“Təcrübələr az olmayıb ki, ölkə başçısının xanımı prezident olub”
İstiqlalçı deputat, Vəhdət Partiyasının sədri, Tahir Kərimli sosial şəbəkələrin və müxalifyönlü mətbuatın əsas hədəfində olan şəxslərdəndir. Onun ötən sayımızda gedən geniş müsahibəsinin ikinci və sonuncu hissəsini təqdim edirik:
- Tahir bəy, yaxşı xatırlayıram, 2003-cü il seçkilərindən sonra “Bu hakimiyyətin rəhbərlik etdiyi ölkədə yaşamaram” demişdiniz. Hətta ölkəni tərk etmişdiniz. Nə dəyişdi ki, Tahir Kərimli nəinki o ölkədə yaşayır, hətta həmin ölkənin parlamentində oturur...- Sizə təklif edirəm ki, belə çətin sualları tez-tez verəsiniz (gülür). Dediyiniz fikirlərimdən sosial şəbəkələrdə əleyhimə çox istifadə edirlər. Hansısa sözümə inanmasanız, deyəcəksiniz ki, bunu düzgün demirsiniz. Mən keçmişimdən imtina etməmişəm. Necə olmuşamsa, davranmışamsa, mitinqlərdə nə danışmışamsa, parlamentdə necə olmuşamsa, bunların heç birini danmıram. O vaxt da, indi də səmimiyəm. Bəzi hallarda, eləcə də sizin qəzetdə də deyirlər ki, qatı müxalifət idi, nəyə görə hakimiyyətə qarşı yumşaldı.
Mən nə etməliydim ki? Mənə şans qoydunuz? Ölkədə hamını sata-sata getdiniz. Lap “Yeni Müsavat” qəzeti olsun, nə üçün adını çəkirəm. Çünki bəlkə 10 yerdə məni Rauf Arifoğluna bənzədiblər. Rauf Arifoğlu, Tahir Kərimli nə etməlidir? Son ana qədər müxalifətin birliyini qorumağa çalışdıq. Mən iqtidara müxalifət olmuşam, müxalifətə də müxalifət. İstər siyasi, istərsə də iqtisadi cəhətdən heç vaxt iqtidarla əlbirliyi etməmişəm. 2005-ci ildən sonra gördüm ki, müxalifətin şansı tamam itdi. Ona görə partiyamız mərkəzçi mövqe tutacağı ilə bağlı qərar verdi. Bir halda ki, bu hakimiyyəti dəyişmək, onun yerinə gəlmək imkanın yoxdur, o zaman düzə-düz, əyriyə əyri demək vaxtıdır. Bəli, mən 2003-cü ildə bəyan etdim ki, seçkilərdən sonra ölkəni tərk edib gedəcəm. Həmin ildə bütün müxalifət toplandı ki, seçkilərdə öz namizədimizlə gedək. Orada başbilən liderlər, partiyalar qərar verdilər ki, kim necə istəyir, o cür mübarizə aparsın. Sizlər İlham Əliyevə ayrı-ayrılıqda qalib gələ bilərdiniz? Sən kim necə istəyirsə, o cür mübarizə apara bilərdin? Ondan sonra həqiqətən ölkədən getdim. Ad çəkmirəm, Moskvada müavinimin imkanlı əmisi oğlu var idi. Həmişə mənə deyirdi ki, gəl bura. Kazanda da tanış var idi. Hara getdimsə, mənə qucaq açan olmadı. Mən orada “pisar” (yazar-red.) işinə razılaşdım. Düşünürdüm ki, təki 300 manatlıq iş olsun, çalışım, qaldığım kirayənin pulunu verim. Lakin xaricdə qala bilmədim. Bazarda işləmək əlimdən gəlmir. Ömrümdə bazar işləri ilə məşğul olmamışam. Bu gün deputatam, bir tum satılan yerim də yoxdur. O zaman məcbur olub qayıtdım.
Qayıdandan sonra gördüm ki, İlham Əliyev haqqında deyilən sözlərin çoxu yalandır. Kişi söhbəti etmək lazımdır. Deyirdilər ki, İlham Əliyev azərbaycanca bilmir. Onun öz dilimizdə nə qədər yaxşı danışdığını gördüm. O, İŞİD-i ölkəmizə buraxmadı, “Ərəb baharı” adı altında Azərbaycanı dağıtmaq istəyənlərin qarşısını aldı. Bunlar onun xidmətidir, dana bilmərik. 2005-ci ildən sonra çox düşündüm, o qənaətə gəldim ki, tək əqidə ilə dövlət idarə etmək olmur. Siyasətlə ölkəni idarə etmək mümkündür. Tək humanizmlə də ölkə idarə etmək olmur. Gərək sən pisləri cəzalandıra da biləsən. Düzgün görünməyən addımlar atıla bilər, amma dövləti qorumaq üçün qurbanlar da verilməlidir. Mütləq mənada yüz faiz yaxşılıq olmur. Ölkədə mənfi tendensiyalar var, əmin olun ki, o məsələlərdə mən müxalifətəm.
- Bu gün tənqid etdiyiniz müxalifət səhəri gün iqtidar olarsa, o iqtidara müxalifət olacaqsınız?- Öz içərimdə mən hər zaman müxalifətəm. Bu hiss içərimdən çıxmır. Mən heç kimdən, nə indiki hakimiyyətdən, nə də o müxalifətdən vəzifə umuram. Aldığım deputat maaşına şükür edirəm. Arzum budur ki, istər partiya, istərsə də yaxınlarım olsun, işləyə bilsinlər. Mənim bacım uşaqlarından, öz övladlarımdan işsiz olanlar var. Partiyamda da çoxdur. Mən daha çox ondan utanıram ki, onları işlə təmin etməyə gücüm çatmır. Kiməsə ağız açmağı da bacarmıram. Özümə iş tələb etmirəm. Gələcəkdə müxalifət də hakimiyyətdə olsa, onda da iş tələb etmərəm. Hakimiyyətdə kim olursa-olsun, arzum budur ki, mənim kimi düşünən, məndən ötrü maddi sıxıntı çəkənlər işləsin.
Bir tarixi faktı danışım. Məndən əvvəl Ali Məhkəmənin sədri olan Hüseyn müəllimi dəvət etdim ki, hansı işdə işləmək istəyirsiniz. O mənə dedi ki, Tahir, oğlum, 8 il sizin rəhbəriniz olmuşam, burada işləməyim düz olmaz, mən Sumqayıt Məhkəməsinin sədri olmağı istəyirəm. Onu 1-2 gün işsiz qoymadım. Milli Məclisdən o vəzifənin təsdiq olunması üçün əlimdən gələni etdim. Amma mən 22 il işsiz qaldım. Müxalifətə arzu edərdim ki, hakimiyyətə gəlmək üçün o şansları əldə etsinlər.
- Vəhdət parlament partiyası olandan sonra yəqin ki, maliyyəsi də düzəlib. Son iki ildə partiyaya axın varmı? Adətən insanlar maddiyyət axtarırlar...- Danmıram, partiyamız il ərzində dövlətdən 100 minə yaxın vəsait alır. Bunların böyük qismi vergilərə gedir, müavinlərə maaşlar verirəm, aparat işçiləri var, tədbirlər keçiririk. Hər aya böləndə az məbləğ edir. Milli Məclisdə bir neçə dəfə məsələ qaldırmışam ki, Türkiyədəki kimi olmasa da, heç olmasa, onun onda biri qədər partiyalara vəsait ayrılsın. Çoxpartiyalı sistemik. Amma sanki partiyalar əhəmiyyətlərini itiriblər. YAP dövlətləşib, yerdə qalanlar isə siyasi klublar təsirini bağışlayır. Hansısa qüvvənin mitinqlər keçirdiyini deyə bilərsiniz. Amma bu, partiyaların gücü deyil ki. Narazı qalanların ən çox xidmətidir. Vəhdət Partiyası daxil, digərlərinə də dövlət tərəfindən vəsaitlər ayrılmalı, eyni zamanda proporsional seçki sistemi bərpa olunmalıdır. Belə olan halda partiyalar siyasi həyata maraq göstərərlər. Beş müavinim var, hamısı başqa yerlərdə işləyir. Elə partiyalar var ki, yaxınlarının imkanları yüksəkdir və insanları cəlb edə bilirlər. Əhalimiz, sualda da qoyduğunuz kimi, ideologiya arxasınca gəlmir, ədalət də axtarmır. Faydası olan yerlərə meyl edir. Deputat seçiləndən sonra bir sıra partiya şöbələrimizi bərpa edə bildik. Heç də bütün rayon şöbələrinin sədrlərinə maaş verə bilmirəm. Çünki vəsaitimiz çatmır. Əmək haqqı verilən rayonlarda da irəliləyiş yoxdur. Sadəcə, partiyanı qoruyub-saxlamağa çalışırıq. Bu şəkildə gedərsə, partiyaların mövcudluğunu qorumaq çox çətin olacaq.
- 1992-ci ilin parlamenti indikindən hər cəhətdən fərqlənir. İndi icraedici orqandan asılılıq çoxdur. Sizin üçün bu parlamentdə əyləşmək çətin deyil ki?
“Proporsional seçki sistemi bərpa olunmalıdır”- 1992-ci ildə bütün hakimiyyətin taleyi parlamentdə həll olunurdu. Parlamentdən kənarda millətin, dövlətin, hakimiyyətin taleyi yox idi. İcraedici struktur rəhbərlərinin demək olar, hamısı deputat idi. İndi isə hakimiyyətin bölünməsi var, prezidentli respublikadır. Bu respublika hakimiyyət üçün daha vacibdir. O zaman tək Tahir əsəbi deyildi, ziyalılarımız, dövləti idarə edənlər də əsəbi idilər. İndi parlament çox yaraşıqlıdır, bütün deputatların iş otağı, hökumət telefonu var. Etiraf edim ki, o vaxt deputatdan daha çox çəkinir, hörmət qoyurdular, nəinki indi. Bu məni çox sıxır. Bəzən icra orqanlarının rəhbərləri deputatların telefonlarını belə açmırlar, köməkçiləri belə birləşdirə bilmirlər. Bəzən haqqı müdafiə etmək istəyib, bunu belə etmələrini istəyirsən, amma sənə məhəl qoyan olmur. O vaxt parlament qarşısında hər kəsin məsuliyyəti var idi. O parlamentin içərisindən bir müstəqil dövlət doğurdu, ölümümüzü gözümün qarşısına alırdıq, əqidəmizlə müstəqil dövlət qurmuşduq. Bu baxımdan o parlamentin tarixi əhəmiyyəti daha böyükdür.
- O parlamentdə Tahir Kərimli qışqıra-qışqıra danışa bilirdi, bəs indi?- Bir neçə ay bundan əvvəl Qarabağla bağlı çox sərt çıxış etdim. Mənə hətta irad tutulanda dedim ki, cənab sədr, mən istefa verərəm, amma nüfuzsuz deputat olmaram. Amma istənilən halda yaşım o yaş deyil. İndi mühafizəkaram, nə qazanmışıqsa, onun saxlanılmasının tərəfdarıyam. O parlamentdə həmişə qışqıra-qışqıra danışmırdım. Elə bilirlər ki, mən elə hər zaman qışqırıram. Arzum budur ki, elə bir imkan olsun ki, hər kəs sözünü rahat şəkildə deyə bilsin.
- Hazırda gündəmin əsas müzakirə mövzularından biri də 2018-ci ildə keçiriləcək prezident seçkiləridir. Artıq 6 nəfər iddiasını ortaya qoyub. Bu sırada sizi də namizəd kimi görə bilərikmi?- Mən başımdan hündürə tullana bilmərəm. Siyasi və texniki imkanlarım namizəd olmağa imkan vermir ki, prezident olam, hətta istəsəm belə. Namizədliyini irəli sürənlərin hər birinə hörmətlə yanaşıram. Mətbuatdan oxuduğuma görə, Hüseyn Abdullayevin ali təhsili yoxdur. Konstitusiya da ali təhsili olmayana prezident olmağa imkan vermir. Gənc lider sayılan Tural Abbaslı da namizəddir. Onu diqqətlə izləyirəm. Bəzən ona böyük ümidlər bəsləyirəm çıxışlarına görə. Amma mənə elə gəlir ki, onun komandası kifayət qədər deyil. Eləcə də digər namizədlərin. İsa Qəmbər 2003-cü ildə namizədliyini verəndə yüzdən çox partiya, təşkilat onu müdafiə edirdi. Nə Müsavatın əvvəlki gücü qalıb, nə də onu müdafiə edənlərin. Bu baxımdan, açığı deyirəm ki, bugünkü namizədləri hakimiyyətə alternativ hesab etmirəm. Müxalifətin faciəsi odur ki, birləşə bilmir. Verdikləri vədlər də havadan asılı qalır. Ola bilər ki, qəfil hadisələr baş verə bilər və onlar şanslı olar. Amma indiki vəziyyətdə bu mümkünsüzdür. Hətta bundan sonra da müxalif cəbhədən kiminsə namizəd olub, uğur qazanacağını görmürəm. Çünki prezident seçkiləri bütün respublika dairələrində güclü olmağı tələb edir. Bu partiyaların da çoxunun rayonlarda təşkilatları yoxdur. Olan da yox dərəcəsindədir.
- Hakimiyyətin gələnilki seçkilərdə namizədinin kim olacağı hələ məlum deyil. Bu istiqamətdə vitse-prezident postunun yaradılmasından sonra bəzi iddialar var...
- Bunlar barədə nəsə deməyə çətinlik çəkirəm. Onu deyə bilərəm ki, hakimiyyətə alternativ olmasa da, yeni namizəd daxildən çıxa bilər. Hakim partiyanın nəzəri cəhətdən qərarı da ola bilər. Amma hər halda, bir ailənin içərisindən iki namizəd olmaz. Bir namizədin olacağı dəqiqdir. Hər şeyi zamana buraxmaq lazımdır. İddialar çox ola bilər. İndiyə qədər tarixdə də təcrübələr az olmayıb ki, ölkə başçısının xanımı prezident olub. Məsələn, Argentinada belə hal oldu və prezident seçilən xanım da ölkəni yaxşı idarə etdi. Yaxın ildə gördük ki, Amerikada da keçmiş prezidentin xanımı rəhbər olmaq istəyirdi. Kim olursa-olsun, arzum budur ki, Azərbaycanda bu korrupsiyanın, ədalətsizliyin, daşlaşmış kadrların sonuna çalışsın. İslahatlar artıq başlayıb, bunu dərinləşdirmək lazımdır. Amma inhisarçılıq, korrupsiya halları aradan qalxmayınca çətin olacaq.
Cavanşir ABBASLI
Tarix: 31-10-2017, 08:52