55 milyon manat ayrılan seçkiyə hər kəs hazırlaşır
2018-ci il yaxınlaşdıqca prezident seçkisi ilə bağlı hazırlıqlar intensivləşməkdədir. Siyasi partiyalar namizədlərini, ayrı-ayrı şəxslər namizəd olacaqlarını elan edir. Artıq prezident seçkisinin keçirilməsi üçün dövlət büdcəsindən ayrılacaq vəsaitin də məbləği müəyyən edilib. 2018-ci il dövlət büdcəsi layihəsində seçkilərin keçirilməsi üçün 55 milyon 136 min 429 manat vəsait ayrılması nəzərdə tutulur.
Siyasi partiyaların seçkiyə nə qədər vəsait xərcləmələrinin nəzərdə tutulduğu bəlli olmasa da, bəzilərinin prezidentliyə namizədləri artıq bəllidir. Müsavat Partiyası sonuncu qurultayında partiyanın lideri İsa Qəmbərin namizədliyini irəli sürüb.
Vətəndaş və İnkişaf Partiyası sədri Əli Əliyevin namizədliyini bir neçə ay öncə keçirdiyi qurultayında elan edib. AĞ Partiya öz sədri Tural Abbaslı ilə seçkiyə qatılacağını açıqlayıb. Eks-spiker Rəsul Quliyev və keçmiş deputat Hüseyn Abdullayev isə seçkidə namizədliklərini irəli sürəcəklərini açıqlayıblar. Proses yəqin ki, qarşıdakı dövrdə genişlənəcək və namizədini, həmçinin namizədliyini irəli sürənlərin sırası artacaq.
Prosesdə şübhəsiz ki, ən çox maraq kəsb edən hakim Yeni Azərbaycan Partiyasının namizədinin kim olacağıdır. Əvvəlki seçkilərdən öncə namizədin kimliyi hər kəsə aydın olsa da bu dəfə bir qədər fərqli vəziyyətdir. Hakim partiyanın təmsilçilərinin son aylarda verdiyi açıqlamalardan bu qənaətə gəlmək olur. YAP təmsilçiləri 2018-ci il prezident seçkilərində hakim partiyanın mümkün namizədi ilə bağlı açıqlamalarında fərqli fikirlər yürüdürlər.
Məsələn, YAP icra katibinin müavini, deputat Siyavuş Novruzov mətbuata açıqlamasında partiyanın prezidentliyə namizədinin gələn il çağırılacaq qurultayında müəyyən olunacağını deyir. Deputat konkret ad çəkmir.
YAP Siyasi Şurasının üzvü, deputat Aydın Mirzəzadə açıqlamasında əminliklə bildirib ki, partiyanın qurultayında İlham Əliyevin prezidentliyə namizədliyi növbəti dəfə də irəli sürüləcək.
Əldə etdiyimiz məlumata görə, YAP-ın bütün strukturlarında qurultaya hazırlıq işləri demək olar ki, başa çatıb, hər kəs ali toplantının vaxtının açıqlanmasını gözləyir. Məlumatlara görə, qurultay seçkiyə 3-4 ay qalmış keçiriləcək.
Prezident seçkisinə dövlət büdcəsindən ayrılacaq vəsait və hakim partiyanın namizədi məsələsi ilə bağlı ehtimallarını bölüşən ADP sədri Sərdar Cəlaloğlu bildirdi ki, 55 milyon manat əslində kifayət qədər böyük rəqəmdir. Həmin vəsaiti seçkinin normal, ədalətli keçirilməsinə sərf edilməsinə ciddi nəzarət olmalıdır. Əsas məsələ demokratik seçki keçirilməsidir. Azərbaycan onsuz da beynəlxalq birliklə problemlər yaşayır, seçki demokratik keçirilməsə daha böyük problemlər meydana çıxacaq: “O ki qaldı YAP-ın qurultayına və namizədin kim olacağına, bu məsələ ilə bağlı hakimiyyət daxilində durum mürəkkəbdir. Ona görə də bir sıra məsələlərə aydınlıq gəlmədən qurultay, hər halda, keçirilməyəcək. Böyük ehtimalla qurultay yaxın aylarda keçirilməyəcək. YAP-ın daxilində baş verənlər və bu partiyanın prezidentliyə namizədinin kimliyi haqqında danışmaq bəlkə də siyasi etika baxımından düzgün deyil. Lakin bu məsələnin həm YAP daxilində, həm də hakimiyyətin içində yaratdığı ovqat bəzi məqamlar haqqında danışmaq zərurəti yaradır. YAP-çı deputatların prezidentliyə namizədlərinin kimliyi haqqında indi dedikləri o qədər də əhəmiyyətli deyil. Məşhur bir deyimdə qeyd olunur ki, diplomatlar fikirlərini açmaq yox, gizlətmək üçün danışırlar. Onların söylədiklərinə də bu aspektdən yanaşmaq lazımdır. Hakimiyyətin də olmasa, 1-ci şəxsin dəyişməsi YAP-da və hakim komandada ciddi kadr əvəzləmələri ilə nəticələnəcək. Azərbaycanda siyasi marağı olan supergüclər də qarşıdan gələn prezident seçkisinə əvvəlkindən fərqli proses kimi baxırlar. Qurultayın nə zaman keçiriləcəyinə bir çox məqamlar təsir edəcək”.
Etibar SEYİDAĞA
Tarix: 27-10-2017, 08:31