Azərbaycan hakimiyyəti seçki ilində icra hakimiyyəti strukturları siyasətində yeniliklər tətbiq edəcək
Palitika.Az-a iqtidardakı mənbələrdən verilən xəbərə görə, gələn il icra hakimiyyətləri qarşısında öhdəliklər qoyulacaq. Onların fəaliyyətini gücləndirməsi, vətəndaşlarla işləməsi, şikayət və müraciətlərə həssaslığı əhəmiyyət kəsb edəcək.
Ölkə daxilindəki vəziyyət və bəzi təxribatçı xarici dairələrin seçki ili ilə bağlı planları belə deməyə əsas verir.
Hakimiyyət seçki ilində regionlardan birində hər hansı qarışıqlıq, etiraz olmasını istəmir. Ən kiçik etiraz belə idarəolunmaz vəziyyət yarada bilər.
O baxımdan icra hakimiyyəti başçılarının da 2018 sınağından necə çıxacağı əhəmiyyətlidir.
Məlum məsələdir ki, icra hakimlərinin əksəriyyəti vətəndaşları çox incidiblər. Rayonlarda kütləvi narazılıqlar var.
Kiminin torpağı əlindən alınıb, kiminin obyekti yağmalanıb, hansısa köçkünün, hansısa bir şəhid ailəsinin haqqı tapdanıb, qəbula düşə bilməyənlər qapıdan qovulub, məmurlar tərəfindən təhqir edilib, süründürməçiliyə məruz qalıb.
Bu hallar vətəndaşları təbdən çıxaran amillərdir. Eləcə də məmurların və balalarının qudurğan hərəkətləri müxtəlif bölgələrdə insanları qəzəbləndirib. 2013-cü ildəki İsmayıllı hadisəsinin təkrarlanmaması üçün 2018-ə ciddi hazırlıq gedir.
Son zamanlar Bərdə, Gəncə, Lənkəran, Sabirabad, Ağcabədi, Göyçay, Ucar, Beyləqan, İmişli və s. rayonlardan şikayətlər üstünlük təşkil edir. Prezident Administrasiyasında məsul şəxlər monitorinqlər aparır, regionlardakı vəziyyəti təhlil edir, ağırlığın daha çox hansı zonalarda təşkil etdiyini nəzərdən keçirir.
2018-ci il seçkilərinin gərgin keçəcəyini dərk edən iqtidar mənsubları yerlərdə icra orqanlarının fəaliyyətinə xüsusi nəzarət edəcəklər. Hər hansı xoşagəlməz olay böyük kataklizmlərə yol aça bilər.
İcra başçılarının da qarşısına qoyul tapşırıqlar bundan ibarətdir ki, vətəndaşları işləsinlər, yuxarıya şikayətlər gəlməsin.
Əgər gələn il “X” rayonunda aksiya olsa, başçının ucbatından insident yaşansa həmin bölgənin rəhbərliyi barəsində ciddi tədbirlər görüləcək.
Deputat Fazil Mustafa da çıxışında 2018-ci ildə prezidentdən başqa komanda üzvlərinin ər birinin dəyişəcəyinə işarə vurmuşdu.
Sitat: “Prezidentə mane olacaq hər hansı bir qrup yoxdur. Zaman göstərdi ki, istənilən qərarı istədiyi şəkildə qəbul edə bilir.
Qrupların maraqlarının nəzərə alınması tendensiyası da doğru deyil. Dövlətin maraqları var, idarəetmənin maraqları var. Əgər maraqlar tələb etsə ki, hansısa bir yeniləşməyə, daha çevik struktura ehtiyac var, o zaman lazımı addımlar atılacaq.
Məncə, bunu qrupların maraqları kimi təqdim etmək, yaxud onların gücünü şişirtmək, həmçinin bunu ayrıca bir mövzu kimi düşünmək doğru deyil.
Faktiki olaraq ölkədəki idarəetmədə prezidentin iradəsinə qarşı dura biləcək hakimiyyətdaxili qruplar içərisində hansısa bir qüvvə yoxdur”.
Tarix: 30-10-2017, 09:12