Seçki yaxınlaşır, “birlik oyunu” yenə gündəmə gəlir
Seçki ili yaxınlaşdıqca müxalifət sıralarından birləşmək çağırışları yenidən gündəmə gəlməyə başlayıb. 1990-cı illərin ortalarından 2013-cü ilədək müxalifət düşərgəsində çoxsaylı ittifaqlar, bloklar qurulub.Adətən seçkilər öncəsi yaradılan müxtəlif adlarda olan birliklərin ömürləri də müxtəlif olub. Bəziləri çox qısa müddətdə dağılıb, bəziləri nisbətən çox yaşayıb. Lakin ömürləri müxtəlif olsa da taleləri, sonları eyni olub-elan olunan məqsədə, hədəfə çata bilməyiblər, dağılıblar. Bəs dəfələrlə sınaqdan keçirilən və ciddi nəticəsi olmayan formatlara, birliklərə yenidən ehtiyac varmı və böyük birlik bu dəfə baş tuta bilərmi? AĞ Partiyanın sədri Tural Abbaslı bildirdi ki, bu mövzu Azərbaycan siyasi gündəminə demək olar hər seçki öncəsi gəlir və ya bilərəkdən gətirilir. Bu hal o qədər təkrarlanıb ki, artıq az qala “seçki” sözü ilə “birlik” sözü mətbuatda paralel işlənir:
Tural Abbaslı: “Ənənəvi formatlı birliklər xalqın gələcəyə olan ümidlərini qırmaqdan başqa işə yaramır”
“Bu günə qədər olan birlik təcrübələrimiz, eyni zamanda prosesin gedişi onu deməyə əsas verir ki, bu dəfə də nəzərdə tutulan ideal və səmimi birlik modeli alınmayacaq. Əgər şəraitin diktəsi ilə hansısa birlik yaranacaqsa da, bu, gözlənilən effekti verməyəcək. Sadəcə olaraq, seçkidən sonra növbəti uğursuzluqları ört-basdır etmək üçün bir-birilərini ittiham etməkdən yana növbəti platforma rolu oynayacaq. Müxalifətin uğur qazanması üçün ”böyük birlikdən" daha çox böyük islahatlara və böyük dəyişikliklərə ehtiyac var. Ənənəvi formatlı birliklər xalqın müxalifətdən olan gözləntilərini və gələcəyə olan ümidlərini qırmaqdan başqa bir işə yaramır. Biz insanlara yeni ümidlər və qələbəyə inam aşılamağa çalışmalıyıq. Bu işlərə daha çox vaxt sərf etmək lazımdır, nəinki artıq 25 ildir bir-birilərinə az qala düşmən münasibəti bəsləyən müxalif liderləri zorla bir araya gətirməyə çalışmaq. Biz AĞ Partiya olaraq hələlik heç bir digər siyasi qüvvə ilə birlik yaratmaq və seçkilərə birgə getmək barədə düşünmürük. Bu işi özümüz üçün indiki məqamda faydasız hesab edirik. Ancaq bu o demək deyil ki, biz digər partiyalarla müxtəlif sahələrdə əməkdaşlıq etmək fikrində deyilik. Funksional əməkdaşlıqla birliyi qarışıq salmamaq şərti ilə istənilən siyasi müxalif qüvvə ilə əməkdaşlıq edə bilərik. Hazırda da biz seçkilərə hazırlıqlarla məşğuluq. Əminəm ki, qarşımıza qoyduğumuz planla hərəkət edə bilsək, bu seçkilər AĞ Partiya üçün uğurlu olacaq".
Əli Orucov: “İndiyədək yaradılan seçki birlikləri və blokları ilə uğurlu nəticələr əldə etmək mümkün olmayıbsa...”
AMİP katibi Əli Orucov bildirdi ki, Azərbaycanda son dönəmlər seçki fəallığı və seçkilər hiss olunmayıb. Hər dəfə də bu sönüklük artmaqda davam edir. İndiyədək istər prezident, istər parlament seçkiləri olsun, müxalifətin yaratdığı seçki birlikləri və blokları ilə uğurlu nəticələr əldə etmək mümkün olmayıb. Şübhəsiz ki, bunun obyektiv və subyektiv səbəbləri olub: “Bu həm də ona görə belə olub ki, ölkədə normal seçki mühiti olmayıb. Təəssüf doğuran o olub ki, seçkilər bitdikdən sonra seçkidən öncə müttəfiq olan siyasi qüvvələr bir-birlərinə düşmən kəsiliblər. İndiyədək müxalifət ən yaxşı halda iki formatda birləşə bilib və heç zaman da son yaxşı olmayıb. Ona görə AMİP müxalifətin birlik çağırışlarına da, bu istiqamətdə atılan addımlara da çox həssas və ölçülüb-biçilmiş şəkildə yanaşır. Fikrimcə, əsas diqqət və hədəf ölkədə demokratik seçki, azad siyasi rəqabət mühiti yaradılması olmalıdır. Bu yöndə əməkdaşlığa, geniş fəaliyyətə ehtiyac var. Əks təqdirdə, nə birliklər, nə vahid namizədlər məsələsi ətrafında müzakirələr səmərəsiz vaxt itkisindən başqa bir şey deyil”.
Etibar SEYİDAĞA
Tarix: 1-11-2017, 09:13