Oqtay Qasımov: “Əsas hədəf bir il sonrakı seçkilərdə iştirak deyildi...”
Mərhum prezident Əbülfəz Elçibəyin bu günlərdə Naxçıvanın Kələki kəndindən Bakıya qayıdışının 20 ili tamam olur. 1993-cü ilin iyununda hakimiyyətdən uzaqlaşaraq doğulduğu kəndə gedən və 4 il 4 ay 12 gün orada yaşayan sabiq dövlət başçısının Bakıdan gedişi, orada yaşadığı müddət və paytaxta qayıdışı ilə bağlı ən müxtəlif faktlar üzə çıxıb, mövqelər səslənib.
Sabiq prezident Kələkidə olduğu müddət ərzində elə insanlar olub ki, onu tənha buraxmayıb, daim qoruyub, hətta təhlükəli zamanlarda belə həyatlarını riskə ataraq Elçibəyin yanında olublar. Belə şəxslərdən biri Elçibəyin köməkçisi olmuş Oqtay Qasımovdur.20 ildən sonra O.Qasımov “Yeni Müsavat”a bəzi maraqlı məqamlar açıqladı: “Elçibəyin o zaman Bakıya qayıtmasında hansısa səbəb axtarmazdım. O dövrün mətbu orqanlarında Əbülfəz bəyin açıqlamaları olmuşdu. Bakıya qayıtmaq istədiyini və bu barədə düşündüyünü demişdi. Hətta Kələkiyə getdiyi ilk zamanlardan belə, konkret olaraq iki həftədən sonra bir açıqlaması olmuşdu. O zaman prezidentin Naxçıvanda olan təyyarəsinin güllə ilə qanadları deşilmişdi. Bu, Elçibəyin geri dönüşünə əngəl olan amillərdən idi. Bakıya 20 il öncə qayıtmasına gəlincə, 1997-ci il iyunun 17-də Əbülfəz bəyin prezidentlik müddəti başa çatırdı, qanuni prezident olaraq. Əbülfəz bəy bu hüququ özündə saxladı və həmin ilin yayından Bakıya qayıtmaq haqqında düşünməyə başladı. Bu yöndə ciddi qərarlar alınmışdı. AXCP və digər siyasi qurumlar, o cümlədən demokratik qüvvələrin birləşdiyi Demokratik Konqres Əbülfəz bəyin Bakıya gəlişini müzakirə edirdi. O zaman onun Bakıya dönüşü ilə bağlı imzatoplama kampaniyasına da start verilmişdi. 1997-ci ilin sentyabrında AXCP-nin Məclisində Əbülfəz bəyin Kələkidən Bakıya dönüşünün təmin olunması ilə bağlı qərar çıxarılmışdı. Buna uyğun olaraq da, o zaman Milli Məclisdə fəaliyyət göstərən AXCP-dən olan deputatlar bu istiqamətdə fəaliyyət göstərirdilər. Həmin ilin oktyabrında Xalq Cəbhəsinin parlamentində olan deputat qrupu bəyanat verdi ki, onlar Kələkiyə Əbülfəz bəyin Bakıya dönüşünü təmin etmək üçün deputatlardan ibarət bir qrupu göndərməkdə qərarlıdırlar. O zaman deputatlardan Mirmahmud Mirəlioğlu, Qulamhüseyn Əlibəyli və Nizami Quliyev Kələkiyə gəldilər. Dövlət qurumları ilə aparılan telefon müzakirələrindən sonra Əbülfəz bəyin gəlişinə olan maneələr aradan qaldırıldı. Nəticədə o dönüşü təmin etmək mümkün oldu. O vaxt təxribatların ola biləcəyi barədə də bəhanələr gətirilirdi. Amma Əbülfəz bəy qəti şəkildə bəyan etmişdi ki, Bakıya gəlməkdə qərarlıdır, təşkilatın verdiyi qərar hörmətlə yanaşır, verilən qərara da əməl edəcək və onun icrasında da iştirak edəcək. Əbülfəz bəy Bakıya gəldiyi zaman hakimiyyət tərəfindən olan maneələr aradan qaldırıldı. Sadəcə, Naxçıvandan Əbülfəz bəyi yola salarkən elə şərait yaradıldı ki, insanların bundan xəbəri olmasın. Bəyi Naxçıvan Hava Limanına gətirən maşın karvanı elə gəldi ki, insanlar xəbərsiz oldular”.
Elçibəyin köməkçisi onun Bakıda ilk hara getdiyini də açıqladı: “O zaman minlərlə insan Əbülfəz bəyi qarşılamaq üçün aeroporta gəlmişdi. Biz orada qarşılanandan sonra Xəqani -33 ünvanına gəldik, o zaman Azərbaycan Xalq Cəbhəsi Partiyasının müvəqqəti qərargahı orada yerləşirdi, bildiyiniz kimi, həm də ora ”Azadlıq" qəzetinin redaksiyası idi. Orada qısa bir toplantı oldu və ondan sonra Əbülfəz bəy qardaşı, rəhmətlik Almurad Ağanın evinə getdi. Səhəri gün də ümumi toplantıları, görüşləri oldu. Həmin vaxt Əbülfəz bəyin Bakıda evi yox idi. O zaman Bəyə İstanbul evlərində ev verilmişdi. Amma Əbülfəz bəy o evdə bir saat da olmadı. Gəlişinin ilk günlərindən qardaşıgildə olurdu. Sonradan “Cıdır”ın yanında yaxın dostlarından birinin evi var idi, ora köçüb orada yaşadı. Dostu yaşamaq üçün o evi Elçibəyə vermişdi".
O.Qasımov Elçibəyin Bakıya gəlişinə heç zaman peşman olmadığını söylədi: “Əbülfəz bəy Kələkidə olarkən Bakıdakı vəziyyətlə bağlı kifayət qədər məlumatlı idi. Azərbaycan və regionda baş verən hadisələrlə daim maraqlanırdı. Orada informasiya qıtlığı yaşadığımızı deyə bilmərik. Bura gələrkən Əbülfəz bəy nəsə bir fövqəladə halların baş verə biləcəyini də hesablamamışdı. O, reallıqları yaxşı bilirdi. Hər kəs yaxşı bilir ki, Əbülfəz bəy gələndən sonra müxalifət düşərgəsində, özünün partiyası AXCP-də, o cümlədən cəmiyyətdə siyasi proseslərdə canlanma oldu. Bəy problemləri yaxşı bilirdi və bunu həll etməyin üzərində işləyirdi. O dövrü xatırlayanlar onu da yaxşı bilir ki, Əbülfəz bəy gələndən sonra AXCP, demokratik qüvvələri birləşdirən Demokratik Konqres, əlavə təşkilatlar yaradıldı. Azərbaycan ziyalılarını birləşdirən Aydınlar Birliyi yaradılmışdı, Bütöv Azərbaycan Birliyi qurulmuşdu. 1998-ci il seçkiləri ərəfəsində müxalifətin böyük hissəsini özündə birləşdirən SİDSUH hərəkatı quruldu. Qarabağ məsələsini özündə birləşdirən Müqavimət Hərəkatı da yaradılmışdı. Bunları sadalamaqla onu demək istəyirəm ki, Əbülfəz bəy burada boşuna dayanmadı. Həmin dövrdə siyasi qurumları birləşdirmək, fəaliyyətlərini canlandırmaq yönündə ciddi işlər qura bildi. Sadəcə, tale imkan vermədi ki, görülən işlərin nəticələri özünü təsdiq etsin”.
Müsahibimiz eks-prezidentin gəlişində ən çox əməyi keçənlərdən də danışdı: “Burada konkret şəxsin adını çəkmək imkansızdır. Çünki Əbülfəz bəyin Bakıya gəlişini cəmiyyətin böyük kəsimi istəyirdi. Amma istənilən halda onun paytaxta gəlişində ən çox rol oynayan lideri olduğu təşkilat və bu təşkilatla müttəfiqlik edən Demokratik Konqres, digər qurumlar idi. Kiminsə adını, yaxud hansısa bir təşkilatı önə çıxarmaq düzgün deyil. Azərbaycan cəmiyyətinin istəkləri və fəaliyyətini burada qiymətləndirmək daha doğru olar. Onu da deyim ki, Əbülfəz bəyin gəlişi zamanı əsas hədəf bir ildən sonrakı seçkilərdə iştirak etmək deyildi. Bəli, Elçibəyin hədəfləri var idi və onlardan biri də seçkilərdə iştirak idi. Amma bir il öncəki seçkilərlə bağlı Bakıya gəldiyi barədə fikirlərlə qətiyyən razılaşmıram. 4 il 4 ay onunla birlikdə Kələki kəndində olan şəxs kimi deyirəm ki, qayıdış barədə daim düşünülürdü. Sadəcə, müəyyən problemlər var idi, şərtlər də yetişməmişdi. 1998-ci ilin fevralındakı qurultayda namizədliyi partiyası tərəfindən irəli sürülmüşdü. Amma onun müttəfiqləri tərəfindən dəstəklənmədiyi barədə fikirlər doğru deyil. Düzdür, 20 ildir ki, bu məsələ müzakirə edilir. Könül istərdi ki, bütün təşkilatlar Əbülfəz bəyin vahid namizədliyini dəstəkləyərdilər. Lakin reallıqdır ki, 1992-98-ci illər aralığında ölkədə siyasi mühitdə çox dəyişikliklər olmuşdu. Bu dəyişikliyə də uyğun hərəkət etmək lazım idi. 1998-ci ildə Demokratik Konqresdə müxalifətin vahid namizəd məsələsi müzakirə olundu və orada yekun qərar verilmədi. Seçki mühiti o zaman qaneedici olmadığından müxalifətin böyük kəsimi seçkiləri boykot etdi, nəticədə SİDSUH hərəkatı yaradıldı. Müxalifət düşərgəsindən yalnız Etibar Məmmədov seçkilərə qatıldı. Deməyim odur ki, Əbülfəz bəyin Bakıya gəlişindən sonra bu hadisələrin yaşanmasının onda xəyal qırıqlığı yaratdığını demək bilmirəm nə dərəcədə doğrudur. İstənilən halda Əbülfəz bəy Bakını tərk etdikdən sonra xeyli hüquqi dəyişikliklər baş vermişdi ki, bunları nəzərə alıb hesablaşmaq lazım idi”.
Cavanşir ABBASLI
Tarix: 1-11-2017, 09:09