Rusiya yenə ermənilərə qahmar çıxdı – qalmaqal

Rusiya yenə ermənilərə qahmar çıxdı – qalmaqal Elçin Mirzəbəyli: “Moskva xalqları üz-üzə qoyur, onları barışmaz düşmənçiliyə sürükləyir, sonra isə...”

Azərbaycanda çəkilmiş “Erməni faşizmi” filmi Rusiyadakı ekstremist materialların siyahısına daxil edilib. Ölkənin Ədliyyə Nazirliyinin yaydığı məlumata görə, məhkəmə qərarı ilə filmin Rusiya ərazisində nümayişi qadağan edilib.


“Yeni Müsavat”ın əməkdaşının apardığı araşdırmadan belə məlum olub ki, film artıq bəzi internet resuslarından da silinib.

Qeyd edək ki, 2006-ci ildə ərsəyə gələn “Erməni faşizmi” Xocalı soyqırımından bəhs edən, rus dilində çəkilən sənədli filmdir. Filmin müəllifi isə hazırda Rusiyada yaşayan, “Qarabağ” beynəlxalq fondunun prezidenti Roman Ağayev, operatoru Sahib Səfərov, montaj edəni Çingiz Mustafayevdir. Film iki hissədən ibarətdir - birinci hissəsində azərbaycanlılara qarşı Xocalı soyqırımı, “Erməni sindromu” adlanan ikinci hissəsində isə erməni-azərbaycanlı münaqişəsinin sənədli xronologiyası, erməni xüsusi xidmətinin Azərbaycan əleyhinə terror aktları, həmçinin, əsirlərin dillərindən erməni əsirliyinə düşən azərbaycanlıların məruz qaldığı vəhşiliklər təsvir olunur.

Film 2006-cı ildə Samir Əsgərxanov adına müsabiqədə birinci yeri tutub və uzun illər Rusiyada nümayiş olunub.

Çəkdiyi filmin Rusiyada nümayişinin qadağan olunması ilə bağlı müəllif Roman Ağayevin də mövqeyini öyrənməyə çalışsaq da, cəhdlərimiz alınmadı.


Beləliklə, Xocalıda azərbaycanlılar qarşı törədilən soyqırımı əks etdirən filmi öz ölkəsində qadağan etməklə Rusiya bir daha ermənilərə qahmar çıxmış oldu. Və bu bir daha sübut edir ki, Rusiya Dağlıq Qarabağ məsələsində ədalətli, qərəzsiz vasitəçi ola bilməz.

Politoloq Elçin Mirzəbəyli mövzuya bu cür şərh bildirdi: “Rusiya nəinki ədalətli vasitəçi deyil, hətta tərəfidir. Xocalı soyqırımının həyata keçirilməsində Rusiya hərbçiləri də iştirak edib. Həmçinin, Azərbaycan torpaqlarının işğal olunmasında iştirakçı olublar. Rusiya Ermənistanın hərbi-siyasi müttəfiqidir. Münaqişənin həllinə maneə yaradan əsas faktordur. Rusiya olmasaydı, münaqişə çoxdan həll olunmuşdu. Xalqları bir-birinə düşmən etmək Rusiyanın tarix boyu istifadə etdiyi vasitədir. Moskva xalqları üz-üzə qoyur, onları barışmaz düşmənçiliyə sürükləyir. Sonra isə ”ədalətli hakim", “xilaskar” maskası taxaraq hər iki tərəfə “mən olmasam bir-birinizi məhv edərsiniz” deyir. Heç şübhə etmirəm ki, Xocalı soyqırımının icraçıları bu dəhşətli cinayəti Rusiyadakı bəzi hərbi-siyasi dairələrin xeyir-duası ilə həyata keçiriblər. Xocalı soyqırımı və bu kimi dəhşətli cinayətlər ona görə törədilib ki, Azərbaycan və erməni xalqı heç birbaşa dialoqa başlaya bilməsin".

Xalidə GƏRAY
Tarix: 23-10-2017, 08:24
Xəbəri paylaş





Xəbər lenti