Deputatdan və ekspertlərdən SOS siqnalı “Avropa Şurası” adlı tribunanı erməniyə vermək olmaz”

Deputatdan və ekspertlərdən SOS siqnalı “Avropa Şurası” adlı tribunanı erməniyə vermək olmaz” Hakimiyyətyönlü deputat Zahid Oruc Milli Məclisin son iclasında bildirib ki, Azərbaycan Avropa Şurasından çıxsa, bu, ermənilərin həmin qurumda əlini-qolunu açar. Deputatın sözlərinə görə, Avropa Şurasından çıxmaqla bağlı qərar versək, ermənilər bu fürsətdən istifadə edəcək. Dağlıq Qarabağın “müstəqilliyini” tanıtmaqdan tutmuş, digər məsələlərə qədər bu fürsətdən yararlanmağa çalışacaqlar.

AMİP-in beynəlxalq əlaqələr katibi Elşən Mustafayev “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, deputat Zahid Oruc məsələyə düzgün tərəfdən, dövlətin maraqları prizmasından yanaşıb və Avropa Şurasından çıxmağın hansı fəsadlarının ola biləcəyini bəri başdan xatırladıb: “Açığı, belə bir mövqeni parlamentdə başqa deputatlardan da gözləyirdim. Avropa Şurasına bizi heç kim zorla qəbul etməyib. Əksinə, özümüz bunu illərlə gözləmişik və nəticədə öhdəliklər götürərək, təşkilata üzv qəbul olunmuşuq. Yeri gəlmişkən xatırladım ki, o zaman həmin öhdəliklərə 4 ya 5 müxalifət partiyası da imza atmışdı. Bundan sonra həqiqətən də Avropa Şurası Azərbaycan üçün ciddi bir tribunaya çevrildi. Zaman-zaman bu tribunadan dövlət və millət maraqları təbliğ edildi, müdafiə olundu. Dağlıq Qarabağ məsələsi bu günə qədər həll olunmasa da bu tribuna vasitəsilə əsl həqiqətləri hamı bildi. Bu gün Azərbaycanı beynəlxalq birlikdən təcrid etmək istəyənlər Avropa Şurasından çıxmaq haqqında danışa bilər. Yaxud özünü xoş göstərmək naminə belə bir zərərli təkliflər verə bilərlər. Hesab edirəm ki, Azərbaycanın Avropa Şurasından çıxmasının özü böyük bir fəsad ola bilər. Hələ sonradan ola biləcək hadisələri bir kənara qoyuram. Artıq xeyli vaxtdır ki, məlum hadisələrə görə Rusiya Avropa Şurasında səsvermə hüququndan məhrum edilib. Bu hadisə baş verənə qədər Rusiya kimi böyük dövlət bütün imkanları ilə bunun baş verməməsinə çalışmışdı.



Səsvermə hüququ alınandan sonra isə Rusiya Avropa Şurasından çıxmağını elan etmədi. Etirazını iclaslara getməməklə və Avropa Şurasında olan personalını minimuma endirməklə bildirdi. Bu gün yenə də əvvəlki statusunu qaytarmaq üçün ciddi işlər görür. Əgər Azərbaycan Avropa Şurasından çıxarsa, bu, o deməkdir ki, Avropa ilə hər hansı münasibətlərin olmasına son verir. Ən başlıcası, Ermənistan da daxil olmaqla Azərbaycanı istəməyən güclərə əleyhimizə ”tək qapıya" oynamaq üçün gözəl fürsət verilir".



Öz növbəsində “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu da hesab edir ki, Azərbaycan Avropa Şurasından çıxarsa, bu, ölkəmizlə Avropa arasında münasibətlərin soyumasına gətirib çıxara bilər: “Bunun ardınca, Azərbaycanın digər Avropa qurumları ilə münasibətləri soyuyar. Qarabağ məsələsində mövqelərimiz zədələnər, ermənilər bundan öz maraqları üçün istifadə edər. Azərbaycanın Avropa Şurasından çıxması Ermənistanın və Avropadakı erməni lobbisinin maraqlarına cavab verər. Avropa Şurasında müxtəlif illərdə Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Azərbaycanın haqlı mövqeyini dəstəkləyən (sonuncu belə qətnamə 2016-cı ilin oktyabr ayında qəbul olunub, həmin sənəddə işğal altındakı Sərsəng su anbarının boşaldılması və Ermənistan silahlı qüvvələrinin işğal bölgəsindən dərhal geri çəkilməsi tələb edilib) qətnamələr qəbul edilib. Doğrudur, həmin qətnamələrin icrası reallaşmadı. Ona qalsa, torpaqlarımızın işğalı ilə bağlı BMT-nin 4 qətnaməsi də 25 ildir yerinə yetirilmir. Ancaq bu bizə əsas vermir ki, Azərbaycan BMT üzvlüyünə son versin. Azərbaycan AŞ PA-nı tərk etdikdən sonra işğal altındakı torpaqlarla bağlı oxşar qətnamələri qəbul etmək mümkün olmayacaq. Tam əksinə, Azərbaycanın iştirak etmədiyi AŞ PA-da Ermənistan və erməni lobbisi Azərbaycan əleyhinə qətnamələr qəbul etməyə çalışacaq”.

Ekspertin fikrincə, bu və digər səbəbləri nəzərə alaraq Azərbaycanın Avropa Şurasını tərk etməsi yanlış qərar olardı.

Etibar SEYİDAĞA
Tarix: 23-10-2017, 09:39
Xəbəri paylaş





Xəbər lenti