Oktyabrın son günlərində Azərbaycanda nələr baş verir: prezident mühafizəçisi oliqarxın adamları tərəfindən bıçaqlanır, polis rəisinin müavinigüllələnir, Astaradan Bakıya gedən qatarda iki məhkum qaçır(ılır), “Lotu Quli” azadlığa buraxılır, Bərdədə üzərində silah gəzdirən şəxs saxlanılır, Gəncədə atışma olur, Xırdalanda müxalifətin mitinqində terror planlaşdıran üç nəfər öldürülür...Anaxeber.Az-ın Analitik Mərkəzi yazır ki, belə xronoloji ardıcıllıq soyuq məntiqi itələyir: ölkədə kriminogen vəziyyət nəzarətdən çıxır yoxsa hadisələr hansısa “sehrli əllər”in ssenariləşdirilmiş əməliyyatlarıdır?
Maliyyə qruplarının açıq konfliktləri adətən klanlararası çəkişmələrdən qaynaqlanır. Azərbaycandakı son hadisələrin pərdəarxası daxili mübahisələrin təzahürlərinə bənzəyir.
Qaranlıq suallar çoxdur və ilk növbədə soruşula bilər ki, hadisələrdən kim, nə qazanır?!
Eynilə suala kontur sual kimi qoymaq olar - mütləqdir hansısa qüvvə nəticə qazansın? Axı “əzələ nümayişi” və nəbz yoxlamaları da mümkündür?!
Hə, bax, bu yerdə düşünmək lazım gəlir - nəbz yoxlaması. Nəzərə almaq lazımdır ki, mühit getdikcə aqressivləşir. Cəmiyyət nüvəyə çevrilir. Sosial gərginlik və təbəqələşmə sürətlə getməkdədir.
Anaxeber.Az-ın Analitik Mərkəzi yazır ki,kapital sahibləri və oliqarxiya əldə etdiklərini itirmək istəmirlər. Təhlükə isə onların üzərinə gəlməkdədir.
Belə halda tələsik və epizodik nəbz yoxlamaları aparılmalıdır; cəmiyyəti nə ilə qorxutmaq, xof mühitini nümayişkaranə gözə soxmaq, kriminogen durumun nəzarətdən çıxa biləcəyi mesajlarını vermək, terror təhlükəsinin olduğunu hiss etdirmək, çaşqınlıq yaratmaq, sonra idarə olunan prosesdə hər şeyin qarşısını almaq...
Yəni, amandır, hər hansı siyasi fəallıq göstərməyin və sərt tələblər irəli sürməyin vaxtı deyil, ölkədə atışmalar var, silahlı şəxslər gəzir, kütləvi toplaşma olan yerlərdə terror planlaşdıran potensial qüvvələr azadlıqdadır. Belə qara gündə demokratiya, azad seçki, siyasi dustaqları azad etmək tələblərinizi sonraya saxlayın!
Təbii ki, bu nəbz yoxlaması kifayət qədər effekt verə bilir. Ən azı hamı təəccüblə barmağını dişləyib sual edir ki, Azərbaycanda nə baş verir?
Axı üç terrorçu öldürülübsə, iki dustaq qaçıbsa (biri artıq tutulub - müəllif) həssaslıq zərurətdir.
Beləliklə, maliyyə qrupları bir qədər dərindən nəfəs ala və sakitləşə bilər. Onların daxili “razborka”ları da səngimək dövrünə qədəm qoyacaq və süni nəfəs verilmiş atmosfer təzələnəcək.
Yalnız bu, hadisələrə baxışın bir bucağı kimi qiymətləndirilməlidir. İşin ikinci, üçüncü tərəfləri isə artıq nəbz yoxlaması deyil, “əzələ nümayişi”nə aiddir.
***
Kriminal avtoritet, Rövşən Lənkəranskinin qətlindən sonra Moskva bazarlarında kurator və “palajeniya”ya baxmaq boşluğu yaranmışdı.
Azərbaycanlıların getdikcə itirilməkdə olan mövqeləri və gücü yeni maliyyə boslarının ortalığa çıxması ilə müşayiət olunacaqdı. Bu imkanları əldən vermək olmazdı.
Tezliklə yeni avtoritetə ehtiyac vardı ki, “Lotu Quli” ləqəbli Nadir Səlifov azad edilərək gözlənildiyi kimi Lənkəranskinin qətlə yetirildiyi şəhərə - İstanbula getdi.
Onun şərəfinə verilən ziyafətdə iştirak edən sənətçilərdən tutmuş başqalarına qədər əhatəsi göstərir ki, “Lotu Quli” yeni missiya üzərinə götürüb və müəyyən öhdəliklər qarşılığında azad olunub.
Onun Lənkəranskinin nəzarət etdiyi aşkar və gizli sahələrə “smatrayuşi” olacağı istisna deyil.
N.Səlifovun həbsdən buraxılmasının bir tərəfi Moskvada kriminal aləmdə öz yerini tutmaq idisə, başqa səbəb “əzələ nümayişi” idi.
Söhbət onun azad olunmasında maraqlı görünən siyasi qruplaşmanın digəri üzərindəki əzici fəaliyyətindən gedir.
Hakimiyyyət daxilindəki klanlardan biri Rusiya ilə əlaqələrə görə N.Səlifovun xidmətlərindən və nüfuzundan yararlanmaq istəyirdi, buna da nail oldu.
Qarşı tərəf isə hələlik təkcə REAL sədri İlqar Məmmədovun azad olunmasında dirəniş göstərməkdədir. Belə desək, soyuq müharibə həm kriminal avtoritet, həm siyasi arsenalda gedir.
Ölkədəki son yaşananlar da məhz cəmiyyətdə nəbz yoxlaması ilə bərabər “əzələ” nümayişi xarakteri daşıyır.
Analitiklərin fikrincə, proseslər tezliklə daha aktiv fazaya keçid edəcək. Hadisələrin inkişaf tempi və xronoloji rabitəliliyi seçkilər yaxınlaşdıqca daha spontan olaylar, fors-major situasiyalar ehtimalını gücləndirir.
Anaxeber.Az
Turan
Tarix: 27-10-2017, 09:03