Azərbaycan Avropaya doğru: Şərtlər qəbul ediləcəkmi?
Azərbaycanla Avropa İttifaqı arasında strateji tərəfdaşlıq haqqında yeni saziş üzrə danışıqların növbəti mərhələsi noyabrın 6-7-si Brüsseldə keçiriləcək. Bu barədə məlumatı Aİ-nin Azərbaycandakı nümayəndəliyinin Siyasi və sosial məsələlər və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Denis Danilidis verib. Onun sözlərinə görə, bu danışıqlar zamanı sazişin siyasi tərəfi müzakirə olunacaq. Xatırladaq ki, Avropa Birliyi hələ 2014-cü ildə Azərbaycana Avropa Birliyinin Assosiasiya Sazişinə qoşulmağı təklif edib. Lakin Şərq Tərəfdaşlığı Proqramı üzrə öhdəlik götürmüş 6 post-sovet ölkəsindən Ukrayna, Gürcüstan və Moldova Assosiasiya sazişinə qoşulsa da Azərbaycan bundan imtina edib.Ermənistan və Belarus isə Avrasiya İqtisadi Birliyinə daxil olub. Son üç ildə Şərqi Avropada Qərb ilə Rusiya arasında yaşanan qarşıdurma nəticəsində Şərq Tərəfdaşlığı Proqramına qoşulmuş ölkələr Assosiasiya Sazişi və AİB arasında iki geosiyasi təsir dairəsində bölünüb. Yalnız Azərbaycan bu iki birliyin heç birinə daxil olmayıb. Rəsmi Bakı Azərbaycana fərdi yanaşma nümayiş etdirilməsini təklif edir. Yəni Azərbaycan Avropa Birliyi ilə yalnız enerji sahəsində əməkdaşlığa dair müqavilə imzalağa razılıq verir. Rəsmi Bakıya təqdim edilən saziş layihəsi isə Azərbaycanda siyasi və hüquqi islahatların aparılmasını, Avropa Birliyi ilə azad ticarət zonasının yaradılmasını nəzərdə tutur. Lakin Azərbaycanın bu təkliflərdən imtina etməsi Qərblə münasibətlərin soyumasında mühüm rol oynayıb. Rusiya isə bu vəziyyətdən istifadə edərək Azərbaycanı Avrasiya İqtisadi Birliyinə daxil olmaq üçün razı salmağa çalışır. Bunun müqabilində hətta Moskva Azərbaycana Dağlıq Qarabağın ətrafındakı işğal edilmiş 5 rayonun qaytarılmasını da vəd edir. Lakin Azərbaycan iqtidarı hələlik bu variantlardan heç birini qəbul etməməklə balanslaşdırılmış xarici siyasət kursunu saxlamağa çalışır. 2016-cı ildən başlayaraq, Avropa İttifaqı Azərbaycana yenidən Assosiasiya Sazişi üzrə əməkdaşlıq təklif edib. Azərbaycan Şərq Tərəfdaşlığı Proqramına daxil olan ölkələrin noyabr ayında keçiriləcək sammitində iştirak etməyə razılıq versə də Brüsselin təkliflərini qəbul edəcəyinə dair hər hansı məlumat yoxdur. Daha doğrusu, rəsmi Bakının saziş layihəsini imzalamaqdan imtina edəcəyi gözlənilir. Lakin əldə olunan məlumatlara görə, Avropa Birliyi noyabr ayından sonra da bu istiqamətdə danışıqları davam etdirmək niyyətindədir.
Məsələni şərh edən NATO Əməkdaşlıq İnstitutunun rəhbəri Fərrux Məmmədovun sözlərinə görə, Azərbaycan Avropa Birliyi ilə strateji tərəfdaşlıq haqqında saziş layihəsini imzalayarkən milli təhlükəsizlik maraqlarına üstünlük verməlidir:“Azərbaycan müstəqillik qazandıqdan sonra dünya siyasətində vacib strateji tərəfdaşları var. Onların arasında Avropa Birliyi vacib əhəmiyyət kəsb edir. Heydər Əliyevin hakimiyyətə gəldikdən sonra Avropa və NATO ilə əməkdaşlıq kursunu tutması da Azərbaycanın əsas tərəfdaşının Rusiya deyil, Qərb olduğunu bir daha təsdiq etdi. Lakin strateji saziş layihəsində olan müəyyən maddələr Rusiya və İran üçün çox həssas məsələlərdir. Azərbaycana Rusiyadan və İrandan hər zaman təzyiq var. Azərbaycan da beynəlxalq münasibətlərdə balans deyilən xarici siyasət kursunu davam etdirməklə mövqeyini qoruyub saxlaya bildi. Lakin Avropa Birliyi Şərq Tərəfdaşlığı Proqramı çərçivəsində konkret tələblər ortaya qoyur.
Azərbaycan bu tələblərdən nə imtina edə bilər, nə qəbul edə bilər. Ona görə imtina edə bilməz ki, gələcək inkişaf və milli təhlükəsizliyi həmin maddələrin qəbul olunmasından keçir. Qəbul edə bilməz ona görə ki, Krımın ilhaqından və Rusiyanın Ukraynaya hərbi müdaxiləsindən sonra Azərbaycanın milli təhlükəsizliyi üçün təhdid yaranıb. Ona görə də Azərbaycanın strateji tərəfdaşlıqla bağlı yürütdüyü xarici siyasət başa düşüləndir. Azərbaycan təzyiq edən tərəf deyil, təzyiq olunan bir ölkədir. Ona görə də Azərbaycan bu gün enerji layihələri, Bakı-Tiflis-Qars dəmiryolu, “Böyük İpək Yolu” kimi önəmli iqtisadi və əslində siyasi məzmun daşıyan layihələri ilə strateji tərəfdaşının de-fakto Avropa Birliyi olduğunu göstərir. Ancaq bunu konkret sazişlə həyata keçirə bilmir. Çünki Azərbaycanın coğrafi mövqeyi onun mili təhlükəsizliyi üçün təhdid yaradan cizgilərlə doludur.
Bu baxımdan, Avropa Birliyi ilə strateji tərəfdaşlıq haqqında sazişin imzalanması hələ ki, real görünmür”. Lakin politoloq hesab edir ki, Azərbaycan humanitar, təhsil, iqtisadi məsələlərlə bağlı bir sıra öhdəliklər götürə bilər: “Bəzi sözlərin yerini dəyişərək, yəni manevr etməklə Azərbaycan müəyyən maddələri qəbul edə bilər. Əslində bu məsələdə bir qədər diplomatik peşəkarlıq lazımdır. Düşünürəm ki, Azərbaycan 2018-ci ilin prezident seçkiləri ərəfəsində Avropa Birliyi ilə geniş sammit təşkil edərsə, həm seçkilərin nəticələri, həm də insan haqları və demokratiya sahəsində geniş irəliləyişin şahidi ola bilərik”.
Müşfiq Abdulla
Tarix: 2-11-2017, 08:51