“Mən bura siyasi mühacir kimi gəlməmişəm” -

 “Mən bura siyasi mühacir kimi gəlməmişəm” - Almaniyadakı sabiq türmə rəisi "Yeni Müsavat"a danışdı

Bugünlərdə bakupost.az saytında “Almaniyaya qaçan rəis Bakıdan necə pasport aldı - Onu kim himayə edir?” başlıqlı yazı dərc edilib. Sözügedən yazıda hazırda Almaniyada yaşayan, keçmiş türmə rəisi Elçin Əkbərovla bağlı xeyli ciddi iddialar yer alıb. Sayt yazıb ki, E.Əkbərov Almaniyada qaçqın statusu aldıqdan sonra da bir neçə dəfə Azərbaycanda olub.

Məqalədən sitat: “Belə ki, Dövlət Miqrasiya Xidmətindəki qaynaqlarımızdan əldə etdiyimiz məlumata görə, o, 2015-ci ilin oktyabr ayında Azərbaycan pasportu ilə Azərbaycana gəlib. 01.11.2015-ci ildə Azərbaycan Respublikasını tərk etməklə Türkiyəyə, oradan isə Almaniyaya gedib. Araşdırma zamanı məlum olur ki, E.Əkbərov dekabr ayında da Azərbaycanda olub. O hətta Bakıda özünə yeni pasport da alıb. Almaniyada siyasi sığınacaq alan keçmiş rəisə P1691**** saylı pasportu 13 dekabr 2016-cı ildə ASAN- 2 də veriblər. Daxil olan məlumatın sensasiyalı tərəfi məhz bu məqamla bağlıdır. İddia olunur ki, uzun illər Bakıda həbsxana rəisi kimi yüksək vəzifədə işləyən və Penitensiar Xidməti, Azərbaycandakı cəzaçəkmə müəssisələrinin vəziyyətini, strukturlarını, planlarını bilən bu şəxsin əlindəki bilgilərdən alman kəşfiyyatı istifadə edir. Məhz bu səbəbdən də onun Azərbaycan pasportu ilə Bakıya gəlib-getməsinə göz yumurlar”.

“Yeni Müsavat” isə xatırladır ki, E.Əkbərovu ilk dəfə azərbaycanlı oxuculara biz tanıtmışıq. 2015-ci ildə həyata keçirdiyimiz “Avropada yaşayan mühacirlərimiz” layihəsi çərçivəsində Almaniyada olarkən ondan müsahibə almışıq. Həmkarlarımız da yazılarında həmin müsahibədən sitatlar və fotolar veriblər.

“Almanlara sığınan türmə rəisimiz” başlıqlı müsahibədə E.Əkbərov bildirmişdi ki, iki türmədə rəis olub: “Mən özüm cəzaçəkmə müəssisəsinin rəhbəri olmuşam. 14 saylıda və 9 saylıda. Şəxsi münasibətlər zəminində Mədət Quliyevlə problemimiz olmuşdu. Penitensiar Xidmətə rəhbər gələndən sonra dedi ki, istədiyim adamı işdən çıxaracam, istədiyimi saxlayacam. Ondan sonra şəxsi münasibətlər kəskinləşdi, mən də ölkəni tərk etdim”.

Uzun çəkən cəhdlərdən sonra “Yeni Müsavat” dünən E.Əkbərovla əlaqə saxlaya bilib və onun barəsində bakupost.az saytında yayılan iddialara münasibət öyrənməyə çalışıb.
Müsahibimiz öncə iddia etdi ki, onun 2015-ci ilin may ayında bizim qəzetə verdiyi müsahibədə yanlış anlaşılmalar olub. O, bu məqamlara aydınlıq gətirdi və təbii ki, bizdə yaranan sualları da cavablandırdı.

- Mən o vaxt sizin müsahibədən də narazı qalmışdım. Hətta narazılığımı bildirmək üçün sizinlə əlaqə yaratmağa da çalışdım. Amma heç cür alınmadı. Çünki sizin Almaniyaya müsahibə üçün gəldiyinizi mənə deyən dostlar bunu belə çatdırdılar ki, siz sosialyönümlü bir layihə üçün gəlmisiz. Yəni Almaniyada yaşayan azərbaycanlıların sosial həyatından silsilə məqalələr yazacaqsız dedilər. Mən də sizə müsahibəmdə demişdim ki, heç bir sosial çətinliyim yoxdur. Həyətimdə toyuğuma qədər saxlayıram, heç nədən də əziyyət çəkmirəm. Amma sizin yazınızın başlığı da elə idi ki, “Almaniyaya sığınan türmə rəisimiz”. Mən Almaniyaya türmə rəisi kimi sığınmamışam ki. Mən təqaüdə çıxmış bir adamam, təqaüdə çıxandan sonra uşaqlarımın təhsili, həyat yoldaşımın səhhəti ilə əlaqədar olaraq gəlmişik Almaniyaya. Alman hökuməti mən bura gələndən mənə Almaniya pasportu verib. Mənim yoldaşımın xəstəliyi və uşaqlarımın təhsili ilə bağlı.

Uşaqlarım məndən öncə burda təhsil alırdılar. Onların təhsili o qədər yüksək səviyyədədir ki, gimnaziumda oxuyurlar. 4 uşağım var, dördü də yüksək səviyyədə təhsil alır. Siz bizdən müsahibə almağa gələndə bizim ailənin bütün üzvlərinin - altımızın da pasportu vardı, alman pasportu, alman oturumu ilə. Bu, bizə Almaniyaya sığındığım və ya türmədən qaçdığım üçün verilməyib. Mən heç kimdən qaçmamışam, təqib də olunmamışam. Bu, bizə uşaqların inteqrasiyası, yaxşı oxumaları və yoldaşımın xəstəliyi ilə əlaqədar verilib. Bu, bütün sənədlərdə də, pasportlarda da öz əksini tapır. Buna humanitar oturum, humanitar pasport deyirlər.

“Mədət Quliyevlə dalaşıb ölkəni tərk etməyim haqda yazılanlar yalandır”


- Yəni siz siyasi mühacir deyilsiz...

- Xeyr. Mən siyasi mühacir ola bilmərəm. Heç bir siyasi partiyanın üzvü olmamışam çünki. Paqon daşımışam, siyasi partiyanın üzvü də ola bilməzdim. Bilirsiz ki, burda bir neçə səbəbdən müraciət mümkündür. Birincisi, siyasidir, hansının ki, mənə aidiyyəti yoxdur. İkincisi, sağalmaz xəstəlik. Üçüncüsü, inteqrasiyadır. Yəni doğrudan da alman xalqı gələcəkdə gözləyir ki, bu şəxslərin uşaqlarının inteqrasiyası filan səviyyədə mümkündür. O halda o uşaqlar azyaşlı olduqları üçün onların valideynlərinə də oturum, uzunmüddətli pasport, gələcəkdə də vətəndaşlıq verilməsinə razılıq olunur. Digər səbəblərdən biri dininin dəyişdirilməsidir. Dinimi də dəyişməmişəm, müsəlmanam. Daha bir səbəb cinsiyyətini dəyişənlərdir. Üzr istəyirəm, bunun da bizə aidiyyəti yoxdur. Bizə hansı statusla verilə bilər? Ancaq humanitar. Çünki mən siyasi mənsubiyyətli olmamışam. Siyasi mühacir olanlar yalnız və yalnız hansısa siyasi partiyanın üzvü olanlardır. Dövlətlə, dövlətçiliklə hər hansı problemləri olur və qaçırlar. Hansısa siyasi mitinqdə, nümayişdə çəkilən şəkillərini göstərib deyirlər ki, bizə təzyiq olub, gəlmişik. Mən hansı nümayişdə iştirak etmişəm ki?

- Elçin bəy, mən həmin müsahibəni xatırlayıram. Sizdən iş yerinizi niyə tərk etdiyinizi soruşdum. Siz də cavab verdiz ki, “Mədət Quliyev Penitensiar Xidmətə rəhbər təyin olunandan sonra şəxsi münasibətlər zəminində onunla problemim oldu, məni işdən çıxardı... ondan sonra bura gəldim”.

- Elə problem olmadı. Sadəcə, təzə rəis idi, kiminləsə işləmək istədi, kiminləsə yox. Ona görə onunla düşmən olmadıq ki. Durum deyim ki, düşmənik, güllə atmışıq bir-birimizə? Özünüz bilirsiz də, hər yerdə belədir. Yeni rəhbər gələndə özünə yeni komanda formalaşdırır. Təbii ki, mənim də təqaüd vaxtım çatmışdı, 26 ildir bu sistemdə işləmişdim. Öz ərizəmlə yazıb çıxdım ki, xahiş edirəm, məni azad edin. Ondan sonra da çıxıb gəldim. Onsuz da uşaqlarım Almaniyada oxuyurdu, yoldaşım da xəstə olduğu üçün hər ay onu Türkiyəyə aparıb gətirirdim. Ona görə də gəldik Almaniyaya.

- Bəs bakupost.az saytında yazılan məsələ nədən ibarətdir? Sizin Bakıya tez-tez gəlib getməniz və sair..


- Mənim Bakıda bir əmlak mübahisəm var idi. Həmin mübahisədə mən məhkəmədə qarşı tərəfi udmuşam. Bu məqalə də həmin qarşı tərəfin vəkillərinin qərəzli, həqiqəti əks etdirməyən iddiaları əsasında hazırlanıb. Yalandan yazıblar ki, bu adam belədir, bu adam elədir... Götürüb sizin məqalənizi də ora əlavə ediblər. Tam həqiqətdən uzaq iddialardır.

- Sizin orda yaşadığınız ev də hökumət tərəfindən verilib? Mən xatırlayıram ki, geniş həyət evi idi...

- Qaçqına, bura sığınana elə ev verirlər, şərait qururlar, xanım? Siz bizə müsahibə üçün gələrkən gördüyünüz evdə kirayədə qalırdım. Ayda 650 avro kirayə pulunu ödəyib, yaşayırdım. İndi isə öz evimizdə yaşayırıq.

- Yaxşı, bəs sizin ordakı statusunuz hazırda nədir?

- Biz Almaniyada humanitar oturum alan vətəndaşlarıq.

- “Azul”, yəni qaçqın statuslu deyilsiniz yəni?

- Xeyr. Nə azul? Bura gələn hər bir azərbaycanlıya, erməniyə, gürcüyə... azul deyirlər. Yəni azul o adamdır ki, pasport alana qədər o statusda yaşayır. Alman dövləti onun pasportunu, oturum kartını, sığortasını, iş kartını verdisə, ondan sonra o şəxs azul statusundan çıxır.

- Yəni yazıdan məlum olur ki, siz istədiyiniz vaxt Azərbaycana gəlib gedirsiz. Elə bir hüququnuz varmı?

- Bəli. Niyə yoxdur ki? Mən Azərbaycana güllə atmışam bəyəm? Mən Azərbaycan vətəndaşıyam, vətəndaşlığından çıxmamışam ki. Sizin dediyiniz adamlar siyasi mühacirlərdir. Onların bir müddət Azərbaycana gedib gəlmək imkanları olmur. Onlar o şəxslərdir ki, Azərbaycan əleyhinə çıxırlar, bayraq yandırırlar, bəyanat yayırlar. Siz məni nə zamansa siyasi status yazanda görmüsüz, ya hansısa mitinqdə, piketdə iştirak edəndə? Mən ancaq ailəmlə məşğul olmuşam. Mənim anam və atam ilk dəfə Naxçıvanda YAP-ı yaradan adamlar olublar. Atam rəhmətə gedib. Anam Nigar Əkbərova isə YAP-da ən çox sayılan-seçilən adamlardan biridir. Bunun müqabilində mən bu dövlətə, dövlətçiliyə necə xəyanət edə bilərəm?

- Bəs ailə üzvləriniz? Onlar da istədikləri zaman gəlib gedə bilirlərmi?

- Mənim ailə üzvlərim Azərbaycan vətəndaşlarıdır, istədikləri vaxt Azərbaycana gəlib-gedə bilərlər. Amma uşaqlarım təhsil alır, yoldaşım da səhhəti ilə əlaqədar hələ gələ bilmir. Mən nə zaman Almaniya vətəndaşlığını alsam, onda Azərbaycana gedib-gəlməyim problem ola bilər. Çünki Almaniya hökuməti ikili vətəndaşlığı qəbul etmir. Onun da 6 il müddəti var. Ancaq 6 ildən sonra bu, mümkündür. Onun 3 ili gedib, 3 ili qalıb. 3 ildən sonra Almaniya vətəndaşlığı alsam, mən onda Azərbaycan səfirliyinə müraciət etməliyəm. Azərbaycan səfirliyi mənə viza versə, mən ölkəyə gəlib-gedə bilərəm.

- Sözügedən məqalədə iddia olunur ki, “uzun illər Bakıda həbsxana rəisi kimi yüksək vəzifədə işləyən və Penitensiar Xidməti, Azərbaycandakı cəzaçəkmə müəssisələrinin vəziyyətini, strukturlarını, planlarını bilən bu şəxsin əlindəki bilgilərdən alman kəşfiyyatı istifadə edir. Məhz bu səbəbdən də onun Azərbaycan pasportu ilə Bakıya gəlib-getməsinə göz yumurlar”.

Buna da aydınlıq gətirmənizi istəyəcəkdim. Çünki çox ciddi iddialardır...

- Vallah gülməlidir. Heç soruşmasanız yaxşıdı. Öz dövlətini satan adam harda yaşasa belə, ora ona cəhənnəm olar. Bu, şərəfsizlərin işidir. Bu işlər bizlik deyil.

Sevinc TELMANQIZI
Tarix: 10-01-2017, 09:06
Xəbəri paylaş





Xəbər lenti