Statusun həllində gözlənilməz gediş: İran Xəzərdə güzəştə gedir?

Statusun həllində gözlənilməz gediş: İran Xəzərdə güzəştə gedir? Yaxın vaxtlarda Xəzər dənizinin statusuna dair razılaşma və müqavilənin imzalanması planlaşdırılır. Bu açıqlama ilə Rusiya prezidenti Vladimir Putin çıxış edib. Azərbaycan, Rusiya və İran dövlət başçılarının Tehranda keçirilən görüşündə Putin saziş layihəsinin bütün istiqamətləri üzrə yekun razılaşdırma işlərinin aparıldığını deyib. İran prezidenti Həsən Ruhani isə bəyan edib ki, görüşdə iştirak edən tərəflər Xəzər dənizinin hüquqi statusunun tezliklə müəyyən edilməsinə tərəfdar olublar. “Bizim üçümüzün də ölkəsi Xəzəryanı dövlətdir və biz Xəzərin hüquqi statusunun tezliklə yekunlaşması barədə danışdıq. Bu dənizin mövcud potensialından istifadə etməyi bacarmalıyıq”-deyə Ruhani bildirib.

Qeyd edək ki, Xəzər dənizinin hüquqi statusunun indiyə qədər həllini tapmaması İran və Türkmənistanın bu məsələdə fərqli mövqe tutması ilə bağlıdır. Ancaq İranın mövqeyində dəyişiklik baş verərsə, bu, Xəzər regionunda geosiyasi münasibətlərin yeni mərhələyə daxil olmasına gətirib çıxaracaq. Çünki Aşqabadın əks-mövqe tutmasında İranı kifayət qədər ciddi siyasi təsir göstərib. Bu baxımdan, İranın Xəzər dənizinin statusunun müəyyənləşməsində Azərbaycan və Rusiya ilə anaşması Türkmənistanın da mövqeyinin dəyişməsində mühüm rol oynaya bilər.

Politoloq Fikrət Sadıqovun sözlərinə görə, son günlər bölgədə gerçəkləşən Bakı-Tiflis-Qars, Şimal-Cənub enerji və nəqliyyat dəhlizləri Azərbaycan, Rusiya və İranın mövqelərini xeyli yaxınlaşdırıb:

“Tehranda üç dövlətin başçısı qitələri birləşdiən layihələri müzakirə edb. İrimiqyaslı layihələrin reallaşması istiqamətində qərarlar qəbul olunub. Bu da əlbəttə ki, Xəzər dənizinin statusunun müəyyənləşməsi ilə bağlı qərarların qəbul olunmasında təkanverici rol oynayıb. Orada bəyan edilib ki, Xəzər qonşuluq dənizidir və görülən işlər təhlükəsizliyə və sabitliyə xidmət etməlidir. Xəzərin statusu məsələsində İranın mövqeyində kəskin dəyişikliyin baş verdiyini söyləmək hələ tezdir. Yekun hüquqi status məsələsini hazırda həll etmək ola bilsin asan olmayacaq. Amma tərəflər yəqin ki, buna nail olmaq ərəfəsindədir. Tehranda ciddi məsələlər müzakirə olunub. Azərbaycan, Rusiya və İran arasında müzakirə olunan layihələr və qəbul olunan qərarlar Xəzər dənizinin hüquqi statusunun müəyyənləşməsində həlledici rol oynaya bilər. Əgər Şimal-Cənub layihəsi gerçəkləşərsə, bu Xəzər dənizinin statusuna da təsir göstərəcək”. Fikrət Sadıqov onu da bildirdi ki, İranın kompromisə getməsi Türkmənistanı da Xəzər dənizinin statusunun müəyyənləşməsində ümumi razılaşmaya qoşulmağa kömək etmiş olar: “Bu məsələdə Türkmənistanın mövqeyi İranla üst-üstə düşür. İran kompromisə getsə, bu, Türkmənistanın da mövqeyinə təsir göstərə bilər. Bu da ümumilikdə Xəzərsahili dövlətlərin maraqlarına cavab verir”.


Müşfiq Abdulla

Cebhe.info
Tarix: 5-11-2017, 21:18
Xəbəri paylaş





Xəbər lenti