Sərdar Cəlaloğlu: “Məlum oldu ki, bu aksiyalar bir qrupun maraqlarına və hakimiyyətə sərf edir”

Sərdar Cəlaloğlu: “Məlum oldu ki, bu aksiyalar bir qrupun maraqlarına və hakimiyyətə sərf edir” Bir ayda üç mitinqin ortaya çıxardığı nəticələr

Milli Şuranın son bir ayda keçirdiyi üçüncü - 28 oktyabr mitinqi də bundan əvvəl 23 sentyabrda, 7 oktyabrda keçirdiyi mitinqlərdən ciddi şəkildə fərqlənmədi. Demək olar ki, hər üç mitinqə aşağı-yuxarı eyni sayda insan qatıldı. Paytaxtda bir ayda ard-arda üç mitinqin keçirilməsi, bu mitinqlər ortaya hansı nəticələri çıxardı?


ADP sədri Sərdar Cəlaloğlu “Yeni Müsavat”a bildirdi ki, bu mitinqlər xalqın aktiv olmadığı vaxt və xalqın qatılmadığı aksiyaların nəticə vermədiyini, effekti olmadığını bir daha sübuta yetirmiş oldu. İkincisi, hadisələr göstərdi ki, müxalifət xalqdan qabaq təşəbbüsü ələ alaraq meydana çıxanda bir tərəfdən xalq apolitik vəziyyətə keçir, yəni iştirakçılıqdan geri çəkilir, digər tərəfdən bu cür mitinqlər dolayısı ilə iqtidara xidmət edir. Üçüncüsü, bu mitinqlər göstərdi ki, bu aksiyaları təşkil eləyən insanlar yanlış taktika seçirlər: “Əvvəlcə mitinq haqqında qərar verirlər, sonra heç bir qüvvə ilə əməkdaşlıq eləmirlər, heç bir qüvvəni bu mitinqlərə dəvət eləmirlər, heç bir qüvvə ilə bu mitinqləri birgə keçirmək təşəbbüsündə olmurlar. Mitinq kütləvilik sarıdan uğursuzluğa uğradıqdan sonra isə digər qüvvələri bu mitinqə dəstək verməməkdə ittiham edirlər. Məsələn, tutaq ki, mitinqdən qabaq Milli Şura nə Müsavata, nə ADP-yə, nə də digər müxalif qüvvələrə mitinqə dəstək üçün müraciət etməmişdi. Mitinq uğursuz olan kimi bunu özlərinin taktikasının yanlışlığı ilə yox, mitinqdə rəsmən iştirak eləməyən qüvvələrin üstünə atmağa başlayırlar”.

S.Cəlaloğlunun sözlərinə görə, mitinqlərdən bir də bu nəticə çıxdı ki, bu cür mitinqlər nailiyyətsizlik sindromunu hər dəfə ortaya çıxarır: “Açığını deyim ki, bu mitinqlərə ardıcıl razılıq verilməsi, məncə, razılıq verənlərin də maraqlarına uyğun idi. Əks halda, bu iqtidar öz maraqlarına uyğun olmayan heç nəyə belə asanlıqla razılıq verməz. Məntiq onu göstərir ki, iqtidar ardıcıl olaraq kiçik çaplı mitinqlərin keçirilməsindən divident götürür. Bir tərəfdən mitinqə razılıq verir, o biri tərəfdən mitinqə qatılımın mümkün qədər az olması üçün insanlara müxtəlif cür təzyiqlər işə salınır. Bu, o deməkdir ki, hakimiyyətə mitinqlər lazımdır, amma kiçik mitinqlər lazımdır. Belə çıxır ki, ard-arda keçirilən mitinqlər də iqtidara lazımdır. İlham Əliyevin Avropa Birliyi ölkələrinin səfirləri ilə görüşdə həmin mitinqlərin keçirilməsini Azərbaycanda sərbəst toplaşmaq azadlığının tam təmin olunması kimi qeyd etməsi də bunun sübutudur. Təcrübə göstərdi ki, indiki vaxtda bu mitinqlərin keçirilməsi iqtidara lazım idi. İqtidar hökuməti korrupsiyada ittiham edən beynəlxalq təşkilatlara həm də onu dedi ki, Azərbaycanda korrupsiya varsa nə üçün xalq mitinqlərə çıxmır, etiraza qalxmır? Axı korrupsiya sizin dediyiniz kimidirsə xalq korrupsiya əleyhinə elan olunan mitinqlərə qatılmalıdır. Qatılmırsa, deməli, ittihamlar əsassızdır. Xalq korrupsiyaya qarşı mitinqə çıxmırsa, beynəlxalq təşkilatların Azərbaycanı korrupsiyaya görə ittiham eləməsinin, cəzalandırmağa çalışmasının da əsası yoxdur. Deməli, bu mitinqlər həm də korrupsiyaya görə hökuməti islahetmə cəhdlərinin də qarşısını müəyyən mənada alır. Hökumətə qarşı beynəlxalq təşkilatların hansısa addımları olacaqdısa, artıq olmayacaq. Çünki bu mitinqlər göstərdi ki, Azərbaycan xalqının reaksiyası adekvat deyil ki, Avropa da xalqın reaksiyasına uyğun ciddi addımlar atsın. Beləliklə, məlum oldu ki, bu mitinqlər bir qrupun maraqlarına və hakimiyyətə sərf edir. Milli maraqlar, ictimai maraqlar baxımından isə bu cür mitinqlər əlbəttə ki, ziyan vurur. Sən kiçik mitinqlər keçirib özünü təşəbbüskar, əsas müxalifət kimi təqdim etməyə çalışırsan, amma bu mitinqlərin nəticələrindən iqtidar daha böyük uduşlar götürür. Əsas məsələ budur. Sən qaş düzəltdiyin yerdə vurub gözü tökürsən. Mənim bu mitinqlərdən əldə etdiyim təəssürat bunlardan ibarətdir”.

ADP sədri Milli Şuranın mitinqinə hakimiyyətin razılıq verməsinin, Müsavat Partiyasının yürüşünə isə razılıq verilməməsinin də konkret səbəbi olduğunu dedi: “Milli Şuranın mitinqlərinə yuxarıda dediyim məsələlərə görə hakimiyyət razılıq vermişdi. Milli Şuranın mitinqləri faktiki olaraq qapalı yerdə keçirilir, sanki üstü açıq zaldır, polislər qapıda dayanır gələnləri yoxlayıb içəri buraxırlar, ətrafdakı tamaşaçıları isə qovurlar ki, heç kim kənardan belə baxmasın. Ancaq Müsavat Partiyası elə bir metod seçmişdi ki, fərqli vəziyyət alına bilərdi. Müsavat yürüş keçirmək istəyirdi. Yürüşü mitinq qədər qapalı hala salmaq, hər kəsin oraya qatılmağının qarşısını almaq elə də asan deyil. Yürüşə yoldan keçən maşınlar, ətraf küçələrdən keçən insanlar, ətraf binalardakı sakinlər ən azından tamaşa etmək imkanı qazanırlar, onların bir qisminin yürüşə qatılmaq ehtimalı da var. Beləliklə, yürüş daha çox təsadüfi adamların bu aksiyanın şahidi olmasına, onu dəstəkləməsinə imkan yaradır. Ona görə də hakimiyyət yürüşə icazə vermədi və verməz. Amma mitinqi qapalı zalda keçirilən tədbir, partiya fəallarının geniş iclası halına sala bilirlər. Belə mitinqdən hakimiyyət çəkinmir. Hökumətin məqsədi müxalifətlə xalq arasında sədd çəkməkdir. Bunu mitinqdə daha asan edə bilirlər, yürüşdə isə bir qədər çətin olur”.

Etibar SEYİDAĞA
Tarix: 31-10-2017, 08:32
Xəbəri paylaş





Xəbər lenti