ümumi vəziyyəti təhlil edərək bu qənaətə gəlib. Çünki Rusiya sülhməramlıları olmasaydı, Fransanın, ABŞ-ın, Skandinaviya ölkələrinin sülhməramlıları bölgəyə gələ bilərdi və onda da vəziyyət daha da pisləşərdi. Amma sülhməramlılarla bağlı iqtidar da, müxalifət də dəfələrlə öz etirazını bildirib. Hesab edirəm ki, bu etirazlar kifayət qədər əsaslıdır. Çünki Rusiya sülhməramlıları öz missiyalarından kənara çıxırlar. Bir müddət əvvəl sülhməramlılar erməniləri Qarabağa yerləşdirməklə, quruculuq işləri ilə məşğul olurdu, eyni zamanda qanunsuz səfər edənlərə “yaşıl işıq” yandırırdı. Bununla da sülhməramlılar səlahiyyət həddini aşırdı. Düşünürəm ki, nə qədər Laçın dəhlizini nəzarətə götürməmişik, Rusiya sülhməramlılarının özbaşınalıqları davam edəcək. Laçın dəhlizində Azərbaycan sərhədçilərinin yerləşdirilməsi bu problemin aradan qaldırılmasına vəsilə olacaq”.
Tarix: 14-10-2021, 18:09