Ermənistan Prezidenti Serj Sərkisyan noyabrın 15-də Rusiyaya səfər edəcək. Doğrudur, Ermənistanın Rusiyadakı səfiri Vardan Toqanyan Sərkisyanın Moskvaya erməni mədəniyyət günlərində iştirak etmək üçün gedəcəyini bildirib. Amma maraqlı məqam erməni prezidentin özü ilə bu səfərə Müdafiə naziri Vigen Sərkisyanı da aparmasıdır. Üstəlik, ortada sual yaradan digər məqam isə erməni liderin Rusiyada 1 ay öncə - oktyabrın 11-də olması ilə bağlıdır.Brüssel zərbəsi: İrəvan çarəsizdirHəm Azərbaycan, həm də Ermənistandan olan ekspertlər bu səfərin həqiqətən də ilkin olaraq deyildiyi kimi sadəcə mədəniyyət günləri xatirinə Rusiyaya səfər etmək məqsədi daşımadığında həmrəydirlər. Belə ki, məhz sonuncu Rusiya səfərindən sonra Sərkisyan İrəvana yeni hərbi kredit ideyası ilə geri döndü. Üstəlik, Sərkisyan son səfər ərəfəsində və sonrasında Rusiyaya Ermənistanın bütün hava məkanını hədiyyə etdi, erməni ordusu tərkibində birbaşa Moskvaya tabe olan xüsusi vahid ordu qruplaşması (daha dəqiq desək, Ermənistan Silahlı Qüvvələrinin 5-ci korpusu bu qruplaşmaya verildi – red.) yaratdı. Görünür, Moskvadan bütünlüklə asılı olan Sərkisyan bu dəfəki səfərində də Ermənistan üçün həm cızılan layihələri, həm də cızılması planlaşdırılan addımları öyrənməyə gedir.
Əslində Sərkisyanın səfərinin “Şərq tərəfdaşlığı”nın Brüsseldəki sammiti ərəfəsinə düşməsi təsadüf hesab olunmamalıdır. Noyabrın 24-də başlanılacaq sammitdə Ermənistan Avropa Birliyi ilə yeni çərçivə müqaviləsi imzalamalıdır. Erməni tərəfi, eləcə də Serj Sərkisyanın özü bu layihəni Avrasiya İttifaqına qarşı hesab etmir. Rəsmi İrəvanın fikrincə, burada söhbət iqtisadiyyat yox, daha çox insan haqları, effektiv idarəçilik sistemi, dövlət strukturlarının modernləşdirilməsindən gedir.
Müqavilənin qəbul edilməsini israrla tələb edən müxalifət isə bu razılaşmanı Ermənistan üçün son çıxış yolu hesab edir. Müxalifətin qorxduğu əsas məqam isə Rusiyanın təzyiqi ilə Sərkisyanın 2013-cü ildəki kimi bu müqavilədən yenidən imtina etmək ehtimalıdır.
Əslində Rusiyanın Ermənistan üzərində tam nəzarət etdiyini nəzərə alsaq, Sərkisyanın AB ilə danışıqlara Moskvadan xəbərsiz getdiyini düşünmək yanlışlıq olardı. Digər tərəfdən Brüssellə danışıqlar Ermənistan hökuməti vasitəsilə aparılır ki, buna da Moskvanın İrəvanda əsas dayaqlarından sayılan Karen Karapetyan rəhbərlik edir.
Əlbəttə, Moskva ilə razılaşdırılmağına baxmayaraq, İrəvan son anda yenidən danışıqlardan imtina edə bilər. Bunun isə səbəbi Brüsseldəki sammitdə qəbul ediləcək yekun qətnamənin 2-ci bəndidir. Bu bəndə əsasən Şərq Tərəfdaşlığı ölkələrinin ərazi bütövlüyü məsələsi tam dəstəklənməlidir. Azərbaycan, Gürcüstan və Ukrayna artıq açıq şəkildə bu bəndi dəstəkləyəcəklərini bildiriblər. Hələlik ən ağır vəziyyət məhz İrəvan üçün yaranıb. Ermənistan bu qətnaməyə imza atacağı təqdirdə avtomatik olaraq Qarabağ məsələsində çətin vəziyyətə düşəcək ki, bu da istənilən halda Moskvaya sərf etmir. İrəvanın bu qətnaməyə imza atması Qarabağ konflikti ilə bağlı Kremlin illərdir tətbiq etdiyi layihəyə böyük zərbə vurulması anlamına gəlir. Görünür, Sərkisyan Moskvaya həm də bunu son dəfə Putinlə müzakirə etməyə gedir.
Yeni raketlərSərkisyanın özü bir neçə gün öncə “RİA Novosti” agentliyinə müsahibəsində dolayısı yolla olsa da, Moskva ilə yeni kredit müqaviləsinin İrəvanda Rusiya Baş naziri Dmitri Medvedyevin səfəri zamanı imzalandığını dedi. Doğrudur, müsahibənin sonrakı hissələrində Sərkisyan nədənsə bu söylədiyi fikirlərə zidd ifadələr səsləndirdi. Amma istənilən halda bilinən əsas məqam hərbi kreditlə bağlı İrəvanla Moskva arasında de-fakto razılaşmanın olmasıdır. Görünür, Vigen Sərkisyanın da Moskvaya prezidentlə birgə getməsi məhz bu razılaşma ilə bağlı olacaq.
Ən maraqlı məqam isə Vigen Sərkisyanın oktyabrın 29-da Armenia TV-yə verdiyi müsahibədə yaşandı. Sərkisyan müsahibəsində İrəvanın yeni hərbi kredit sayəsində Rusiyadan strateji mühafizə silahları almaq istəyini dilə gətirdi. Görünür, Ermənistan rəhbərliyi bu dəfə də dünyanı Moskvanın hədiyyə edəcəyi yeni “İsgəndər”lər və ya hansısa yeni növ silahlarla təəccübləndirmək istəyir. Sərkisyanın Moskvada məhz bu silahları müzakirə edəcəyi də istisna edilməməlidir. Nəzərə alsaq ki, İrəvan bütün regional layihələrdən uzaq qalıb, Bakı-Tiflis-Qars, Bakı-Tiflis-Ceyhan, Bakı-Supsa, TAP və TANAP sayəsində Azərbaycan Rusiyanın cəngindən çıxıb, Azərbaycanla bərabər bütün bölgədə Moskva təsiri zəifləməyə başlayıb, o zaman Moskvanın bu silahları İrəvana hədiyyə edəcəyi gözləniləndir. Moskva bununla həm Qərbə, həm regiona, özəlliklə isə Bakıya mesaj verə bilər.
BTQ-yə alternativƏslində Kreml BTQ-dən öncə mövcud olan Moskva-Suxumi-Tiflis-İrəvan dəmiryolunu açmağı düşünürdü və çalışırdı. Onsuz da Rusiya rəsmiləri Avrasiya İttifaqının hökumətlərarası şurasının İrəvandakı görüşündə açıq şəkildə bu məsələdə Tiflisə təzyiqlər etdiklərini dilə gətirdilər.
Moskva bu məsələdən asanlıqla imtina etməyəcək. Həm Ermənistan gedən quru yolunun açılması, həm İranla ticarətinin rahat təmin edib, bölgədə BTQ-yə problem yaradılması üçün Kreml bu dəmiryolunu reallaşdırmağa çalışacaq və buna görə də indiki mərhələdə Tiflisə təzyiqlərini artıracaq. Üstəlik regionun Avropa ilə rahat birləşməsinə mane olmaq üçün Rusiya illərdir Gürcüstana qarşı yararlandığı Cavaxetiya ermənilərindən yararlana bilər. Moskva onlardan BTQ-yə qarşı hansısa provokativ addımlarda da istifadə edə bilər.
Pis vəziyyətdə olan İrəvanın azca da olsa rahat nəfəs alması və etibarlı şəkildə Moskvanın qalası rolunu oynaması üçün Rusiya bu layihədən imtina etməyəcək. Kreml bütün gücü ilə bu xəttə Türkiyə (nəzərə alaq ki, bu dəmiryolunun son dayanacağı Gümrüdür) və İranı qoşmağa çalışa da bilər. Putinin Ərdoğanla yaxın zamanlarda təşkil ediləcək görüşdə hətta bu məsələni gündəmə gətirəcəyi də istisna olunmamalıdır. Putinin Sərkisyanı Moskvaya çağırmasının əsas səbəblərindən biri də məhz bu ola bilər.
Sərkisyan taxtını əldən vermir2018-ci ildə Ermənistanda idarəçilik formasının prezident idarə üsulundan parlament idarə üsuluna keçməsini nəzərə alsaq, Sərkisyanın Moskvada Putinlə öz siyasi taleyini də müzakirə edəcəyi istisna edilməməlidir. Doğrudur, Moskvanın Sərkisyandan, daha doğrusu isə Qarabağ klanından yaxın zamanda imtinası nəzərdə tutulmur. Kreml üçün bu klan İrəvanın ən asan idarə edilmə formuludur. Sərkisyan bunu gözəl anlayır və bunun üçün öz hakimiyyətini baş nazir postunu ələ keçirməklə daimi etmək istəyir. Əslində bu sistem Ermənistanın siyasi və iqtisadi mühitinə tam nəzarət edən Moskvaya sərf edir. Vigen Sərkisyanın Putinlə görüşə aparılmasının digər səbəbi Sərkisyanın özü olmayacağı təqdirdə belə adaşının bu yerə namizədliyini təsdiq etdirməkdir. Prezidentə sadiq olan bir kadrın bu vəzifədə qalması Sərkisyanın da özünü sığortalaması deməkdir.
Görünür, Sərkisyan bu dəfə Moskvaya sadə görüşə və tapşırıq almağa yox, həm də bölgənin taleyini öyrənməyə gedir. Sərkisyanın burada hansı qərarlarla qarşılaşmasından asılı olmayaraq, bu, tez zamanda Cənubi Qafqazda, özəlliklə isə Dağlıq Qarabağ münaqişəsində öz əksini tapacaq.
Tarix: 4-11-2017, 09:45