Susqun diplomatlarımız - Eks-səfirlər gizlənirlər...

Susqun diplomatlarımız - Eks-səfirlər gizlənirlər... Səfir kimi fəaliyyətini başa vuran azərbaycanlı diplomatlar öz sahələrinin mütəxəssisi olmağı davam etdirmir. Biz keçmiş diplomatlarımızı nə siyasi ekspert, nə də politoloq kimi görə bilirik. Uzaqbaşı hansısa ali təhsil ocağında dərs deməklə, yaxud da, kitab yazmaqla kifayətlənirlər. Və... daha çox kölgəyə çəkilməyə, susqun qalmağa üstünlük veririlər...
Qonşu Türkiyə və Rusiya təcrübəsinə baxsaq, görərik ki, bu ölkələrdə keçmiş diplomatlarla bağlı vəziyyət bizdəkindən xeyli fərqlidir. Orada eks-səfirlər ekspert kimi aktivlik nümayiş etdirir, daim mətbuatda münxtəlif məsələlərə münasibət bildirir, köşə yazarı kimi çıxış edir, televizyalarda aparıcı olurlar...


Azərbaycanlı eks-səfirlər niyə kölgəyə çəkilirlər, onlar əvvəllər çalışdıqları ölkənin “mətbəxini” bildikləri halda, nə üçün yaxalarını kənara çəkməyi üstün tuturlar?

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu Modern.az-a açıqlamasında deyib ki, bunun bir neçə səbəbləri ola bilər:

“Maliyyənin olmaması keçmiş diplomatları bu yoldan çəkindirir”

“Politoloq olaraq keçmiş diplomatların siyasi şərhçi, yaxud da köşə yazarı ola bilməməsi mənim üçün də maraqlıdır. Görünür, bunun bir neçə səbəbi var. Ola bilər ki, diplomatik fəaliyyəti dondurandan sonra siyasi ekspert ya da köşə yazarı kimi çıxış etmək müqabilində qazanılan gəlir normal olmur. Onlar da bu işə getməyə üstünlük vermirlər. Politologiya ilə məşğul olub maliyyə əldə etmək çətindir. Gərək hardasa çalışasan. Məsələn, əgər müsahibə verir, köşə yazırsa, bunun müqabilində yaxşı da maliyyə qazanmalıdır. Ona görə də maliyyənin az olması keçmiş diplomatları bu yoldan çəkindirir”.

Diplomatların dil problemi

Elxan Şahinoğlu deyir ki, bu məsələdə dili səlis bilməyin də üstünlükləri var.
“Digər tərəfdən keçmiş diplomatların öz fikirlərini Azərbaycan dilində səlis təqdim etmək məsələsi də var. Bu da bir səbəbdir. Tofiq Zülfüqarov və Fikrət Sadıqov siyasi şərhçi kimi çıxış etsələr də, köşə yazarı deyillər. Kitablar yazırlar. Ona görə də Azərbaycanda köşə yazıları ilə çıxış edən, siyasi analizlər aparan sabiq diplomat tanımıram. Təəssüf ki, belələri yoxdur. Rusiya televiziyalarna baxanda keçmiş diplomatları görmək olur. Vəziyyətdən xəbərdar olmaqla yanaşı, fikirlərini aydın ifadə edə bilirlər. Türkiyə təcrübəsinə nəzər salsaq görərik ki, diplomatlar siyasi şərhçi, köşə yazarı kimi çıxış edirlər. Ekspert olmağı bacarırlar”.

“Keçmiş diplomatlar daha yaxşı siyasi ekspert ola bilər”

Səfirlikdən gedəndən sonra diplomatlara qarşı hansısa qadağaların olmasına gəlincə, E.Şahinoğlu bunu qeyri-mümükün hesab edir.

“Diplomat kəşfiyyatçı deyil ki, işdən çıxandan sonra elə bir məlumat olsun ki, onu gizli saxlamaq üçün belə bir məhdudiyyətlər qoyulsun. Tofiq Zülfüqarov keçmiş xarici işlər naziri olub. Məsələn, onun açıqlamalarında dövlət əhəmiyyətli nəsə varmı ki, qadağa qoyulmaq ehtimalı yaransın. Halbuki, keçmiş diplomatlar səfirlik müddətlərindən yaralanıb maraqlı memuar yaza bilərlər, amma yazmırlar. Həm də keçmiş diplomatların siyasi şərhçi, politoloq kimi çıxış etmələrinin müsbət tərəfləri daha çoxdur. Məsələn, hansısa səfir Yaponiyada 5 il çalışır və sonra ölkəyə qayıdır. Yaponiyanın “mətbəxini” bizdən də yaxşı bilir. Onun həmin bölgə üzrə siyasi ekspert qismində çıxış etməsi daha məqsədəuyğun olardı.
Hazırda 2 nəfər tanıyıram ki, onlar mətbuatla sıx əlaqə saxlayırlar. Biri qocaman professor Fikrət Sadıqov, digəri isə keçmiş xarici işlər naziri Tofiq Zülfüqarovdur. Tofiq müəllim politoloq kimi çox maraqlı çıxışlar edir. Keçmiş xarici işlər naziri olmaqla yanaşı, həm də Qarabağ danışıqları barədə geniş bilgilərə malikdir”.

Keçmiş diplomat Tofiq Zülfüqarov Modern.az-a bu barədə danışmağı doğru hesab etmədiyini deyib:

“Başqalarının yerinə cavab verə bilmərəm. Bu, keçmiş diplomatların şəxsi işidir. Yalnız özümə cavab verə bilərəm. Bildiyiniz kimi, politoloq kimi mətbuata müntəzəm olaraq açıqlamalar verirəm”.

Xarici İşlər Nazirliyindən Modern.az-a bildirdilər ki, keçmiş diplomatların işinə heç bir müdaxilə olmur.

“Səfirlər geri çağrılandan sonra onların sonrakı fəaliyyəti müzakirə olunmur. Kim harda istəyirsə, orda da çalışmaq hüququna malikdir”.
Tarix: 30-10-2017, 10:40
Xəbəri paylaş





Xəbər lenti