“Bu gün dünyada beynəlxalq hüququn normalarının bərqərar olması gündəlikdə duran ən önəmli məsələlərdən biridir. Əfsuslar olsun ki, bir çox hallarda bu normalar işləmir və kobudcasına pozulur. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi buna əyani misaldır”.
APA-nın məlumatına görə, bu sözləri prezident İlham Əliyev Tehranda Azərbaycan, İran və Rusiya dövlət başçılarının üçtərəfli Zirvə görüşündə çıxış edərkən söyləyib.Dövlət başçısı bildirib ki, Ermənistan Azərbaycanın əzəli torpağı, ayrılmaz hissəsi olan Dağlıq Qarabağı və ətraf 7 rayonu 20 ildən çoxdur ki, işğal altında saxlayır: “İşğal edilmiş torpaqlarda Azərbaycan əhalisi etnik təmizləmə siyasətinə məruz qalıb, 1 milyon soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Qeyd etmək lazımdır ki, nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən bu münaqişə ilə bağlı müvafiq qərar və qətnamələr qəbul olunub. Bunların sırasında dünyanın aparıcı qurumu olan BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin işğal edilmiş torpaqlarımızdan dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən qətnamələrini, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, ATƏT və digər təşkilatların qəbul etdiyi oxşar qərar və qətnamələri göstərmək olar. Ancaq Ermənistan buna məhəl qoymur, BMT Təhlükəsizlik Şurasının qətnamələrini icra etmir, işğalçı siyasətini davam etdirir. Erməni işğalına tezliklə son qoyulmalı, Azərbaycanın ərazi bütövlüyü bərpa edilməlidir”.
Prezident İlham Əliyeb vurğulayıb ki, bəzi hallarda BMT Təhlükəsizlik Şurasının qətnamələri dərhal icra edilir: “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qəbul edilmiş qətnamələr isə 20 ildən çoxdur ki, kağız üzərində qalır. Bu, ikili standartların göstəricisidir. Bugünkü status-kvo qəbuledilməzdir və dəyişdirilməlidir. Bizim qaçqın və köçkünlərimiz öz ata-baba torpaqlarına qayıtmalı və ölkəmizin ərazi bütövlüyü bərpa edilməlidir”.
***
“Azərbaycanın Rusiya və İran ilə ticarət dövriyyəsi 2017-ci ilin yanvar-sentyabr aylarında 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə əhəmiyyətli dərəcədə artıb. Gələcəkdə biz bu müsbət dinamikanı saxlamalı və artırmalıyıq. İrandan və Rusiyadan Azərbaycan iqtisadiyyatına qoyulan sərmayənin həcmi artır".
APA-nın məlumatına görə, bu sözləri prezident İlham Əliyev Tehranda Azərbaycan, İran və Rusiya dövlət başçılarının üçtərəfli Zirvə görüşündə çıxış edərkən söyləyib.
Dövlət başçısı bildirib ki, keçənilki Zirvə görüşündən sonra İran şirkətləri Azərbaycanda avtomobil və dərman preparatları zavodlarının tikintisinə iri həcmdə sərmayələr qoyub.
Prezident qeyd edib ki, Azərbaycan həm İran, həm də Rusiya ilə öz enerji xətlərini birləşdirib: “Azərbaycanın və Rusiyanın enerji sistemləri paralel iş rejimində fəaliyyət göstərir. İki ölkənin enerji sistemlərini “Xaçmaz-Dərbənd” və “Yalama” elektrik verilişi xətləri birləşdirir. İran-Azərbaycan enerji sistemlərini isə “İmişli-Parsabad” elektrik xətləri birləşdirmişdir. Araz çayında Ordubad və Marazad Su Elektrik stansiyalarının tikintisi haqqında imzalanmış saziş qüvvəyə minib və icra edilir. Ordubad Su Elektrik Stansiyasının tikintisi uğurla gedir”.
Dövlət başçısı bildirib ki, nəqliyyat sektorunda üçtərəfli əməkdaşlıq yaxşı nəticələr verir: “Bu il Azərbaycan öz dəmir yolunu İran sərhədinə qədər inşa edib. Biz, eyni zamanda, Astara çayı üzərində 82 metr uzunluğunda dəmir yolu körpüsü tikmiş və istifadəyə vermişik. Bundan əlavə, İran ərazisində 1,4 kilometr yol və terminallar tikilməsi üçün 35 hektarlıq ərazi Azərbaycan tərəfindən uzunmüddətli icarəyə götürülüb. Bu il üç ölkə arasında dəmir yollarında daşınma tarifləri razılaşdırılıb. Beləliklə, Azərbaycan-Rusiya sərhədindən Azərbaycan-İran sərhədinə qədər dəmir yolu istismara tam hazır vəziyyətə gətirilib. Bu yol Şimal-Cənub nəqliyyat dəhlizinin önəmli hissəsidir. Azərbaycan, eyni zamanda, İran ərazisində Astara-Rəşt dəmir yolunun tikintisinin maliyyələşdirilməsində iştirak etməyə hazırdır. Artıq İran tərəfi ilə Astara-Rəşt dəmir yolunun tikintisi və avadanlıqla təchiz olunması layihəsi üzrə 500 milyon dollar dəyərində kredit sazişi ilə bağlı danışıqlar bu yaxınlarda uğurla başa çatıb”.
Prezident İlham Əliyev bildirib ki, gələn il Bakı-İran sərhədi müasir magistral avtomobil yolu istismara veriləcək: “Bakı-Rusiya sərhədi magistral avtomobil yolunun son hissəsinin inşası da gələn il ən yüksək səviyyədə başa çatdırılacaq. Beləliklə, Şimal-Cənub nəqliyyat dəhlizinin Azərbaycan hissəsinin yaradılması prosesi son mərhələyə qədəm qoyub. Şimal-Cənub nəqliyyat dəhlizi bir çox ölkələr üçün böyük əhəmiyyət kəsb edir”.
***
“Bizi birləşdirən Xəzər dənizi ümumi sərvətimizdir. Xəzər sülh, dostluq və əməkdaşlıq dənizidir. Xəzər dənizində sərhəd mühafizəsi işində etibarlı əməkdaşlıq mövcuddur”.
APA-nın məlumatına görə, bu sözləri prezident İlham Əliyev Tehranda Azərbaycan, İran və Rusiya dövlət başçılarının üçtərəfli Zirvə görüşündə çıxış edərkən söyləyib.
Dövlət başçısı bildirib ki, Rusiya Müdafiə Nazirliyinin təşəbbüsü ilə keçirilən “Beynəlxalq Ordu Oyunları - 2017” çərçivəsində bu yaxınlarda Bakıda “Dəniz Kuboku - 2017” beynəlxalq yarışları təşkil olunub: “Bundan əlavə, hərbi dəniz qüvvələrimizin gəmiləri qarşılıqlı olaraq dostluq səfərləri həyata keçirirlər. Xəzərdə təhlükəsizlik tədbirlərinin gücləndirilməsi, narkotrafik, qaçaqmalçılığa qarşı birgə mübarizə yaxşı nəticələrə gətirib çıxarıb. Bu sahələrdə əməkdaşlıq böyük əhəmiyyət kəsb edir”.
Prezident qeyd edib ki, Azərbaycan sivilizasiyalararası, dinlərarası dialoqun möhkəmləndirilməsi işinə də öz töhfəsini verir: “Bizim təşəbbüsümüzlə 2008-ci ildə başlanan, 100-dən çox müsəlman və xristian ölkəsini birləşdirən “Bakı Prosesi” BMT tərəfindən dəstəklənir və yüksək qiymətləndirilir. 2015-ci və 2017-ci illərdə 100-dən çox ölkənin iştirakı ilə Bakıda keçirilən birinci Avropa və dördüncü İslam Həmrəyliyi Oyunları idman yarışları olmaqla bərabər, eyni zamanda, mədəniyyətlərarası dialoqa verdiyimiz növbəti töhfə idi”.
Dövlət başçısının sözlərinə görə, İran, Rusiya, Azərbaycan üçtərəfli əməkdaşlığı regionda təhlükəsizliyin, sabitliyin, iqtisadi inkişafın təmin olunmasına xidmət edir: “Bu əməkdaşlıq əyani şəkildə göstərir ki, qonşular arasında münasibətlər necə qurulmalıdır. Biz dostluq və mehriban qonşuluq nümunəsi göstəririk. Bizim əlaqələrimiz qarşılıqlı hörmət, anlaşma, xoş niyyət və dostluq prinsiplərinə əsaslanır. Əminəm ki, üçtərəfli əməkdaşlığımız gələcəkdə də uğurla davam etdiriləcək”.
Tarix: 2-11-2017, 08:53