Elman Nəsirov: “Bu proqnozlarda müəyyən müsbət toxumlar var...”
ABŞ-ın “Stratfor” kəşfiyyat-analitik mərkəzinin rəhbəri Corc Fridmanın 2030-cu il üçün verdiyi proqnozlar maraq doğurub. O, həmin ildə dünyadakı bir sıra ölkələrin parçalanacağını, yeni dövlətlərin yaranacağını və hazırda mövcud olan bir sıra münaqişə ocaqlarının aradan qalxacağını düşünür. Proqnozlarda Azərbaycanla bağlı da bir sıra diqqətçəkən məqamlar var.Belə ki, Fridman 2030-cu ilə qədər Rusiya Federasiyasının dağılacağını iddia edir. O hesab edir ki, bu proses Avrasiyada xaosa səbəb olacaq və yeni dövlətlər qurulacaq, Çeçenistan və Rusiyanın digər müsəlman əraziləri müstəqillik əldə edəcək, Finlandiya Koreyanı zəbt edəcək, Rumıniya isə Moldovanı özünə birləşdirəcək. Fridman proqnozlarına davam edərək qeyd edir ki, Tibet Hindistanın köməyi ilə müstəqillik əldə edəcək, Tayvan isə Çində öz təsirini genişləndirəcək.
Mərkəz rəhbəri Rusiyanın yox olmasından sonra Gürcüstanın Cənubi Osetiya və Abxaziyanı geri qaytaracağını, Ukraynanın bu prosesdə ona ciddi dəstək verəcəyini düşünür. Fridman Orta Asiyanın da gələcəyini qaranlıq görür. O hesab edir ki, dağılma prosesi Qazaxıstandan başlayacaq, Astana Amerika güclərinin müdaxiləsinin qarşısını ala bilməyəcək, regionda uzun illər davam edəcək vətəndaş müharibəsi yaşanacaq.
Proqnozda Rusiyasız qalan Ermənistanın mövcud olmayacağı deyilir: “Bu ölkə Azərbaycan və Türkiyənin məngənəsində sıxılacaq və xəritədən silinəcək. Bakı-Ankara ittifaqı güclənəcək və regionda əsas faktora çevriləcək. Azərbaycan həm də gələcəkdə regiondakı proseslərin idarə olunmasında əsas məkana çevriləcək”.
Proqnozlarda Çinin də zəifləyəcəyi, dağılmasa da, böyük güc itirəcəyi deyilir. “Xüsusilə Sibirdə möhkəmlənən Amerika, Orta Asiyadan radikal dindarlar Çini sıxışdıracaq, Honkonqda isə ”rəngli inqilab" başlayacaq. Regionda Yaponiya güclənəcək. İranda dini hakimiyyət devriləcək. Tehranda şiə hakimiyyətinin devrilməsi Pakistana qədər sünni xilafətinin yaranması perspektivlərini açacaq" - proqnozlarda deyilir.
Bəs, bu proqnozlara inanmaq olarmı? Deputat, politoloq Elman Nəsirov proqnozların reallığı əks etdirmədiyini düşünür: “Fridmanın bu proqnozları əslində növbəti 13 il ərzində dünyada çox ciddi proseslərin baş verəcəyi ilə bağlı mövqeləri özündə əks etdirir. 13 il ərzində Rusiya kimi bir nəhəng dövlətin parçalanması, Çinin son dərəcə zəifləyəcəyi, Yaxın Şərqdə, Mərkəzi Asiyada və dünyanın əksər regionlarında siyasi proseslərin yüzdə səksən dərəcə dəyişməsi ilə bağlı proqnozlar reallığa adekvat deyil. Nəzərə alsaq ki, Rusiyanın müstəqilliyinin 26 yaşı var. Bu müddət ərzində bu ölkə xeyli güclənib. Amerikalı ekspertlər qeyd edirlər ki, biz Rusiyanın nəhəng potensiala sahib olduğunu fərqindəyik, bilirdik ki, bu ölkə gec-tez özünə gələcək, lakin Kremlin bu qədər özünə gəlib, böyük iddialarla çıxış edəcəyini proqnozlaşdırmırdıq. Bu nəticə ilə Fridmanın proqnozları arasında çox böyük fərq var. Belə proqnozlar sensasiya xarakteri daşıya bilər. Bu proqnozun hazırlanma yerinə baxanda görürsən ki, Amerikadır. ABŞ-da Harvard Universitetində bir ensiklopediya var, Amerikanın etnik tərkibləri ilə bağlıdır. Orada göstərilir ki, bu ölkədə 117 etnos fəaliyyət göstərir. Belə bir proqnozlar da var ki, əgər Amerikanın çöküşü başlasa, o zaman həmin etnosların hər biri ayrılmaq iddiasını ortaya qoyacaqlar. Fridmanın bu proqnozunda Amerikanın gələcəyi ilə bağlı heç bir şey öz əksini tapmayıb. Bu baxımdan hesab edirəm ki, bu proqnoz Qərbdən, Amerikadan Rusiyaya qarşı başlamış maliyyə, iqtisadi təzyiq elementlərinə psixoloji təzyiq elementlərinin əlavə edilməsi kimi dəyərləndirilə bilər. Rusiya nəhəng nüvə dövlətidir. Bu proqnozlarla Rusiyada ictimai fikrə təzyiq göstərmək və Rusiyanın perspektivlərinin qaranlıq olması ilə bağlı fikir formalaşdırmaq istəyirlər”.
Deputat proqnozlarda Ermənistanla bağlı olan hissəyə də toxundu: “Ermənistanın gələcək perspektivini formalaşdırmaq üçün heç də Fridman kimi ekspertlərin proqnozlarına ehtiyac yoxdur. Ermənistan işğalçı dövlət olaraq elə bir yol seçib ki, bu istər-istəməz bu dövlətin iflasına aparır. Azərbaycan prezidenti cənab İlham Əliyevin sözləridir: ”Ermənistan bu işğalçılıq siyasəti sayəsində əslində bir şey “qazanıb” - birincisi, iqtisadi iflas, ikincisi, tam blokada vəziyyəti, üçüncüsü, blokadaya təcridolunma vəziyyəti, dördüncüsü, dəhşətli yoxsulluq vəziyyəti". Ermənistan hərbisində də çox ciddi fəlakət yaşanmaqdadır ki, bunu da beşinci hal kimi mən əlavə edirəm. Bu günlərdə Ermənistan parlamentində erməni tələbələrin hərbi xidmətə çağırılması və onların möhlət hüququndan məhrum edilməsi məsələsi öz əksini tapıb. Heç Qarabağ müharibəsinin ən şiddətli vəziyyətində Ermənistan rəhbərliyi belə addım atmamışdı. İndi isə insan resursu çatmır. Vəziyyət elə həddə çatıb ki, tələbləri zorla cəbhə bölgəsinə aparmağa məcbur olublar. Bu da Ermənistan elminin və təhsilinin faciəsi olacaq. Fridmanın bu proqnozlarında müəyyən müsbət toxumlar var. Amma bütövlükdə Amerikanın geosiyasi maraqlarına xidmət edən proqnozun verildiyini düşünürəm. Amerikanın maraqlarını ifadə edən institutların, şəxslərin rəylərini Fridman və mərkəzi ifadə edib".
Cavanşir ABBASLI
Tarix: 30-10-2017, 09:27