Rusiya və İranın dağılması Azərbaycana sərf edərmi?

Rusiya və İranın dağılması Azərbaycana sərf edərmi? Elçin Mirzəbəyli: “Bizim nağıl dinləməyə nə vaxtımız var, nə də niyyətimiz”; Əhəd Məmmədli: “Rusiyanın dağılmasına Azərbaycan indidən hazır olmalıdır”

ABŞ-ın “Stratfor” kəşfiyyat-analitik mərkəzinin rəhbəri Corc Fridmanın 2030-cu illə bağlı verdiyi proqnozlar ətrafında gedən müzakirələr Azərbaycanda da qızışır. Proqnozda təcavüzkar Ermənistanın xəritədən silinəcəyi, Dağlıq Qarabağ ərazilərimizin geri qaytarılacağı, Azərbaycan-Türkiyə ittifaqının daha da möhkəmlənəcəyi ilə bağlı müsbət yerlər olsa da, qonşu ölkələrimiz olan Rusiya və İranla bağlı hissələr narahatedicidir.


Fridman hər iki ölkənin dağılacağını deyir. Ekspertlərin bunun Azərbaycan üçün hansı sonuclarla nəticələnə biləcəyi barədə fikirləri birmənalı deyil. Çoxları Dağlıq Qarabağın itirilməsində Rusiyanın iştirakını nəzərə alaraq, eləcə də, Cənubi Azərbaycanı əsarətdə saxlayan İranın olduğunu önə çəkərək, şimal və cənub qonşumuzun dağılmasını istəyir. Bunun əksini düşünərək, Azərbaycanın həmin hadisələrə hazır olmadığını deyənlər də az deyil. Xüsusilə region qarışarsa, Azərbaycan kimi kiçik ölkələrin bunun altından çıxa bilməyəcəkləri qeyd olunur.

Politoloq Elçin Mirzəbəyli birmənalı şəkildə Fridmanın proqnozlarının reallıqdan tam uzaq olduğunu söylədi: “Öncə qeyd edim ki, ”Stratfor" ictimai rəylə işləyən bir təşkilatdır. Bu qurumun hazırladığı və ictimailəşdirdiyi hesabatlar da ilk növbədə ictimai rəyin öyrənilməsinə və yönləndirilməsinə xidmət edir. Corc Fridmanın fikirlərində yeni heç bir şey yoxdur. Fridmanın proqnozları kimi təqdim olunan mülahizələr isə elə onun “Amerikanın gizli müharibəsi” kitabında bu və ya digər şəkildə öz əksini tapıb. Fridmanın “proqnozları” o zaman reallığa çevrilə bilər ki, bütün digər dövlətlər xaosa sürüklənsinlər və ABŞ dünyanın xəritəsini istədiyi kimi dəyişdirsin. Bu isə az inandırıcıdır. “Stratfor” bu qəbildən olan ssenarilərə ayrı-ayrı ölkələrdəki ekspertlərin reaksiyasını öyrənmək istəyir. Biz də bu cəfəngiyyatı təhlil etməklə “Stratfor”un maraqlarını təmin edirik. Bu və ya digər dövlətin gücü, potensialı haqqında mif yaratmaq dünyanın ən qədim siyasi təzyiq vasitələrindən biridir. ABŞ-ın ən müxtəlif adlar altında fəaliyyət göstərən institutların belə “hesabatları” açıqlamaqda əsas məqsədi bütün dünyanın dağılacağı, ABŞ-ın isə daha da güclənəcəyi haqqında mif yaratmaqdan ibarətdir. Bizim isə nağıl dinləməyə nə vaxtımız var, nə də niyyətimiz".



“Sivilizasiyalar və konfliktlər” Analitik Mərkəzinin rəhbəri Əhəd Məmmədli Rusiya və İranın dağılmasının istənilən halda Azərbaycanın xeyrinə olacağını düşünür: “Təbii ki, Rusiyanın dağılması bizim üçün xeyirdir. Çünki bizim torpaqlarımızın bir hissəsini işğalda 25 ilə yaxındır ki, məhz Rusiya saxlayır. Ermənistandan isə sadəcə maşa kimi istifadə edir. Kreml Qafqazda erməni dövlətinin qurulmasına da şərait yaratdı. Rusiya dağılacaqsa, Ermənistan adlı dövlət də xəritədən silinəcək. Rusiyanın dağılması həm də şimal sərhədlərimizin birdəfəlik təhlükəsizliyinin təminatıdır. İrana gəldikdə isə dağılması və ya rejimin dəyişməsi Rusiyanın parçalanmasından sonra baş verə bilər. Belə olan halda İranda yaşayan türklər Tehran olmaqla İranın şimali və mərkəzinə sahib çıxmalıdırlar və yaxud farslarla birlikdə bərabər hüquqlu konfederasiya qurub yaşamalıdırlar.



Bu iki seçimdən birinə isə İran türkləri qərar verəcəklər. Rusiya və İranın dağılması regionda Osmanlı coğrafiyasının təntənəsinə gətirib çıxaracaq. Türkiyəni təkcə regionun deyil, dünyanın lideri edəcək. Və bu da Azərbaycan üçün ən gözəl variant ola bilər. 13 ilə deyə bilmərəm, amma Rusiya dağılmalıdır və dağılacaq da. Çünki bu qədər başqa xalqların ərazisi olan dövlət gec-tez bir imperiya olaraq mövcudluğunu itirməlidir. Bu olan halda isə Azərbaycan üçün yeni imkanlar yaranacaq. Azərbaycan Qafqazın lider dövlətinə çevrilə, Qarabağ, Borçalı, Dərbənd və Qərbi Azərbaycanı yenidən öz tərkibinə qaytara bilər. Eyni zamanda Şimalı Qafqaz xalqları ilə hegemonluğunu saxlamaq şərti ilə ümmət üzərində bərk və sarsılmaz müttəfiqlik qura bilər. Dağlı xalqlarına yaxın olan kazakları da Azərbaycan öz təsir sferasına sala bilər. Rusiyanın dağılmasına Azərbaycan indidən hazır olmalıdır. Və belə olan halda yuxarıda qeyd etdiyim tarixi imkanlardan yararlanmağı bacarmalıdır”.

Cavanşir ABBASLI
Tarix: 31-10-2017, 10:20
Xəbəri paylaş





Xəbər lenti