Pul əvəzində iqtidardan islahat tələbi

Pul əvəzində iqtidardan islahat tələbi “Human Rights Watch” Avropa Yenidənqurma və İnkişaf Bankının “Cənub Qaz Dəhlizi”nə 500 milyon dolların ayırmasına niyə qəzəblənib?

Xəbər verdiyimiz kimi, Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) İdarə Heyəti Trans Anadolu Qaz Kəməri layihəsinin (TANAP) icrası üçün “Cənub Qaz Dəhlizi” QSC-yə (SGC) 500 milyon dolların ayrılmasını təsdiqləyib.

"Human Rights Watch" (HRW) beynəlxalq təşkilatının biznes və insan hüquqları üzrə əməkdaşı Ameliya Noymayer AYİB İdarə Heyətinin bu qərarını Azərbaycanda zəruri islahatlara təsir üçün əldən buraxılmış fürsət adlandırıb.

HRW-nin saytında yerləşdirilmiş “Azərbaycan qaz nəqli üçün 500 milyon ABŞ dolları ölçüsündə kredit alıb” sərlövhəli məqalədə Noymayer qeyd edir ki, AYİB kredit məsələsindən islahatları təşviq etmək üçün alət kimi istifadə edə bilərdi, amma bu fürsəti əldən buraxıb: “Bank kredit ayrılması haqqında qərar qəbul edib, baxmayaraq ki, beynəlxalq Mədən Sənayesində Şəffaflıq Təşəbbüsü (MSŞT) bu yaxınlarda hökumət vətəndaş cəmiyyəti qruplarına qarşı mübarizəyə son qoymadığı üçün Azərbaycanın fəaliyyətini dayandırmışdı. Və bu qərar AYİB tərəfindən dəstəklənmişdi.” (“Turan”)

Məqalədə həmçinin qeyd olunur ki, AYİB MSŞT-nin bu qərarını dəstəkləmişdi və “çoxpartiyalı demokratiya və plüralizm” prinsiplərini ehtiva edən siyasi mandata malik yeganə çoxtərəfli inkişaf bankıdır.

AYİB və digər beynəlxalq maliyyə-kredit təşkilatları Azərbaycana vəsaitləri ayırarkən siyasi islahat şərtləri qoyurmu? Hökumət irihəcmli kreditləri alarkən “pul əvəzinə islahat” tələbi ilə üzləşirmi?

Mirvari Qəhrəmanlı: “Banklar pulu onsuz da ayırır”

Pul əvəzində iqtidardan islahat tələbi

Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatının rəhbəri, Mədən Sənayesində Şəffaflıq Təşəbbüsünün Azərbaycanda icrası prosesində iştirak edən vətəndaş cəmiyyəti təmsilçisi Mirvari Qəhrəmanlı bildirir ki, beynəlxalq maliyyə-kredit təşkilatları hansısa layihəyə pul ayırarkən onun iqtisadi-siyasi əhəmiyyətini daha çox nəzərə alırlar, nəinki Azərbaycanda siyasi azadlıqlar məsələsini: “Dünya Bankı da belə edir, Avropa Yenidənqurma və İnkişaf Bankı da, digər qurumlar da. Bizim uzun illərdir apardığımız müşahidələr göstərir ki, xüsusilə energetika sahəsindəki layihələrə vəsait mütləq ayrılır. Avropa Bankının pul ayırdığı Cənub Qaz Dəhlizi və TANAP-ın Avropa Birliyi üçün çox böyük siyasi-iqtisadi əhəmiyyəti var. Bu layihə Avropanın Rusiya qazından asılılığını azaldacaq, bazarda rus qazına alternativ yaradacaq. Gələcəkdə Orta Asiyanın da bu marşruta qoşulması nəzərdə tutulur. Belə bir layihəyə pul ayrılması daha çox elə siyasi qərardır, nəinki iqtisadi”.

Təşkilat rəhbərinin sözlərinə görə, beynəlxalq təşkilatların hansısa başqa qərarı verməsi üçün onlara tam əsaslandırılmış təkliflər göndərilməliydi: “Konkret olaraq, Avropa Bankı sifariş qəbul etmir. Ona Azərbaycanda vətəndaş cəmiyyətinin pul ayrılan layihələrin icrasına effektiv nəzarət təşkil etmək imkanında olmadığını, bunun isə bilavasitə hakimiyyətin təzyiqlərindən qaynaqlandığını isbatlayan hesabatlar göndərilməliydi. Belə bir hesabat göndərilməyib. Hərə bir siyasi məhbus siyahısı hazırlayıb, kimi istəyir onu salır siyahıya. Yəni bu məsələdə belə vahid mövqe qoyulmayıb ortaya. Biz yaxşı işləyə bilmirik, vətəndaş cəmiyyətinin vəziyyəti də buna imkan vermir. Avropa Bankı o zaman kredit ayırmazdı ki, layihənin icrasının həmin ərazidə yaşayan insanları əvvəlkindən yoxsul vəziyyətə salacağı, sosial-iqtisadi və siyasi hüquqların kütləvi şəkildə pozulmasına rəvac verəcəyinə dair əsaslandırmalar olaydı. Bu, bankın əsas prinsipləridir. Digər tərəfdən, TANAP bilavasitə Türkiyə ərazisində icra olunacaq. Buna görə də bankın kredit ayırmaqdan imtina etməsi üçün bu prinsiplərin Türkiyədə - kəmər keçən ərazilərdə pozulması isbat olunmalıydı”.

M.Qəhrəmanlı, ümumiyyətlə, hesab edir ki, indiyədək heç bir beynəlxalq təşkilat siyasi vəziyyətə görə Azərbaycanın enerji sektorunda icra olunan layihələri maliyyələşdirməkdən imtina etməyib: “Cənub Qaz Dəhlizinə İtaliyada mane olmaq istədilər, nəticəsiz qaldı. Yəni layihənin siyasi-iqtisadi yükü o qədər böyükdür ki, Azərbaycanda vətəndaş cəmiyyətinin problemlərinə görə ona maliyyə ayrılmaması qeyri-mümkündür”.

Mehman Əliyev: “İslahat tələbi həmişə olub, olacaq”

Pul əvəzində iqtidardan islahat tələbi

“Turan” agentliyinin rəhbəri Mehman Əliyev isə bu fikirdədir ki, beynəlxalq maliyyə institutları kredit ayırarkən Azərbaycana siyasi islahatlarla bağlı tələbləri çox zaman irəli sürürlər: “Neftin qiyməti ucuzlaşdığı zaman - təxminən 2015-ci ildə Azərbaycan hökuməti beynəlxalq maliyyə təşkilatlarından böyük həcmdə yardım almaq istəyirdi. Söhbət haradasa 20 milyard dollara yaxın məbləğdən gedirdi. Bu vəsaitlər verilmədi. Beynəlxalq qurumlar bildirdilər ki, vəsaitləri yalnız islahatlara ayıra bilərik. Onlar hesab edirdilər ki, ölkədə ciddi islahatlar aparılıb korrupsiya və rüşvəxorluğun qarşısı alınmasa, şəffaflıq yaradılmasa böhrandan çıxa bilməyəcək, həmin vəsaitlər oğurlanacaq. Ona görə də şərt qoydular ki, islahat aparılsın. Buna görə də hökumət müəyyən vədlər verdi, 12 yol xəritəsi qəbul olundu, indi də bildirirlər ki, o xəritələr icra olunur, işlər görülür və sair. Ona görə də həmin qurumlar tərəfindən bir neçə milyard dollar vəsait ayrıldı. Yəni demək istədiyim odur ki, beynəlxalq təşkilatların həmişə belə şərtləri olub, olacaq da”.

Konkret AYİB-lə bağlı məsələyə gəlincə, M.Əliyevin dediyinə görə, HRW rəsmisi bankı prosesin içində olub, Azərbaycanın MSŞT çərçivəsində üzərinə götürdüyü öhdəliklərə əməl etmədiyindən xəbərdar ola-ola kredit ayırdığına görə qınayır: “Avropa Bankı Dünya Bankı kimi, MSŞT-nin icrasında iştirak edən qurumlardan biridir. Yəni bu bankın orada gedən bütün proseslərdən məlumatı var. O xanım da buna görə bankı qınayır ki, islahatların aparılmadığı bir şəraitdə belə qərar verilməsi nə qədər düzgündür? Əsasən vətəndaş cəmiyyətinin vəziyyətini qaldırır. Hansı ki, beynəlxalq maliyyə təşkilatlarının əsas prinsipi budur ki, vəsait ayrılan layihələrin icrasına effektiv ictimai nəzarət olunsun. Belə nəzarəti isə ancaq müstəqil vətəndaş cəmiyyəti, müstəqil mətbuat yarada bilər. Azərbaycanda isə buna imkan verilmir. İmkan verilməyəndə isə məmurlar ayrılan vəsaitləri oğurlayırlar.”

Müsahibimiz deyir ki, şəffaflıq, hesabatlılıq, vəsaitlərin düzgün xərclənməsi kimi məsələlər bundan sonra da maliyyə ayrılarkən irəli sürülən əsas şərtlər olaraq qalacaq.

Dünya SAKİT
Tarix: 27-10-2017, 09:57
Xəbəri paylaş





Xəbər lenti