Nümayəndəlik institutunun ləğvinə Vəkillər Kollegiyasına üzv ola bilməyən hüquqşünasdan sərt reaksiya
Milli Məclisin “Nümayəndəlik İnstitutunun ləğvi” ilə bağlı qanun layihəsini qəbul etməsi ölkə daxilində ciddi müzakirələr doğurub. Əksəriyyət insanların hüquqlarının qorunmasına bu qanunun ciddin əngəllər yaradacağını düşünürlər. Təsadüfi deyil ki, deputatlar arasında bu layihənin əleyhinə çıxanlar da az olmayıb.
Əksər vəkillər, hüquqşünaslar ləğv edilən nümayəndəlik institutunu əvəzləmək üçün qısa zamanda yeni qərarların qəbul edilməsini, yaxud Vəkillər Kollegiyasına üzvlüyün şərtlərinin sadələşdirilməsinin vacibliyindən danışırlar.Nümayəndəlik fəaliyyəti ilə məşğul olan, “Hacıbəyli Hüquq Mərkəzi”nin təsisçisi və rəhbəri Yalçın Hacıbəyli ilə qəbul edilən qanun layihəsini müzakirə etdik.
- Yalçın bəy, bu həftə gözlənilən “Nümayəndəlik institutunun ləğvi” ilə bağlı qanun layihəsi qəbul edildi. Bu qanunun vətəndaşlar üçün gərəkliliyini necə dəyərləndirirsiniz?- Cinayət hüququ prosesində vətəndaşların nümayəndələr vasitəsi ilə təmsili qadağandır, hüquqi müdafiə ancaq vəkillər vasitəsilə həyata keçirilir. Amma demək olmaz ki, cinayət hüququ sahəsində vətəndaşlar yüksək keyfiyyətli, peşəkar hüquqi xidmətlər alırlar. Misal üçün deyə bilərəm ki, il ərzində 1-ci instansiya məhkəmələrinin qəbul etdiyi on minə yaxın hökmün çox az hissəsindən yuxarı məhkəmələrə şikayət olunub. Birinci instansiya məhkəmələrinin hökmü ilə həbs olunmuş məhkumların bəzilərinin heç onlar haqqında məhkəmələr tərəfindən qəbul olunmuş hökmdən yuxarı məhkəmə instansiyalarına şikayət verilə biləcəyindən xəbərləri olmayıb. Bu dəyişikliklə mülki və inzibati hüquq sahəsində də eyni problem yaranacaq. Ümumiyyətlə, bildirim ki, nümayəndəlik institutu vətəndaşların nümayəndələr və qanuni nümayəndələr (yaxın qohumlar) vasitəsi ilə, həmçinin hüquqi şəxslərin nümayəndələri vasitəsilə təmsilçiliyindən ibarətdir. Son dəyişikliklərə görə vətəndaşların nümayəndələr vasitəsilə təmsilçiliyi məhdudlaşdırıldı. Konstitusiyamıza görə ölkəmizdə qanunvericilik təşəbbüsü olan bir neçə orqan var, onlardan biri də Ali Məhkəmədir. Həmin qanun layihəsi də təşəbbüs qaydasında Ali Məhkəmədən gəlib. Səbəb kimi də vətəndaşlara daha keyfiyyətli və peşəkar hüquqi xidmətin edilməsi göstərilib. Qanunların yaranması, onlara əlavə və dəyişikliklər edilməsi zərurətdən yaranır. Hesab edirəm ki, bu dəyişikliyə bu formada heç bir ehtiyac yox idi. Həmçinin qanunların işləməsi, onun insanların həyatının mütərəqqi formada faydalı olması və ümumiyyətlə cəmiyyət həyatının sistemə salınması üçün ondan əvvəl hüquqi bazasının yaradılması lazımdır. Demək olar ki, bu dəyişiklik qüvvəyə mindiyi zaman insanların hüquqi müdafiəyə əlləri çatmayacaq. Çünki 10 milyonluq xalqa xidmət göstərəcək kifayət qədər vəkil yoxdur, yəni sayları təxminən 900 olan vəkillərin fiziki baxımından keyfiyyətli hüquqi xidmət göstərmələri mümkün deyil. Həmçinin, rəsmi statistikalara görə də pozulmuş hüquqlarının müdafiəsi və bərpası üçün məhkəmələrə müraciət edənlərin sayı dəfələrlə artmış, son devalvasiyalar nəticəsində vətəndaşlarla banklar arasında yaranmış kredit probleminə görə məhkəmə mübahisələrinin sayı yüz minləri ötmüşdür. Hesab edirəm ki, belə bir dəyişikliyin olması təkcə nümayəndə kimi hüquqi xidmətlər göstərən hüquqşünasların yox, elə Vəkillər Kollegiyasının üzvü olan vəkillərin mənafeyinə və gələcəkdə hüquqşünas olmaq istəyən şəxslərin də həvəsləndirilməsi baxımından uğursuz haldır. Yəni, açığı desəm, bu dəyişikliyin rəsmi açıqlamada deyildiyi kimi vətəndaşlara keyfiyyətli hüquqi yardımın göstərilməsi üçün edilməsi variantına inanmıram.
- Bu qanun qanuni vəkillər üçün hər hansı bir problem yarada bilərmi?- Problem hər hansı bir səbəbdən Vəkillər Kollegiyasından xaric edilmə təhlükəsindədir, bunun da zaman-zaman şahidi oluruq. Yəni vətəndaşların hüquqi nümayəndəliyini azad hüquqşünaslar deyil, quruma bağlı olan vəkillər edəcək. Qurumla bu və ya digər məsələdə razılaşmayan vəkil isə, sərbəst fəaliyyətlə məşğul ola bilməyəcək deyə, bir çox hallarda müqavimət göstərmək imkanı olmayacaq.
- Yüzlərlə işsiz qalan hüquqşünasların bu qanuna reaksiyası necə oldu?- Bilirsiniz, əslində bu dəyişiklik ən çox hüquqi yardımdan kənarda qalan, maddi imkanı aşağı olan, istədiyi zaman hüquqi müdafiəyə ehtiyacı olan vətəndaşlara daha çox təsir edəcək, nəinki müvəqqəti işsiz qalacaq hüquqşünaslara. İnanıram ki, həmin hüquqşünaslar qısa zamanda özlərinə iş tapacaqlar. Amma nəzərə alaq ki, rayonlarımızda yeddi milyon əhali yaşayır. Onları təmsil edə biləcək vəkillərin sayı isə cəmi 235 nəfərdir. Elə təkcə bu say region məhkəmələrində proses zamanı vətəndaşın müdafiəsiz qalacağına sübutdur. Qaldı ki, hüquqşünasların reaksiyasına demək olar ki, mütəşəkkil qaydada olmasa da, lokal qaydada hər kəs öz etirazını sosial şəbəkələr vasitəsilə bildirir. Amma mütəşəkkil qaydada etirazın olunması yolunda addımlar da atılır.
- Sosial şəbəkədə “müğənnilər, aktyorlar, idmançılar qanun qəbul edir, amma hüquqşünaslar vətəndaşları təmsil edə bilmir” statusunu yazmışınız...- Necə ola bilər ki, heç bir hüquqi təhsili olmayan və ya olsa da hüquq sahəsində praktik hüquqi təcrübəsi olmayan şəxs qanunverici orqanda qanun layihələrinin hazırlanması və qəbulu işi ilə məşğul olur, amma ali təhsilli hüquqşünasın Vəkillər Kollegiyasına üzv olması üçün rəsmi olaraq 3 illik hüquqşünas təcrübəsi tələb edilir və hüquqşünas məhkəmə prosesində iştirakdan məhrum olunur? Qanunun mütərəqqi, faydalı və işlək olması üçün ilk öncə onun peşəkarlar tərəfindən hazırlanması lazımdır. “Vətəndaşlara keyfiyyətli hüquqi yardımın göstərilməsi” düşünülmədən öncə, onların hüquqlarını pozacaq qanunların qəbul olunmaması, qəbul olunmuş qanunların dürüst həyata keçirilməsini təşkil edəcək mexanizmlərin hazırlanması lazımdır.
-Vəkillər Kollegiyasının bu dəyişikliyə hər hansı bir münasibəti oldumu?- Çox təəssüflər olsun ki, bizim Vəkillər Kollegiyası heç Aşıqlar Birliyi qədər də aktiv bir qurum deyil. Təsəvvür edirsiniz ki, bu dəyişikliklərlə əlaqədar kollegiyanın heç bir açıqlamasına rast gəlməmişəm. Heç onların rəsmi açıqlama verəcək bir yerləri var ki? Saytları yox, sosial şəbəkələrdə də yoxdurlar. Əlbəttə könül istərdi ki, Vəkillər Kollegiyası xarici ölkələrdə olduğu kimi, ölkənin ictimai-siyasi həyatında aktiv rol oynasın, nəinki hüquqi məsələlərinə aid ölkənin müqəddəratına təsir edəcək hadisələrə dərhal reaksiya versin. Bilirsiz, həyatda ümumbəşəri olan çox az sahə var ki, onlardan biri də hüquq sahəsidir. Hüquq bütün sahələrdə var, hüquqsuz olan sahə yoxdur, yəni bütün sahələr hüquqla tənzimlənir, hüquq cəmiyyəti, həyatı idarə edən bir mexanizmdir. Həyatı idarə edən mexanizmləri bilən şəxsləri birləşdirən yeganə qurumlardandır, Vəkillər Kollegiyası. Lakin, buna baxmayaraq bu qurumun rəsmi şəkildə heç bir məsələyə münasibətini görməmişik.
Cavanşir ABBASLI
Tarix: 2-11-2017, 21:25