Azərbaycanda növbədənkənar Prezident seçkiləri ilə bağlı tələblər DƏYİŞİR
Azərbaycanda növbədənkənar Prezident seçkilərinin keçirilməsi ilə bağlı tələblər dəyişdirilir.
Modern.az-ın məlumatına görə, bununla bağlı Seçki Məcəlləsinin 179-cu maddəsinə (Növbədənkənar Prezident seçkilərinin keçirilməsi) dəyişikliklər təklif edilir.Hazırki qanunvericilikdə (Seçki Məcəlləsinin 179.1 maddəsində) göstərilib ki, Konstitusiyanın 104-cü maddəsində nəzərdə tutulmuş hallarda Prezidentin səlahiyyətlərinin icra müddəti Konstitusiyada müəyyən edilən müddət başa çatmamış bitərsə, növbədənkənar Prezident seçkiləri keçirilir. Bu hal növbəti Prezident seçkiləri təyin edildikdən sonra baş verərsə, növbəti seçkilər dayandırılır və növbədənkənar Prezident seçkiləri təyin edilir.
179.1-ci maddəyə təklif olunan dəyişikliyə əsasən, Konstitusiyanın 104-cü maddəsində nəzərdə tutulmuş hallarda Prezidentin səlahiyyətlərinin icra müddəti Konstitusiyada müəyyən edilən müddət başa çatmamış bitərsə, habelə Konstitusiyanın 101-ci maddəsinin I hissəsinin ikinci cümləsinə əsasən Prezidentin elan etdiyi halda növbədənkənar Prezident seçkiləri keçirilir.
Konstitusiyanın 104-cü maddəsində nəzərdə tutulmuş hallar növbəti Prezident seçkiləri təyin edildikdən sonra baş verərsə, növbəti seçkilər dayandırılır və növbədənkənar Prezident seçkiləri təyin edilir.
179.2-ci maddəyə təklif olunan dəyişikliyə görə isə Konstitusiyanın 104-cü və 107-ci maddələrinə əsasən, Konstitusiya Məhkəməsinin və ya Azərbaycan Respublikası Milli Məclisinin müvafiq qərarının qəbul edildiyi, həmçinin Konstitusiyanın 101-ci maddəsinin I hissəsinin ikinci cümləsinə əsasən Prezidentin elan etdiyi (Prezident tərəfindən başqa qayda müəyyən edilmədikdə) gündən başlayaraq bir həftədən gec olmayan müddətdə seçkilər Mərkəzi Seçki Komissiyası tərəfindən çərşənbə gününə təyin edilir və 60 gün müddətində keçirilir
Hazırki qanunvericilkdə isə qeyd edilib ki, 179.2. Konstitusiyanın 104-cü və 107-ci maddələrinə əsasən Konstitusiya Məhkəməsinin və ya Azərbaycan Respublikası Milli Məclisinin müvafiq qərarının qəbul edildiyi gündən başlayaraq bir həftədən gec olmayan müddətdə seçkilər Mərkəzi Seçki Komissiyası tərəfindən çərşənbə gününə təyin edilir və 3 ay ərzində keçirilir.
Məcəlləyə dəyişiklik Milli Məclisin payız sessiyasında müzakirəyə çıxarılacaq.
Tarix: 3-11-2017, 22:00